Məhkəmə qərarları › İş №2-1(103)-1141/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1141/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1141/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), X5 və X6 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və üçüncü şəxs X2 qarşı mənzilə qeydiyyata alınmanın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-406/2020 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1970-ci il təvəllüdlü X1 onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37,39.80 kv.m olan 54 saylı mənzilə qeydiyyata alınmasının (düşməsinin) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-406/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim A.Abdullayeva). Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, X3 həmin mənzilə mülkiyyətçinin məlumatı və razılığı olmadan qeydiyyata alındığından qeydiyyata alınmada etibarsızlığın əsasları mövcuddur.xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdehnə Pretenziya məktubu ilə müraciət olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzilin mülkiyyətçisi İddiaçınm məlumatı və razılığı olmadan xx xxxxxxx 1970-ci il təvəllüdlü X1 həmin mənzilə hansı əsaslarla qeydiyyata alınması barədə məlumatın verilməsi və 10 gün müddətində onun həmin mənzilə olan qeydiyyatının etibarsız hesab edilməsi xahiş edilmişdir.Pretenziya məktubuna Nəsimi Rayon Polis İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli, 082-38503B-321 nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, X1 ünvan 1 ünvanına qeydiyyata düşməsinə əsasverici sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında siyahının təsdiq edilməsi barədə” DİN-in müvafiq qərarına əsasən 5 (beş) il arxivdə saxlandıqdan sonra yandırılaraq məhv edilmişdir. Eyni zamanda şəxsin qeydiyyatdan çıxarılması və yaxud mənzildən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəsini almış olan qətnaməsi əsasında həyata keçirilir.Eyni zamanda xx xxxxxxx 2019-cu il tarixli, 99 saylı vəkil sorğusu ilə Cavabdehnə müraciət olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylımənzilin mülkiyyətçisi İddiaçı məlumatı və razılığı olmadan xx xxxxxxx 1970-ci il təvəllüdlü X1 həmin mənzilə hansı əsaslarla qeydiyyata alınması barədə məlumatın verilməsi xahiş edilmişdir.Bununla yanaşı qeydiyyata alınma zamanı mülkiyyətçinin razılığının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixli, 100 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və NotäHat Baş İdarəsinə müraciət olunaraq, xx xxxxxxx 1970-ci il təvəllüdlü X1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzilə qeydiyyata alınması ilə bağlı hər hansı notariat orqanı tərəfindən mənzilin mülkiyyətçisinin razılıq ərizəsinin təsdiq edilib-edilməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir.Lakin, xx xxxxxxx 2019-cu il tarixli, 99 saylı və xx xxxxxxx 2019-cu il tarixli, 100 saylı vəkil sorğulara cavab olaraq bildirilmişdir ki, qeydiyyata alınmasına razılıq verilməsi haqqınada ərizələrinin təsdiqlənməsi aşkar edilməmişdir bu günədək cavab verilməmişdir. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, o, 1999-cu ilin mart ayından ünvan 1 saylı ünvanda yaşdığını, 2007-ci ildən həmin mənzilə qeydiyyata alındığını bildirmişdir və ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi məhkəməyə xx.xx.2020-ci il tarixli 082-22158 saylı məktub ünvanlayaraq, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, işdə iştirak edən tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, 3-cü şəxs X3 uzun illərdir ki, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır, iddiaçı həmin ev üzərində mülkiyyət hüquqlarını xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirmiş və buna dair ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda tərəflər arasında istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya dair mülki məhkəmə icraatında mübahisələr mövcuddur. İddiaçı 3-cü şəxsin mübahisəli mənzilə olan qeydiyyatının etibarsız hesab edilməsini xahiş edir ki, iddiaçının bu iddianı qaldırmaqda hüquqi marağı 3-cü şəxsi mübahisəli ünvandan qeydiyyatdan çıxarmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İşin hallarından göründüyü kimi, hazırda yuxarıda sadalanan qanunvericiliyin müddəalarında nəzərdə tutuluş hallardan hər hansı biri mövcud deyildir. Bununla yanaşı, hazırki iş üzrə mübahisəli mənzildən 3-cü şəxsin çıxarılması və istifadə hüququna xitam verilməsinə dair mülki məhkəmə icraatı qaydasında tərəflər arasında məhkəmə mübahisələri davam etməkdədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin məhkəmə işləri üzrə mübahisə bitdikdən sonra əgər 3-cü şəxsin mənzilə dair istifadə hüquqlarına xitam verilsə, iddiaçı istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamə əsasında cavabdehə müraciət etməli, tələbi təmin olunmadıqda inzibati məhkəməyə müraciət etməlidir. Hazırki halda isə mövcud iddiaya inzibati icraat qaydasında baxılması mümkün deyildir. Göstərilən xüsusata əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaya hazırki vəziyyətdə inzibati icraat çərçivəsində baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-406/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar