Məhkəmə qərarları › İş №2-1(103)-1141/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1141/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1141/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə ərizəsi üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “**********141299 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2498/2021 saylı xx xxxxxx 2021-ci il tarixli “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********141299 saylı xx xxxxxxx 2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə vəsatətlə məhkəməyə müraciət edərək, inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh orqanın **********141299 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasının dayandırılması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda vergi orqanı tərəfindən həmin qərarın icrası istiqamətində gördüyü tədbirlər hüquqi şəxsin fəaliyyətini iflic vəziyyətinə salır, belə ki, qərarın icrası ilə bağlı bank hesablarına qoyulmuş sərəncamlar və digər məcburiyyət tədbirləri məhkəmə mübahisəsi bitməmiş qanunsuz hesablanmış vergi məbləğlərinin tutulmasına xidmət edir. Həmin qərarın, yəni inzibati aktın icrasının dayandırılması zərurəti vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2498/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin qismən təmin edilərək, iddiaçıya vergi orqanının **********141299 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə hesablanmış vergi borcunun 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisələndirilən **********141299 saylı xx.xx.2020-ci il tarixli qərarın icrasının dayandırılması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərardadın “ərizəsinin təmin edildiyi” hissədə ləğv edilməsi və həmin hissədə ərizənin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizəsi əsasında qərardad qəbul etmişdir. Mübahisələndirilən qərardad iddianın gələcəkdə uğurlu olmayacağı təqdirdə dövlət büdcəsinə olan borcların alınması ilə bağlı mühüm çətinliklər yaradacaqdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, cavabdeh orqan tərəfindən müəssisəyə qanunsuz və əsassız olaraq yüksək məbləğdə vergi hesablanmışdır ki, bu da qəbuledilməzdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh orqan tərəfindən verildiyi üçün müvəqqəti xarakterli təmin tədbirinə dair ərizənin qismən təmin edilməsi barədə qərardadın qanuniliyi və əsaslılığı həmin ərizənin təmin edildiyi hissədə yoxlanılır. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqanın **********188907 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı QSC-də növbədənkənar səyyar vergi yoxlaması aparılılmış və xx.xx.2020-ci il tarixli **********189123 nömrəli akt tərtib edilmişdir. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********141299 saylı qərarı ilə xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və xx.xx.2020-ci il tarixli **********866900 nömrəli sənədə əsasən İddiaçı QSC-yə 1.971.549,88 manat məbləğində əlavə vergi hesablanmış və 846.838,11 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********137200 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan 1.971.549,88 manat məbləğində əlavə verginin və 846.838,11 manat məbləğində maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Hazırda İddiaçı QSC vergi orqanının **********141299 saylı xx.xx.2020-ci il tarixli qərarının qəbul edilməsi üçün qanuni əsasların mövcud olmadığını iddia edir və buna görə də həmin qərarın ləğv olunmasını tələb edir. İddia icraatında iddiaçı inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh orqanın **********141299 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına əsaslanaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Qeyd olunan normanın mənasına görə cavabdeh vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçının mübahisələndirdiyi məbləğin 105 faizi həcmində onun bank hesabında dondurulmasına dair sərəncamlar qoya bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.112ci maddəsinə əsasən mübahisələndirilən məbləğin hesabda dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin maddənin tələbinə görə, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxarığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, ziddiyyətli maraqlar qiymətləndirildikdə dondurma sərəncamının qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itkilər yaratmır, eyni zamanda həmin vəsaitin iddiaçı tərəfin də kənarlaşdırılmayacağına dair cavabdehə təminat verir. Bu baxımdan iddiaçının hesabına məxaric əməliyyatları üzrə dondurma sərəncamının qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir və həmin sərəncamın qoyulması qadağan edilə bilməz. İş materiallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş və bu işdə mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın icrası ilə bağlı artıq iddiaçının bank hesablarına “dondurulmalı sərəncamlar” qoyulmuşdur. Nəzərə alınmalıdır ki, “dondurulmalı sərəncamlar” istisna olmaqla, vergi orqanının mübahisəli qərarının icrasına yönələn digər hərəkətlər iddiaçının vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına maneə ola bilər ki, qərarın onun xeyrinə olacağı təqdirdə iddiaçının hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinin nəticələri üzrə qərar qəbul edilən zaman vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmaqla yanaşı maliyyə sanksiyası da tətbiq olunur. Vergi mübahisələrinə məhkəmə icraatı qaydasında baxılan zaman, yəni səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinin nəticələri üzrə qəbul edilən qərarın ləğvi ilə əlaqədar iddia qaldırıldıqda həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək vergi ödəyicisinin hüququdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində (hətta şikayət əsassız olduğu halda) maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə baxılan zaman müvəqqəti xarakterli müdafiə tədbiri olaraq iddiaçının vəsatəti və ya ərizəsi əsasında mübahisələndirilən qərar ilə tətbiq edilmiş maliyyə sanksiyasının dövlət büdcəsinə alınmasını təmin etmək üçün vergi qanunvericiliyində nəzərdə tutulmuş hərəkətləri etməkdən çəkindirmək (vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək), və yaxud üçüncü şəxsin (bank və kredit təşkilatlarının) üzərinə vəzifələr (bank hesabına qoyulmuş sərəncamların icra edilməməsi barədə) qoyma barədə qərardad qəbul edilməlidir. Qərar əsasında vergilər hesablandığı zaman isə həmin qərarın (inzibati aktın) mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı mübahisələndirdiyi üçün o, həmçinin İPM-in 40-cı maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılması barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna da malikdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. İşdə olan vergi yoxlaması materiallarına görə, həmin yoxlamanın özünün Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı, həm də həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcunun özü mübahisəlidir. Belə ki, iddiaçının əsas iddia tələbi üzrə göstərdiyi- inzibati aktın ləğvi üçün şərtlərin artıq icraatla bağlı normaların (ekspert rəyinin alınması, analogiyaların düzgün götürülməməsi, hesablanmış vergi məbləğlərinin müəssisənin dövriyyəsinə uyğun gəlməməsi, vergi yoxlamasının qanunla müəyyən edilmiş müddətdən artıq əsassız olaraq davam etməsinin) pozulmasına görə mövcud olduğu halda, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasından asılı olmayaraq, qəbul edilmiş qərar inzibati icraat qaydalarının tələblərinə əsasən artıq formal-hüquqi baxımdan qüsurlu hesab edilməlidir. Bununla yanaşı, hazırkı işdə vergi yoxlamasının müddətinin, müvafiq olaraq uzadılması və ya dayandırılması üçün Vergi Məcəlləsinin 38.2-ci və 38.7-ci maddələrində imperativ olaraq təsbit olunmuş əsaslardan hər hansı birinin mövcudluğuna dair də məlumat işdə yoxdur. Buradan, iddiaçının inzibati aktın icrasının dayandırılmasına dair hazırkı məzmunda ərizəsi əsas iddianın uğurluluq ehtimalına əsaslana bilər. İnzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Yuxarıda qeyd olunan əsaslandırmaya görə məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə məhkəmədə baxılanadək vergi orqanının qərarının icrasının dayandırılmaması iş üzrə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirməklə bərabər, iddiaçının da fəaliyyətinə ciddi zərbə vurulmasına səbəb ola bilər. Digər tərəfdən məhkəmə kollegiyası onu da nəzərə alır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı məhkəmədə mübahisələndirilirsə həmin qərar əsasında hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə də təsdiqini tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçıya vergi orqanı tərəfindən hesablanmış vergi borcunun 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, xx.xx.2020-ci il tarixli qərarın icrasının dayandırılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2498/2020 saylı xx xxxxxx 2020-ci il qərardadı mübahisələndirilən- müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar