Məhkəmə qərarları › İş №2-1(103)-1140/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1140/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1140/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “pensiyanın təyin edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2021-ci il tarixdə qəbul etsə də, hal-hazıradək heç bir cavab verməmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi hazırkı iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Həmid Ağalarov) ilə iddia qismən təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə onun 52 yaşı tamam olduğu tarixdən pensiya təyin edilməsi hüququna malik olduğunu qeyd etsə də, onun tələblə inzibati orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvəlki, yəni xx.xx.2018ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar çıxarmışdır. Hesab edir ki, onun pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdə qüvvədə olmayan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarının ona aid edilməsi Konstitusiyanın 149-cu maddəsinin 7ci hissəsinə ziddir. Həmçinin o, xx.xx.2021-ci il tarixdən əvvəl də inzibati orqana müraciət etmişdir. Bu səbəbdən, qərarın iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının 1984-2006-cı illərdə işlədiyi SOCAR “Kompleks qazma işləri” tresti dəniz şəraitində yerləşmədiyindən iddiaçının güzəştli iş stajı yoxdur. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi iddia tələbi bağlı cavabdehə müraciət etmiş və ərizə qəbul edilmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 28 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəflərindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1. Şəxsiyyət vəsiqəsinin surəti; 2. Ümumi iş stajını təsdiq edən sənədlərin əslləri;

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; 4. Pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Birinci instasniya məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli məktubunda, İddiaçı 1984-cü ildən 2006-cı ilədək işlədiyi peşələrin dəniz şəraitində yerləşmədiyi göstərilmişdir; Socar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arxiv arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985- ci ilədək “Bayıl Limanı” X2 İdarəsində qazmaya xidmət üzrə 4-cü dərəcəli çilingər peşəsində, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək əl qaynaq aparan 4- cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək əl ilə qaynaq aparan 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək Qazma Avadanlığının Təmiri Kirayəsi Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2001-ci ildən xx.xx.2010-cu ilədək Qazma Avadanlığının Təmiri Kirayəsi Sexində 6-cı dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2010-cu ildən xx.xx.2010- cu ilədək Boru, alət, qazma turbinlərinin təmir kirayəsi sexində 5-ci dərəcəli takelajçı peşəsində, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək Qazma Avadanlığının Təmiri Kirayəsi Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək “Sahil” Qazma İşləri İdarəsində Qazma Avadanlığının Xidmət Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək “Qazmaservis və Logistika” İdarəsində Qazma Avadanlığının Xidmət Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləmiş, xx.xx.2014cü ildən hal-hazıra kimi “Kompleks qazma işləri” trestində “Logistika” bölümündə Qazma Avadanlıqlarının və X1 Xidməti Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləyir. Ümumi iş stajı: 29 il, 04 ay, 14 gün, güzəştli iş stajı: 29 il, 09 gün. AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilmiş 1100000a-18559 kodu ilə bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi, 23200000- 19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi 22 il, 03 ay, 11 gün, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingər peşəsi 06 il, 08 ay, 28 gün güzəştli iş stajı təşkil edir; Socar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına (1100000a- 18497 kodu ilə buruqlara xidmət üzrə çilingər) əsasən işlədiyi dövrdə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 4-cü dərəcəli xidmət üzrə çilingər peşəsi 01 il, 01 ay, 12 gün, 1100000a-18559 kodu ilə bilavasitə buruq avadanlıqlarının təmiri ilə məşğul olan 5-ci dərəcəli təmirçi çilingər peşəsi üzrə xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 13 il, 11 ay, 20 gün güzəştli iş stajı təşkil edir. Vətəndaş İddiaçı 1984- cü ildən 2006-cı ilədək işlədiyi peşələr dəniz şəraitində olmuşdur. Güzəştli iş stajı: 15 il, 01 ay, 02 gün. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası iddaçı apellyasiya şikayətində bildirir ki, onun pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdə qüvvədə olmayan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarının ona aid edilməsi Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə ziddir. Bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; 32.1-1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətlər iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ... Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. İddaçı həmçinin apellyasiya şikayətində həmin tələblə xx.xx.2021-ci il tarixdən əvvəl də dəfələrlə müraciət etdiyini bildirir. Halbuki iddia ərizəsində də həmin tələblə xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etdiyini bildirmişdir (i/v 1). Göründüyü kimi iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətinin iddiaçının 1984-2006-cı illərdə işlədiyi SOCAR “Kompleks qazma işləri” tresti dəniz şəraitində yerləşməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına (1100000a-18497 kodu ilə buruqlara xidmət üzrə çilingər) əsasən işlədiyi dövrdə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 4-cü dərəcəli xidmət üzrə çilingər peşəsi 01 il, 01 ay, 12 gün, 1100000a-18559 kodu ilə bilavasitə buruq avadanlıqlarının təmiri ilə məşğul olan 5-ci dərəcəli təmirçi çilingər peşəsi üzrə xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 13 il, 11 ay, 20 gün güzəştli iş stajı təşkil edir. Vətəndaş İddiaçı 1984-cü ildən 2006-cı ilədək işlədiyi peşələr dəniz şəraitində olmuşdur. Güzəştli iş stajı: 15 il, 01 ay, 02 gün. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr dəniz şəraitində olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə “1100000a-18497” kod ilə nəzərdə tutulan “buruqlara xidmət üzrə çilingərlər” peşəsi və “1100000a-18559” kod ilə nəzərdə tutulan “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi ilə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Beləliklə, işin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 52 yaşı tamamdır, xx.xx.2006-cı ilədək ümumilikdə 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilməsi və İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar