Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1140/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 65 yaşından yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10663/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 65 yaşından yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cü il təvəllüdlüdür. 1973- 1977-ci illərdə əyani ali təhsil almışdır, 1977-1978-ci illərdə isə məktəbdə müəllim işləmişdir. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980-1983-cü illərdə Tovuz rayonu Əlibəyli kənd orta məktəbində fiziki tərbiyə müəllimi, 1983-1984-cü illərdə Rusiya Federasiya Votkinski şəhərində Peşə məktəbində müəllim vəzifəsində işləmişdir. 1984- 1990-cı illərdə Zotkinski adına Maşınqayırma zavodunda işləmişdir. xx.xx.1990xx.xx.1999-cu illərdə Bakı Ağır Elektro X1 işləmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, kifayət qədər əmək stajı olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-ci il tarixli imtina məktubu ilə onun yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı qeyd edilmişdir. Məktubda səbəb olaraq qeyd edilmişdir ki, tələb olunan 25 il sığorta stajına malik deyil. Hərbi xidmət və əyani ali təhsil aldığı dövrlər daxil olmaqla, ümumilikdə, 17 il 9 ay 23 gün stajının olduğu bildirilmişdir. xx.xx.1990-xx.xx.1999cu il tarixləri arasında olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri kiril qrafikalı möhür ilə təsdiq olunduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Göründüyü kimi əmək pensiyası ilə bağlı hüquqları pozulur. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasında işlədiyi dövrlər siğorta stajına əlavə edilməmişdir. Həmin zavod 1998-ci ildən "xxxx" ASC adlandırılıb. "xxxx" ASC tərəfindən ona xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Arayışda qeyd edilir ki, iddiaçı həqiqətən də xx.xx.1990-cı ildə Azerelektroterm İB-nin Bakı Ağır Elektron qaynaq avadanlıqları zavoduna 50 nömrəli sexə 4-cü dərəcəli frezirovşik vəzifəsinə qəbul edilmiş və xx.xx.1999-cu ildə işdən azad edilmişdir. Əmək kitabçasının doldurulma qaydasının pozulması təqsiri ucbatından baş verməyib və əmək kitabçasını qoruyub saxlamış və cavabdeh orqana təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 08 aprel 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 9 ay 23 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri kiril qrafikalı möhür ilə təsdiq olunduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçıya Mərkəzi Filial tərəfindən bildirilmişdir ki, qeyd olunan dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10663/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10663/2024 qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 9 ay 23 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri kiril qrafikalı möhür ilə təsdiq olunduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçıya Mərkəzi Filial tərəfindən bildirilmişdir ki, qeyd olunan dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. İş üzrə müvafiq olaraq Dövlət Vergi Xidməti, “Bakelektroqaynaq" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1158 nömrəli sərəncamı ilə "Azərelektroterm" Elmi-İstehsalat Birliyinin Bakı X2 zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində 100% özəlləşdirilərək müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Açıq Səhmdar Cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması, hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması və İddiaçı (FİN: xxxxxxx) uçot baza məlumatlarına əsasən əmək müqaviləsi bildirişinin olmaması barədə məlumat müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli araşdırıcı arayışına əsasən İddiaçı, həqiqətən, xx.xx.1990-cı il tarixdə Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavoduna 50 №-li sexə 4 dərəcəli frezirovşik qəbul edilmişdir, xx.xx.1992-ci il tarixdə həmin sexdə 5 dərəcəli frezirovşik təyin edilmişdir və xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli № 1158 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Lakin qeyd olunan arayışa iddiaçının əməkhaqqı cədvəlləri və əmrlər əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının əmək kitabçasının doldurulma qaydaları pozulduğuna görə iddiaçının tələbindən imtina edilib. Daha dəqiq deyilsə, 1999-cu il 23 mart tarixində iddiaçının işdənçıxma əmri kiril qrafikalı möhürlə təsdiq edildiyinə görə iddiaçının tələbindən imtina edilib. Çünki 1993-cü ildən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub və latın qrafikalı əlifbaya keçid edilib. Bu səbəbdən də məhz həmin dövrlər mübahisələndirilmişdir. Bununla yanaşı iş üzrə müvafiq olaraq Dövlət Vergi Xidmətinə, “Bakelektroqaynaq" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. Dövlət Vergi Xidmətindən alınmış məlumata əsasən, həmin müəsissənin dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumat mövcuddur. Lakin iddiaçının uçot baza məlumatına əsasən, onun əmək müqaviləsinin bildirişinin olmaması halı aşkar olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən isə müəsissə ilə bağlı məlumatlar əldə edilmişdir. Həmin məlumata əsasən, emissiya prospektində səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Müəsissənin arayışına əsasən, iddiaçının işə daxil olma və işdən çıxma tarixləri göstərilmişdir. Lakin həmin arayışda sırf onun işləməsi faktı qeyd olunmuş, əmək haqqı alması və əmrlərlə bağlı isə hər hansı bir sübut mövcud deyil. Bu səbəbdən də mübahisələndirilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda, analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, həmin iş üzrə təqdim edilmiş əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmiş və apellyasiya məhkəməsi tərəfindən sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, əmək kitabçasını o, özü doldurmayıb. Həmin müəsissədə fəhlə olub. Əmək kitabçasını müəsissədəki işçilər doldurub. O, bununla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür - pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65 olmu, iddiaçının inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı isə 17 il 9 ay 23 gündür. - İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər Bakı Ağır Elektro X1 ("xxxx" ASC-də) işləmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli araşdırıcı arayışına əsasən, İddiaçı, həqiqətən, xx.xx.1990-cı il tarixində Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları (Бак.ЗТЭСО) zavoduna 50 №-li sexə 4 dərəcəli frezirovşik qəbul edilmişdir, xx.xx.1992-ci il tarixində həmin sexdə 5 dərəcəli frezirovşik təyin edilmişdir və xx.xx.1999-cu il tarixində işdən azad edilmişdir. Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodu (Бак.ЗТЭСО) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci iltarixli № 1158 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. - Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-97225/2024 saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” haqqında imtina məktubundan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumata əsasən, aktiv vergi ödəyicisi kimi İddiaçı qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə 1990-cı ildən 1999-cu ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə, iş yerindən arayışla təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu, iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (*hal-hazırda qüvvədən düşüb) 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə müvafiq olaraq, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə, arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Hamıya bəlli olan haldır ki, 1999-cu ildə kirill qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür. Həmçinin "xxxx" ASC-nin arayışından müəyyən edilir ki, İddiaçı, xx.xx.1990-cı il tarixində Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları (Бак.ЗТЭСО) zavoduna 50 №-li sexə 4 dərəcəli frezirovşik qəbul edilmişdir, xx.xx.1992-ci il tarixində həmin sexdə 5 dərəcəli frezirovşik təyin edilmişdir və xx.xx.1999- cu il tarixində işdən azad edilmişdir. Azərelektroterm İ.B-nin Bakı Ağır Elektro qaynaq Avadanlıqları zavodu (Бак.ЗТЭСО) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci iltarixli № 1158 saylı qərarına əsasən "xxxx" ASC adlandırılmışdır. Ona görə də, iddiaçının əmək kitabçasınında xx.xx.1999-cu il işdən çıxma əmrində istifadə olunmuş möhürdəki qeydlərin kiril əlifbası ilə yazılması iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1990-1999-cu illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10663/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10663/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1140/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1140/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver