Məhkəmə qərarları › İş №2-1(103)-114/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-114/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-114/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, 02.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-21 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, da həmin kateqoriya işçilərə aiddir. 9 ay 10 gün Bakı Şin zavodunda şinyığma sexində (zərərli işlər siyahısında var) 11 il 9 ay 15 gün isə NDÇ-i Balaxanı neftdə mədəndə zərərli işdə çalışmışdır. Dəfələrlə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsədə onun hüququnu tanımaq istəməmişlər. Odur ki, hüquqlarının bərpa edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsini xahiş etmiş və iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsi məqsədəmüvafiq hesab olunaraq icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli, 2-1(81)-3574/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: Ş.Süleymanova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının idarəyə təqdim etdiyi sənədlərdən 01.01.2006-cı il tarixinədək 12 il 6 ay güzəştli iş stajına malik olduğu müəyyən edilməyib. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, 23.01.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, 02.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, 23.01.2020-ci il tarixli qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1141/2020 saylı, 01.07.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, 23.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1606/2020 saylı, 06.10.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, 02.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-171/2021 saylı, 23.02.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1606/2020 saylı, 06.10.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili X1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ********№-li şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 01.08.1979-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazıra kimi əmək fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş 21.06.2019cu il tarixli 155 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 24.10.1979-cu il tarixdən 12.11.1981-ci il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan SOCAR-ın Baş Ofisinin 25 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 15.11.1983-cü ildə (əmr № 563/k, 14.11.1983-cü il) “Leninneft” NQÇİ-nin QƏYTS-nin 9-cu sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, 01.09.1988-ci ildə quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, 18.12.1989-cu ildə (əmr № 815/k, 15.12.1989-cu il) 1 №-li NQÇS-nin (neft mədəni) 2-ci sahəsinə 5-ci dərəcəli neft və qazçıxarma operatoru peşəsinə keçirilmiş, 30.03.1992-ci ildə (əmr № 231, 06.05.1992-ci il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 saylı qərarı və “Azneft” İB-nin 17.04.1992-ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ “Balaxanıneft” NQÇİ adlandırılmışdır. 01.09.1995-ci ildə (əmr № 318/k, 29.08.1995-ci il) “Balaxanmeft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına keçirilmiş, 01.09.1995-ci ildə (əmr № 41, 01.09.1995-ci il) “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının 4 №-li MİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, 20.05.1996-cı ildə (əmr № 376/k, 04.06.1996-cı il) TİS-ə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmiş, 31.03.2006-cı ildə (əmr № 110/k, 31.03.2006-cı il) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, işçinin təşəbbüsü ilə başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. 03.04.2006-cı ildə (əmr № 18/k, 03.04.2006-cı il) Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin (MKXİ) 1 saylı MKT-nin TİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, 01.08.2006-cı ildə (əmr № 108/k, 01.08.2006-cı il) 4 saylı TİS-in Elektrik təsərrüfatı briqadasına nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmiş, 15.11.2006-cı ildə (əmr № 209/k, 15.11.2006-cı il) payız-qış mövsümünün başlaması ilə əlaqədar müvəqqəti olaraq 4 saylı TİS-ə 4-cü dərəcəli qazanxana operatoru peşəsinə keçirilmiş, 16.01.2007-ci ildə (əmr № 07/k, 16.01.2007-ci il) nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. ARDNŞ-nin 01.02.2007-ci il tarixli, 25 saylı əmrinə əsasən MKXİ Mənzil Kommunal Xidmətləri Departamenti (MKXD) adlandırılmışdır. 01.06.2007-ci ildə (əmr № 114/k, 01.06.2007-ci il) 9 saylı MİS-nə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, 24.11.2008-ci ildə (əmr № 294, 28.11.2008-ci il) 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, 28.06.2012-ci ildə (əmr № 278/k, 28.06.2012-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. İddiaçının neft və qaz hasilatı üzrə operator və yeraltı quyuların təmiri üzrə operator kimi 11 il 9 ay 16 gün işlədiyi müəyyən olunur. İş materiallarında olan "xxxx" ASC-nin 01/48 saylı 21.06.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Bakı Şinzavodunda 13.12.1982-ci il (əmr № 142-k,13.12.1982) tarixindən 01.10.1983-cü il (əmr № 114k,03.10.1983) tarixinədək Yığma sexində 4 dərəcəli avtoşin yığıcısı işləmiş, bu döbrün 1 həftəsi sınaq müddəti olmuşdur. Sınaq müddəti çıxıldıqda iddiaçının 9 ay 11 gün bu vəzifədə işlədiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 30.08.2018-ci il tarixdə tamam olmuşdur və o, 24.10.1979-cu il tarixdən 12.11.1981-ci il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş (2 il 18 gün), 01.08.1979-cu il tarixdən 10.10.1979-cu il tarixədək Bakı Ayaqqabı Fabrikində (2 ay 9 gün), 13.12.1982-ci il tarixindən 01.10.1983-cü il tarixinədək Bakı Şin Zavodunun Yığma sexində (9 ay 18 gün), 15.11.1983-cü il tarixdən “Leninneft” NQÇİ-nin QƏYTS-nin 9-cu sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, 30.03.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 saylı qərarı və “Azneft” İB-nin 17.04.1992-ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ “Balaxanıneft” NQÇİ adlandırılmış, 01.09.1995-ci ildə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına keçirilmiş, 01.09.1995-ci ildə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının 4 №-li MİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, 31.03.2006-cı ildə öz təşəbbüsü ilə başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur (22 il 1 ay 16 gün). 03.04.2006-cı ildə AR Dövlət Neft Şirkəti 1 saylı MKT-nin TİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, 15.11.2006-cı ildə payız-qış mövsümünün başlaması ilə əlaqədar müvəqqəti olaraq 4 saylı TİS-ə 4-cü dərəcəli qazanxana operatoru peşəsinə keçirilmiş, 16.01.2007-ci ildə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmiş, ARDNŞ-nin 01.02.2007-ci il tarixli, 25 saylı əmrinə əsasən MKXİ Mənzil Kommunal Xidmətləri Departamenti (MKXD) adlandırılmış, 28.06.2012-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuş, 29.06.2012-ci il tarixdən ARDNŞ-nin “Azəriqaz” İB-də çilingər vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda da işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 il 2 ay 1 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən İddiaçı 13.12.1982-ci il tarixdən 01.10.1983-cü il tarixədək Bakı Şinzavodunda Yığma sexində 4 dərəcəli avtoşin yığıcısı işləmişdir (9 ay 18 gün). Yığma sexi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahı üzrə “X” bölməsində “Kimya istehsalatı” 2110AO10 pozisiyasına, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 8-ci bölməsinin “ Kimya İstehsalatı”nın 8.3.1 punktunun “a” bəndinə aiddir. İddiaçının 15.11.1983-cü il tarixdən 01.09.1995-ci il tarixədək işlədiyi “Leninneft” NQÇİ-nin QƏYTS-nin 9-cu sahəsinə quyuların yeraltı təmiri üzrə operator peşəsi isə (11 il 9 ay 16 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahı üzrə Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı üzrə quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar kod 2130200a-15870 pozisiyasına, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci bəndinə (10.2. Neft, qaz və qaz kondensatının hasilatı, fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları; dənizdə üzən buruq aqreqatlarının qazmaçıları; işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri; buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri; neft laylarına buxarvuran generator qurğularının maşinistləri; səyyar kompressorların maşinistləri; qaldırıcıların maşinistləri; quyuların sementlənməsi üzrə maşinistlər; yuyucu aqreqatların maşinistləri; texnoloji nasosların maşinistləri; sementləşdirici aqreqatların motorçuları; susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları; layların hidravlik parçalanması üzrə operatorlar; neft və qaz hasilatı üzrə operatorlar; quyuların tədqiqatı üzrə operatorlar; quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; laylarda təzyiqin saxlanması üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorlar; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarının maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar; mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər; dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər; neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər; tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər; neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər; daxiliyanma mühərriklərinin maşinistləri; qüllə quraşdırıcıları; qüllə quraşdırıcı-qaynaqçıları; qüllə quraşdırıcı-elektrik montyorları.) uyğun gəlir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 12 il 7 ay 4 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, hazırki iş üzrə iddiaçı iş yerindən arayış təqdim etsə də, həmin arayışla onun güzəştli iş stajının olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, arayışda ümumiyyətlə iddiaçının işlədiyi peşə və sahənin Siyahılarla əksini tapmış hansı peşə və sahəyə uyğun olması göstərilməmişdir. "xxxx" ASC-nin arayışında da həmin müəssisədə istehsalatın «Kimya istehsalatı»na aid olunması göstərilməmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq İddiaçı 13.12.1982-ci il tarixdən 01.10.1983-cü il tarixədək Bakı Şin zavodunda işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməklə öz fəaliyyətində hansı işləri yerinə yetirdiyini, onların zərərli peşəyə aid olub-olmaması, həmçinin iddiaçını işlədiyi müəssisədəki istehsalatın «Kimya istehsalatı»na aid olub-olunması barədə məhkəməyə ətraflı arayış verilməsi üçün "xxxx" ASC-nə sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş 09.09.2021-ci il tarixli 107 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda 13.12.1982-ci il tarixdən 01.10.1983-cü il tarixədək Yığma sexində 4-cü dərəcəli avtoşin yığıcısi işləmişdir. Yığma sexi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə zərərli sexlər sayıldığından 2 saylı siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı” 2110AO10 pozisiyasına aiddir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, 02.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar