Məhkəmə qərarları › İş №2-1(103)-1141/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1141/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1141/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müəyyən edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə 11 yanvar 2021-ci ildə məhkəməyə müraciət edərək ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması, ona əlillik pensiyasının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti olmaqla ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müəyyən edilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işə yenidən Bakı İnzibati Məhkəməsində başqa hakim tərəfindən baxılması barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, işə yenidən baxılması barədə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, bir il bundan qabaq əlillik statusunun müəyyən edilməsi ilə bağlı olaraq məhkəməyə müraciət etmiş və əlilliyini təsdiq edən çoxlu sayda sübutlar təqdim etmişdir. Məhkəmə prosesi zamanı məhkəmənin təşəbbüsü ilə AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi ekspertiza və X1” X2 tərəfindən ekspertiza keçirilmiş və rəyi məhkəməyə təqdim etmişdir. Lakin buna baxmayaraq, məhkəmədə ona komputerlə yazılmış ərizə təqdim edilmiş və o, həmin ərizəni oxumadan imza etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmışdır. Məhkəmə Tibbi Ekspertizası tərəfindən onun xeyrinə rəy verildiyi halda sənədlərin geri götürülməsinə dair ərizə verilməsi ağlabatan deyildir. Onun iddia ərizəsini geri götürməsinə dair etiraz etməsini Bakı İnzibati məhkəməsinin kamera video şəkilişinə də baxaraq müəyyən etmək mümkündür. Odur ki, qərardadının ləğv edilməsi, işə yenidən Bakı İnzibati Məhkəməsində başqa hakim tərəfindən baxılması barədə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında 19 yanvar 2022-ci il tarixli ərizəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardadı qəbul edərkən İPM-in 55-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.3-ci maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. AR Konstitusiya Məhkəməsinin M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qəradaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Məsələ üzrə məhkəmə təcrübəsini nəzərə alaraq və hüquqi müəyyənlik prinsipinin vacibliyini qeyd edərək, şəxslərin məhkəmə müdafiə vasitələrindən məlumatlı olmalarının müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr İPM-in 55.3 və 55.5-ci maddələri əsasında qəbul edilən qərardadlarda iddiaçıya onları mübahisələndirməyin mümkünlüyü barədə aydın və birmənalı izah verməyə borcludurlar. Bunu nəzərə alaraq qanunverici İPM-in 23.1-ci maddəsi ilə qaydalar müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mövcud prosessual hüquq normalarının tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə icraata xitam verilməsi haqqında qərardadında iddiadan imtina edilməsinin və icraata xitam verilməsinin nəticələri barədə AR İPM-də nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməmişdir. İddiaçıya İPM-in 55.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələrin izah olunması ilə bağlı məhkəmə iclas protokolunda da hər hansi bir qeyd və ya məlumat öz əksini tapmamışdır. Bu isə məhkəmə qaydasında əllilliyin müəyyən edilməsində israrli olan şəxsin müstəqil iradə ifadəsi əsasında iddia ərizəsinin geri götürdüyünü göstərmir. Odur ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv olunaraq iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müəyyən edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar