Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-114/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentini X4 və istismarı Binəqədi rayonu, Görədil ərazisindəki 34828 saylı müqavilə ilə 857 ”f’ nömrəli 0,12 ha bağ torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi, ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentini X4 və istismarı Binəqədi rayonu, Görədil ərazisindəki 857 “f’ nömrəli 12 sol bağ torpaq sahəsi 04 May 2005-ci il tarixli 34828 saylı müqavilə əsasında X7 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentini X4 və istismarı Binəqədi rayonu,Görədil ərazisindəki 857”f” nömrəli 12 sot bağ torpaq sahəsi 04 may 2005-ci il tarixli 34828 saylı müqavilə əsasında X7 istifadəsinə verilmiş, bağ torpaq sahəsinə mütəmadi olaraq təsərrüfat və abadlıq işləri aparmış, əmlaka sahiblik hüququ əsasında daima torpaq sahəsi bu günə kimi istifadəsindədir. Bu illər ərzində istifadəsində olan bağ torpaq sahəsi tərəfindən 12 mişardaşı hündürlüyündə daş hasara alınmış, darvaza qoyulmuşdur. Bağ torpaq sahəsinin fasiləsiz olaraq istifadəsində olmasını qonşuları tərəfindən təsdiq oluna bilər. Bağ qonşuları tərəfindən həmin torpağa sahiblik hüququ qanuni olaraq tanınmış və heç bir fiziki və yaxud hüquqi şəxs tərəfindən yəni dövlət və bələdiyyə orqanları tərəfindən bağ torpaq sahəsinə hər hansı bir mübahisə yaranmamışdır. Bir müddət sonra torpaq bağ sahəni özəlləşdirmək üçün Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi idarəsinə xx.xx.2019-cu il tarixli ilə müraciət etmiş və Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən 857 “f’ saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X4 və istismarı Birliyi ilə X13 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 34828 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Bundan sonra iddiaçının müraciətinə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilir ki, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Qeyd olunan imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2ci maddəsinə istina dedilmişdir. Necə ola bilər ki, 857 “f’ saylı 34828 nömrəli müqavilə ilə 04 may 2005-ci il tarixdən müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən sxematik xəritəyə uyğun olaraq istifadəyə verildiyi gündən aidiyyatı orqanların nəzarəti ilə fasiləsiz olaraq lazimi sanitar və ekoloji cəhətdən təsərrüfat və abadlıq işləri, habelə 12 mişardaşı hündürlüyündə daş hasara alınmış darvaza ilə bağlanmış indiyədək heç bir dövlət və bələdiyyə orqanları, o cümlədən qonşularla mübahisə predmeti doğurmayan torpaq sahəsi sxematik xəritəsinə uyğun gəlməsin və ya aşkarlanmasın. Hesab edilmişdir ki, 2005-ci ildən istifadəsində olan bağ torpaq sahəsinə dair dövlət qeydiyyatı üçün heç bir əsas ola bilməz. Göründüyü kimi cavabdehin hərəkətsizliyi, qeyri-obyektiv və əsassız imtinası iddiaçının təqsiri və ya torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, sözügedən bağ torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün maneə və səbəb ola bilməz. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, koordinatlarla göstərilən ərazidə bağların bölgüsünə dair sxematik xəritədə 857f saylı bağ nömrəsi aşkar edilməyib. Bununla bağlı İdarə tərəfindən iddiaçı X9 **********26 qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli məktub ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, bağların bölgüsünə dair sxematik xəritədə 857f saylı bağ nömrəsi aşkar edilməyib. Faktiki göstərilən bağ sahəsi ümumi (6943 kv.m) hasar daxilindədir və iddiaçı sahəni şərti olaraq göstərmişdir. Həmçinin iddiaçı əvvəlki müraciəti zamanı 857 t kimi başqa ərazini göstərmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən bağ sahəsi barədə ətraflı araşdırılma aparılmadan iddia tələbi təmin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentini X4 və istismarı Birliyinin Goradil ərazisindəki 857 “f’ nömrəli bağın istifadəyə verilməsi haqqında 34828 saylı, xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən Binəqədi rayonunun Goradil ərazisindəki 857 “f’ nömrəli, 0,12 hektar bağ bağ sahəsi X7 istifadəsinə verilmişdir. X13 qeyd olunan hüquqmüəyyənedici sənədə istinad etməklə Binəqədi rayonu, Goradil ərazisindəki 857 ”f’ nömrəli, 0,12 ha bağ torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasları aşağıdakılardan ibarətdir:
1. Bağların bölgüsünə dair sxematik xəritədə 857f saylı bağ nömrəsi aşkar edilməyib.
2. Faktiki göstərilən bağ sahəsi ümumi (6943 kv.m) hasar daxilindədir və iddiaçı sahəni şərti olaraq göstərmişdir.
3. İddiaçı əvvəlki müraciəti zamanı 857 t kimi başqa ərazini göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, AR Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və istismarı Birliyinin 34828 saylı, xx.xx.2005-ci il tarixli Goradil ərazisində 857 “f’ nömrəli bağın istifadəyə verilməsinə dair müqaviləyə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, bundan başqa, sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından qeyd olunan müqavilə mötəbər sənəd kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində müqavilənin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. “Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi” dəlilinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi, ara sərhədinin olmaması onun üzərində hüququn qeydiyyata alınmasını istisna edən edən hal deyil və bu qeydiyyata maneə yaratmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ərazi üzrə bağlara dair sxematik xəritədə 857 və 1600 nömrə ilə başlayan bağ sahələri və “pioner düşərgəsi” mövcuddur. Təqdim edilən sxematik xəritədə 857 nömrə ilə başlayan bağlar nəzərdə tutulmuş, lakin həmin xəritədə kiril əlifba sırası ilə aparılmış nömrələr tam oxunaqlı vəziyyətdə olmadığı üçün cavabdehin həmin sxematik xəritədə “857f” saylı bağ sahəsinin mövcud olmamasına dair dəlili əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən iddia olunan əraziyə bitişik 2028 nömrəli bağ sahəsi **********52 nömrə ilə qeydə alınıb. Belə olan təqdirdə ərazidə ancaq 1600 nömrə ilə başlayan bağ sahələrinin mövcudluğu barədə cavabdeh inzibati orqanın dəlili təkzib olunur. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli bağ sahəsinə texniki baxışın keçirilməsi ilə bağlı məktubunda qeyd edilmişdir ki, ümumi 0,6943 ha ərazi daxilində şərti göstərilənn 0,12 ha olan sahə sxematik xəritəyə əsasən 1600 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Qeyd olunan “857f” nömrəli bağ sahəsi sxematik xəritədə aşkar olunmadı. Əlavə olaraq qeyd edilmişdir ki, 857 nömrəsinə yaxın qonşu bağ sahələri göstərilən sahədən təqribən 250 m qərb istiqamətində yerləşir. Daşınmaz əmlakın texniki vəziyyətləri əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən 857f kimi göstərilən bağ sahəsi ümumi hasar daxilindədir. Ümumi sahə 6943,0 kv.m təşkil edir. Vətəndaşın nümayəndəsi ümumi sahəyə 5 bağ sənədinin olduğunun bildirir. Ümumi sahənin bir tərəfi şərti qalan tərəfləri isə hasardır. Ümumi sahədə bir ədəd yarımçıq tikili var. Ümumi sahədə şərti olaraq 857 f kimi 1200,0 kv.m göstərilən sahənin bir tərəfi qonşu hasar digər tərəfləri isə şərtidir. Sahə daxilində faktiki uçulmuş vəziyyətdə olan hasar var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. İddiaçı tərəf birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi izahatında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin tərkibinə bir neçə bağ sahəsi daxildir ki, bunlar da iddiaçının qohumlarının istifadəsinə verilmiş 857 nömrə ilə başlayan bağ sahələridir, həmin sahələrdən “857ç” nömrəli bağ sahəsinə münasibətdə artıq məhkəmə aktı qəbul edilmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq, iddiaçının iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisindəki 857 “f” nömrəli bağ sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək bir hasarın daxilində neçə ədəd bağ sahəsinin olması ilə bağlı müayinə aktının və bir hasar daxilində yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 03 dekabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki: -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktında Göradil bağ massivi, 857ç, 857i, 857ı, 857f, 826d və 826i saylı bağ sahələri qeyd olunmuşdur. -Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, 857ç saylı bağ sahəsi keçmiş X4 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 34833 saylı icarə müqaviləsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-248/2023 saylı qərarı əsasında X10 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş 4Ə773 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. -Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 857i saylı bağ sahəsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 35066 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. -Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 857ı saylı bağ sahəsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X12 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 35254 saylı müqavilə arxiv qovluğunda mövcuddur. -Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 857f saylı bağ sahəsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 34828 saylı müqavilə arxiv qovluğunda mövcuddur. -Göradil bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 826d saylı bağ sahəsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X17 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 35040 saylı müqavilə arxiv qovluğunda mövcuddur. -Göradil bağ massvində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 826i saylı bağ sahəsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X1 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli 37758 saylı müqavilə arxiv qovluğunda mövcuddur. Sorğuya cavab məktubunda qeyd olunan xx.xx.2005-ci il tarixli 35066 nömrəli, xx.xx.2005-ci il tarixli 35254 saylı, xx.xx.2007-ci il tarixli 35040 saylı və xx.xx.2006-cı il tarixli 37758 saylı müqavilələrin surəti sorğuya cavab məktubuna əlavə edilmişdir. Həmçinin 22 noyabr 2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsi ümumi sərhəd daxilində olan ərazidən göstərilir. Ümumi sahənin bir tərəfi şərti digər tərəfləri isə hasardır, ümumi sahə 6943.0 kv.m təşkil edir. Ümumi sahəyə Vətəndaşın nümayəndəsi tərəfindən 6 bağ sənədi ( 857ç, 857i, 857ı, 857f, 826d, 826ı) təqdim edilir. Ümumi sahədə 857f saylı bağ kimi 1200.0 kv.m sahə şərti olaraq göstərildi. Ümumi sahədə şərti olaraq 857f kimi 1200.0 kv.m göstərilən sahənin bir tərəfi qonşu hasar digər tərəfləri isə şərtidir. Sahə daxilində faktiki uçulmuş vəziyyətdə olan hasar var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ümumi hasar daxilində yerləşən 857ç saylı bağ sahəsinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-248/2023 saylı qərarı əsasında eyni hüquqmüəyyənedici sənədlərə istinadən X10 üzərində mülkiyyət hüququ qeydə alınaraq bununla bağlı ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2-1(112)-248/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin səsləndirdiyi apellyasiya şikayətinin dəlillərindən biri də göstərilən bağın bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1600 sayı ilə başlayan bağların ərazisinə uyğun gəlməsi ilə bağlıdır ki, buna münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 430/2020 saylı 04 fevral 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur ki, -“Xəritədə torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi barədə məhkəmə konkret sübuta deyil, ehtimala əsaslanmışdır. Bu hala əsaslanmaq üçün məhkəmə hər şeydən əvvəl torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair konkret sübuta istinad etməli idi. İşdə isə belə sübutlar yoxdur. Yəni, məhkəmə torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair mötəbər sübuta malik olmadığı halda, bu qaydanın pozulduğu nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi həmin sahəyə çıxarış verilməsindən imtina üçün əsas ola bilməz”. Göründüyü kimi, sıra ardıcıllığının pozulması halı baş vermiş olsa belə, bu hal iddiaçının məsuliyyət sferasına düşmür, həmçinin, mütləq qaydada bağların sıra nömrələrinin ardıcıllığına dair konkret tələblər mövcud deyildir. Beləliklə, nə qədər ki, bağ sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması halı mövcud deyil (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən müqavilə ləğv olunmamışdır və hazırda qüvvədədir, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifələrinə aiddir, cavabdeh inzibati orqanın qeyd edilən əsasla torpaq sahəsinə çıxarışın verilməsindən imtinası qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova