Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1141/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6501/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan X1rşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən iddiaçıya məxsus 100 kv metr sahəsi olan sex və ticarət obyektinin sökülüb genişləndirilən yol layihəsinə daxil edildiyinə görə, həmin ərazinin, həmçinin sökülmüş sex və ticarət obyektinin qarşılığında onların dəyərinin razılaşdırılmış pul kompensasiyası şəklində iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2004-cü ildən yaşadığı Abşeron küçəsində (evinin yaxınlığında) 100 kv metr sahəsi olan sex və ticarət obyekti inşa edərək istifadə etmişdir və həmin sex və ticarət obyekti uzun müddət fəaliyyət göstərmişdir. Lakin Nardaran qəsəbəsində cavabdeh tərəfindən küçə və yolların abadlaşdırılması və genişləndirilməsi istiqamətində işlər aparılarkən iddiaçının məlumatı olmadan ona məxsus olan yol kənarında yerləşən həmin sex və ticarət obyekti sökülmüş, sex və ticarət obyektinin yerləşdiyi ərazi genişləndirilən yola daxil edilmişdir. Lakin iddiaçıya cavabdeh tərəfindən iddiaçıya aid sex və ticarət obyektinin qarşılığında və iddiaçıya məxsus torpaq sahəsinin əvəzində heç bir kompensasiya ödənilməmişdir.İddiaçı qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh imtina cavabı verərək məhkəməyə müraciət etməli olduğunu göstərmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6501/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, sözügedən sex və ticarət obyekti uzun illər iddiaçının istifadəsində olduğu müddətdə heç bir təşkilat və ya idarə iddiaçının həmin ərazidə qeyd olunan tikilini inşa etməsinə və istifadəsinə irad və etiraz bildirməmişdir. Bu müddət ərzində iddiaçı sözügedən sex və ticarət obyektinə sahiblik etmiş, həmin sex və obyektin fəaliyyəti ilə bağlı müvafiq qurumlara və dövlət büdcəsinə ödənişlər etmişdir. Göstərilən müddət ərzində həmin sex və obyektə, eyni zamanda onun yerləşdiyi torpaq sahəsinə mülkiyyəti təsdiq edən çıxarış ala bilməsə də, lakin dövlət orqanlarının onun həmin torpağa və tikililərə faktiki sahibik etməyinə göz yumması ilə iddiaçının bu torpağa və tikililərə gözlənti hüququ yaranmışdır. Belə ki, Nardaran qəsəbəsində cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və yolların abadlaşdırılması və genişləndirilməsi istiqamətində işlər aparılan zaman onun məlumatı olmadan iddiaçıya məxsus olan, yol kənarında yerləşən həmin sex və ticarət obyekti sökülmüş və sex və ticarət obyektinin yerləşdiyi ərazi genişləndirilən yola daxil edilmişdir. Buna baxmayaraq, nə torpaq sahəsinin, nə də ki, Agentliyin sökdüyü sex və ticarət obyektinin qarşılığında iddiaçıya heç bir kompensasiya verilməmişdir. Halbuki, yaxınlıqda olan digər obyekt sahiblərinə obyektləri sökülən zaman onun qarşılığı ödənilmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı hesab edir ki, Bakı inzibati Məhkəməsinin 2-1(112)-6501/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən ona məxsus 100 kvm sahəsi olan sex və ticarət obyektinin sökülüb genişləndirilən yol layihəsinə daxil edildiyindən, cavabdeh tərəfindən ona həmin 100 kvm torpaq sahəsinin hər kv görə 1500 manat ümumilikdə 150000 manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəf və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı ona kompensasiyanın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. 80-ci maddəsinə əsasən, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçıya həqiqətən də hər hansı bir hüquq ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən torpaq sahəsinin, sexin və ticarət obyektinin məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə ki, iddiaçı qəsəbənin Abşeron küçəsində 10x10 kv.metr ölçüdə mağazası olması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 19 avqust 2004-cü il tarixli, 1809 saylı arayışından və ticarət obyektinin yerləşmə sxemindən başqa məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbinin təmin olunması üçün istinad etdiyi sənədlər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş iddiaçıya ayrılmış ticarət obyektinin yerləşmə sxemi və bununla bağlı 19 avqust 2004-cü il tarixli 1809 saylı saylı arayışın surəti və "xxxx" ASC-nin iddiaçının adına olan Abunə və uçot haqqında çıxarışıdır. Qeyd olunan sənədlərin mötəbərliyini təsdiq edən, yəni sənədlərin verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyasında işin obyektiv araşdırılması məqsədilə X2 tərəfindən vətəndaş İddiaçı adına ayrılmış ticarət obyektinin yerləşəmə sxeminin və 19 avqust 2004cü il tarixli 1809 saylı saylı arayışın arxivdə saxlanılıb-saxlanılmaması, əgər saxlanılmışdırsa həmin sxemin və arayışın verilməsinə əsas olan sənədlərin, əhəmiyyətli ola biləcək məlumatların təqdim edilməsi ilə bağlı aidiyyəti qurumlara məhkəmə sorğusu verilmişdir. Məsələ ilə bağlı verilmiş sorğulara dair cavab məktublarından məlum olur: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-01916/2023 nömrəli 27 mart 2023-cü il tarixli məktubuna əsasən, X2nin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi idarəsi üzrə Nümayəndəliyinin 5-18-6/2-230/23 nömrəli 29 mart 2023-cü il tarixli cavab məktubuna əsasən, Nardaran qəsəbə sakini, vətəndaş İddiaçı adına ticarət obyektinin ayrılması haqqında nümayəndəlikdə heç bir sənəd və məlumat mövcud deyildir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən ünvanlanmış 5-18/2-965/2023 nömrəli 18 aprel 2023-cü il tarixli cavab məktubuna əsasən X2 tərəfindən vətəndaş İddiaçı adına ayrılmış ticarət obyektinin yerləşəmə sxemi və 19 avqust 2004-cü il tarixli 1809 saylı saylı arayışın verilməsinə əsas olmuş sənədlər barədə Sabunçu rayon İcra Hakimiyyətində məlumat yoxdur. Eyni zamanda məhkəmə kollegiyası 13 aprel 2023-cü il tarixli qərardadla Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Eləcə də «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırki iş üzrə iddiaçı sözügedən əmlaka 2004-cü ildən etibarən faktiki sahibliyinin olduğunu iddia etsə də, bunu təsdiq edəcək hüquqmüəyyənedici bir dəlil təqdim edə bilmədiyindən cavabdeh qurumun iddiaçıya qarşı öhdəliyinin yaranması öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh orqanın iddiaçının müraciətinə dair ********** nömrəli 19 noyabr 2021-ci il tarixli cavab məktubundan da görünür ki, qeyd olunan əmlak üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6501/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1141/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1141/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver