Məhkəmə qərarları › İş №2-1(103)-1140/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1140/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1140/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ildə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə xx.xx.2004-cü il tarixli “müharibə veteranı” statusu almış, xx.xx.1997-ci il tarixində ona xidmət illərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə sağlamlığında olan ümumi xəstəliklə əlaqədar birinci qrup əlillik dərəcəsi verilmişdir və ona yenidən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 10 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinə kimi o, hər ay 493 (dörd yüz doxsan üç) manat pensiya almışdır. 01 yanvar 2021-ci il tarixdən isə təqaüd alanlar üçün 11,04% faiz artım olmuşdur. Beləliklə, ona artımla əlaqədar 549 manat əmək pensiyası verilməli idi. Lakin yanvar 2021-ci il tarixdə ona 382 manat; fevral 2021-ci il tarixdə 470 manat; mart 2021-ci il tarixdə 426 manat; aprel 2021-ci il tarixdə 426 manat təqaüd ödənilmişdir. O, xx.xx.2021-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə müraciət edərək, 14 noyabr 2016-cı il tarixdən bu günə kimi hansı məbləğdə müharibə veteranı müavinətinin verilməsi, xidmət illərinə əsasən yaşa görə əmək pensiyasının və birinci qrup əlillik dərəcəsinə görə pensiya məbləginin hesablanıb verilməsi barədə məlumatların verilməsini və 14 noyabr 2016-cı il tarixdən bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş, hesablanmış və ödənilməmiş müavinət və pensiyalarının hesablanıb ödənilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən ona 08 iyun 2021-ci il tarixdə göndərilən və xx.xx.2021-ci il tarixdə çatan imtina məktubunda ödənilən pensiyanın düzgün hesablandığı bildirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1997-Cİ il tarixindən orta aylıq əmək haqqına əsasən 39 il stajına və Qarabağ müharibəsi iştirakçısı olduğu nəzərə alınmaqla pensiya təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən daxil olmuş 13.10 2016-cı il tarixli müayinə aktına əsasən vətəndaş İddiaçı İ qrup əlil olduğuna görə həmin dövrdə qüvvədə olan “Əmək pensiyalar haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən 70 faiz əmək pensiyasının baza hissəsinə əlavələr olunaraq xx.xx.2016-cı il tarixli müayinə aktına əsasən həmin Qanunun 19.2.2-cı maddəsinə əsasən 10 faiz və 19.2.5-ci maddəsinə əsasən 100 faiz əmək pensiyasının baza hissəsinə əlavələr olunaraq xx.xx.2016-cı il tarixdən 392,42 (BH110+BH əlavə 11 + 110+SH-161,42) məbləğində hesablanmışdır. Sonrakı artımlar da nəzərə alınmaqla xx.xx.2018-ci il tarixindən vətəndaşın pensiyasının məbləği 449,74 manat, xx.xx.2019-cu il tarixindən 462,90 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək vətəndaşın pensiyasının tərkibində olan 110 manat məbləğ əmək pensiyasının tərkibində səhvən indeksləşdirilmişdir və nəticədə onun əmək pensiyasına 461,18 manat artıq ödəmə aşkar edilmişdir. Eyni zamanda sorğu əsasında vətəndaşın əmək pensiyası yenidən hesablanmışdır. Məlum olmuşdur ki, vətəndaşın əmək pensiyasına sözügedən Qanunun xx.xx.2021-ci tarixinədək qüvvədə olan 19.1.4-cü maddəsinə əsasən İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əlavə ödənilmişdir. xx.xx.2021-ci il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmalı olduğu halda dayandırılmamışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İddiaçı əmək pensiyasına 157,19 manat artıq ödəmə məbləği aşkar edilmişdir. Vətəndaşın əmək pensiyasının məbləği aşağıdakı qaydada müəyyən edilmişdir. Əvvəlki tarix xx.xx.2021 - Təyinatdan əvvəl 426,42 manat; Son tarix xx.xx.2021 - Təyinatdan sonra 412,13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq sizə xx.xx.1997-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006- cı il tarixli 377 saylı Fərmanı ilə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya ödənişi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2020- ci il tarixində edilmiş dəyişikliklərə əsasən həmin Qanunun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının məbləği xx.xx.2021-ci il tarixindən yenidən hesablanmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar İ dərəcə əlilliyə görə sizin əmək pensiyanızın sığorta hissəsinə 110 manat məbləğində əlavə ödənilmişdir. xx.xx.2021-ci il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmış və “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sizə 130 manat Prezident təqaüdü təyin edilmiş və sizin əmək pensiyanızın məbləği 382,79 manat təşkil etmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 426,42 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində əmək pensiyanızın indeksləşdirilməsi ilə əlaqədar ödənilməmiş (xx.xx.2021-ci il tarixindən xx.xx.2021-il tarixinədək) 43,64 manat xx.xx.2021-ci il tarixində cari ayın əmək pensiyasına əlavə edilərək ödənilmişdir. Bildirilmişdir ki, onun yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə Fondun Binəqədi rayon xidmət nümayəndəliyindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Fondun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmışdır. İddiaçının əmək pensiyasına “Əmək pensiyaları haqqında” AR Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olan 19.1.4-cü maddəsinə əsasən İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əlavə ödənilmişdir. xx.xx.2021-ci il tarixindən sözügedən maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmalı olduğu halda dayandırlmamış və nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçının əmək pensiyasına 157.19 manat əlavə ödəmə məbləği aşkar edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1940-cı ildə anadan olmuş, İ qrup əlildir. İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə xx.xx.2017-ci il tarixdə bildirilmişdir ki, hazırda yaşa görə hesablanmış əmək pensiyası 392,42 manat (110 manat baza hissəsi+161,42 manat xx.xx.2006-cı il tarixədək sığorta göstəricilərinə əsasən qazanılmış sığorta hissəsi + 11 manat İ qrup əlilə qulluq üçün bazaya əlavə + 110 manat müharibə əlili kimi bazaya əlavə) məbləğində hesablanmışdır.xx.xx.2018-ci il tarixdə bildirilmişdir ki, onun 39 il sığorta stajı, müharibə iştirakçısı və İ qrup əlil olmağı nəzərə alınmaqla hesablanmış əmək pensiyası hazırda qanunvericiliyə müvafiq olaraq 449,74 manat məbləğində hesablanmışdır. Təyinatdan əvvəl pensiyanın məbləği 426,42 manat, təyinatdan sonra 412,13 manat təşkil edilmişdir. Bank hesabından çıxarışdan görünür ki, iddiaçı 2017-ci ildə 426 manat, 2018-2019-cu illərdə (əvvəli) 449,74 manat, 2019-cu ilin fevral ayında 476,06 manat, 2019-cu ilin mart-aprel aylarında 438,29 manat, 2019-cu ilin may -sentyabr ayında 381,17 manat, 2019-cu ilin oktyabr- 2020-ci ilin yanvar ayında 392,17 manat, 2020-ci ilin fevral ayında 501,17 manat, 2020-ci ilin mart-dekabr aylarında 492,79 manat, 2021-ci ilin yanvar ayında 382,79 manat, fevral ayında 470,06 manat ödənilmişdir. İddiaçı pensiya məbləgində baş vermiş azalmalardan narazı qalaraq ona 2016-cı ildə təyin edilmiş əlilliyə görə pensiyasınin yenidən hesablanmasının inzibati organın üzərinə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, onun razılığı və iştirakı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilmədiyindən və iddiaçının qanunla qorunan hüquqlarını pozdugundan iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyini cavabdehə həvalə etməklə mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-ci maddəsinə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarından göründüyü kimi xx.xx.1997-ci il tarixində ona xidmət illərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə sağlamlığında olan ümumi xəstəliklə əlaqədar birinci qrup əlillik dərəcəsi verilmişdir və ona yenidən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 10 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinə kimi o, hər ay 493 (dörd yüz doxsan üç) manat pensiya almışdır. Sonradan ona ödənilən aylıq pensiya məbləğində azalmalar olduğundan, xx.xx.2021-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə müraciət edərək, 14 noyabr 2016-cı il tarixdən ona ödənilən müharibə veteranı müavinətinin, xidmət illərinə əsasən yaşa görə əmək pensiyasının və birinci qrup əlillik dərəcəsinə görə pensiya məbləginin hesablanıb verilməsi barədə məlumatların verilməsini və 14 noyabr 2016-cı il tarixdən bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş, hesablanmış və ödənilməmiş müavinət və pensiyalarının hesablanıb ödənilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı imtina məktubunda iddiaçıya ödənilən pensiyanın düzgün hesablandığı bildirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki. inzibati qanunvericiliyin tələbinə görə inzibati organın hərəkətləri və ya qəbul etdiyi aktlar fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin icraatda iştirakını təmin etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh, inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və pensiyanın hesablanması zamanı texniki xəta və ya yanlış riyazi hesablama baş verdikdə inzibati icraat qaydasında əmək pensiyaçısı ilə müzakirə edilməklə əmək pensiyaçısının razılığı olduqda əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, pensiyanın yenidən hesablanması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, iddiaçının müraciətinə verilmiş imtinaya və iddiaya qarşı yazılı etiraza uyğun tərtib edilmiş apellyasiya şikayətində göstərilən əsaslar mövcud qanunvericilik normalarına zidd olduğundan, şikayət qərarın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar