Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1140/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, üçüncü şəxs “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X2 vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı reyestrdən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qərardadından üçüncü şəxs A.Orucov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzilin üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. “xxxx” MTK 27.08.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(81)- 3759/2018 nömrəli inzibati işin təzələnməsini, onun üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 11.09.2020-ci il tarixli qərardadı ilə “xxxx” MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, “xxxx” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 11.09.2020-ci il tarixli qərardadla razılaşmayan üçüncü şəxs A.Orucov ondan apellyasiya şikayəti verərək, ləğv edilib, “xxxx” MMC-nin ərizəsinin rədd edilməsi, icraata xitam verilməsi və iş üzrə cinayət faktının tərkibi olmasını nəzərə alaraq xüsusi qərardad çıxarılmaqla cinayət işinin başlanması üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ərizəçinin istinad etdiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ləğv etmək üçün əsas götürdüyü 05.03.2006-cı il tarixli “xxxx” MTK və “xxxx” MMC ilə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin hazırkı məhkəmədə təmsil olunan “xxxx” MMC-yə heç bir aidiyyəti, “xxxx” MTK isə ümumiyyətlə hüquqi şəxslərin dövlət reyestrində yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, üçüncü şəxsdən mübahisəli əmlak əldə edən A.Orucovun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır və məhkəmə, hətta “xxxx” MTK mövcud olsaydı belə, A.Orucovun mübahisəli mənzili ilə bağlı onun qeydə alınmış mülkiyyət hüququna hər hansı bir əsaslarla xitam verə bilməz. Bununla belə, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Göründüyü kimi, məhkəmə bu tələbi yerinə yetirməyək qanuni qüvvədə olan və icra edilmiş qərarın ləğv edilməsi barədə əsassız qərar qəbul edib. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs A.Orucovun vəkili apellyasiya şikayətini müdafiə etmiş, üçüncü şəxs “xxxx” MMC-nin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 23.12.2020-ci il tarixli **********891100 nömrəli çıxarışdan görünür ki, “xxxx” MMC, “xxxx” MTK-nın hüquqi varisidir (29.04.2004, № 0104-P61-40384, VÖEN **********). Bundan sonra, İPM-in 28-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə, 28.2). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir (28.3). İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5). Məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə əsasən iki məqsəd daşıyır. Bir tərəfdən cəlbetmə vasitəsilə həm cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri qorunmalı, digər tərəfdən isə növbəti hüquqi mübahisənin yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi cəlb edilmiş şəxsə də şamil olunmalıdır. Cəlb edilən şəxs məhkəmə prosesində tərəfə çevrilmir. Cəlbetmə vasitəsilə o, özünün və ya başqalarının maraqlarını təmsil etmək imkanı qazanır. Cəlb edilmiş şəxsin tərəflərdən hər hansı birini dəstəkləməsi zəruri deyil. İPM-in 28.1-ci maddəsi ilə tənzimlənən adi cəlbetmə məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi maraqlardır. İqtisadi və ya başqa faktiki maraqların mövcudluğu kifayət deyil. Bu baxımdan hüquqi maraq o zaman mövcud olur ki, cəlb edilən şəxsin tərəflərdən biri və hər ikisi ilə, yaxud mübahisə predmeti ilə əlaqəsi olsun və hüquqi mübahisə haqqında yekun qərar onun hüquqi vəziyyətini yaxşılaşdırsın, yaxud onun üçün gözlənilən zərərlərin qarşısını ala bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə hər hansı bir tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Həmin Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan zəruri cəlbetmədən isə o vaxt bəhs olunur ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə müdaxilə etsin (həmin qərar bu hüquqları dəyişdirsin, ləğv etsin və ya təsdiq etsin). Əksər hallarda burada söhbət üçüncü şəxsin xeyrinə çıxarılmış əlverişli inzibati aktın digər bir şəxs (iddiaçı) tərəfindən mübahisələndirilməsindən gedir ki, məhz bu kontekstdə zəruri cəlbetmənin həyata keçirilməməsi prosessual pozuntu kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında göstərmişdir ki, “İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … … inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Mülki Məcəllənin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarından sonra formalaşmış məhkəmə təcrübəsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını da əhatə etdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu baxımdan prosessual pozuntuya yol verilməsə də, həmin məhkəmənin mübahisəli qərardadı qanunvericiliyin “İşin hallarının araşdırılması prinsipi”nə və “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası”na zidd olmuşdur. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən 23.11.2018-ci il tarixli RX ******* nömrəli və 07.12.2018-ci il tarixli RX ******* nömrəli çıxarışlardan, həmçinin 01.12.2018-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üçüncü şəxs A.Orucov tərəfindən, özgəninkiləşdirən İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının həqiqiliyinə və tamamlığına etimad göstərilərək, qanunla təsbit edilmiş qaydalara tam əməl olunmaqla, əldə edilmişdir. Reyestrin məzmununun dəqiqliyi işin mübahisəsiz halıdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 23.11.2018-ci il tarixli ********** nömrəli qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 19.09.2018-ci il tarixli qərarı əsasında aparılmış, bu qeydə dair hər hansı etiraz reyestrə daxil edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi mübahisəli qərardadı qəbul etməzdən əvvəl mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrini aparan orqana mübahisəli mənzilin mülkiyyətçiləri barədə sorğu etməli olduğu halda, bu sorğu ilə qərardadı artıq çıxardıqdan sonra, yəni 13.10.2020-ci il tarixdə çıxış etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərardadı Konstitusiya Məhkəməsinin 12.04.2017-ci il tarixli Qərarına da zidd olmuşdur. Belə ki, inzibati məhkəmə icraatına cəlb olunmadığı irəli sürülən “xxxx” MTK-nın (hazırda “xxxx” MMC) güman olunan hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt məhkəmə tərəfindən müəyyən edilməmişdir. “xxxx” MMC, “xxxx” MTK və mübahisəli binada mənzil mülkiyyətçiləri arasında əmlak mübahisələrinin artıq uzun illərdir davam etməsinin həm də məhkəmə təcrübəsi ilə sabit olması, araşdırılması Konstitusiya Məhkəməsinin Qərarı ilə tələb olunan “vaxt” şərtinin “xxxx” MMC-nin lehinə olmadığına dəlalət edir. Bütün qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərardad ləğv edilməli, “xxxx” MMC-nin ərizəsi təmin edilməməli (İPM-in 87.6-cı maddəsi), şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxs “xxxx” MMC-nin ərizəsi təmin edilməsin. Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1140/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1140/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver