Məhkəmə qərarları › İş №2-1(103)-1141/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1141/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1141/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mərhum əri X4 təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunması, eləcə də dəyişiklik edildikdən sonra müvafiq arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11267/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mərhum əri X4 təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunması, eləcə də dəyişiklik edildikdən sonra müvafiq arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X2 vərəsəsidir. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixdə iddiaçının mərhum əri X4 müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin əlillik təyin edilərkən əlilliyin səbəbi kimi səhvən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” qeyd edilmişdir. Halbuki, iddiaçının mərhum ərinin əlilliyinə səbəb olan xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə X2 hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilərək, mərhum əri X4 təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək, əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunmasını, eləcə də müvafiq dəyişiklik edildikdən sonra bununla bağlı arayış verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin Cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmiş, müraciət əsassız olaraq təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının məsələ ilə bağlı subyektiv hüquqları mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”-nın 3.2-ci bəndinə əsasən, əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11267/2024 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, mərhum X4 təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməsi və əlillik alt sistemindən çıxarışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 11267/2024 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum ərinin əlillik vəziyyətinə sonuncu dəfə 21 Saylı Şəhər Poliklinikasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; Diaqnozun mətni: Sol baldır sümüklərinin Xr. hemotogen osteomiliti tez-tez kəskinləşməsi funksiya pozğunluğu və fistula daranması və funksiyanın pozulması..Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol baldır sümüklərinin Xr. hemotogen osteomiliti tez-tez kəskinləşməsi funksiya pozğunluğu və fistula daranması və funksiyanın pozulması, səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Mərhum şəxs 2002-ci ildən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” səbəbindən əlillik almışdır. Yəni, mərhum şəxs 2002-ci ildən müddətsiz əlil olduğunu bilirdi, 22 ildən sonra isə rəhmətə getdikdən sonra səbəb dəyişmə ilə bağlı yoldaşı cavabdeh orqana müraciət etmişdir. Bu hal özlüyündə iddia etmə müddətinin ötürülməsi halıdır. İddiaçının bildirdiyi: “əlillik təyin edilərkən əlilliyin səbəbi kimi səhvən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” qeyd edilmişdir” ifadəsi ilə bağlı yanlışlıq hər hansı sübutla təsdiq edilmir.Yəni, şəxsə əlillik təyin edilərkən heç bir yanlışlığa yol verilməmişdir. Həmçinin, əlillik səbəbinin səhv qeyd edildiyini 22 ildən sonra, şəxs rəhmətə getdikdən sonra yoldaşının bildirməsi heç bir məntiqə, sübuta əsaslanmır. İddiaçının vəkili tərəfindən apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir və iddiaçının hazırki iddia tələbini qaldırılmaqda məqsədi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına görə əlilliyi təyin edilmiş şəxsin vərəsəsi olaraq birdəfəlik ödəniş əldə etməkdir (mərhum X4 münasibətdə hər hansı hüquq münasibətlərinin yaranması və ya mövcud hüquq münasibətlərinin dəyişməsi deyil). Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Azərbaycan Respublikası Konstitusiyasımda təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin olunmasına yönəlmişdir. Hazırkı halda iddia tələbinin təmin olunması ilə İddiaçı qızma münasibətdə birbaşa hüquqi nəticə yaranmışdır ki, bu da iddiaçının hazıki iddia tələbini qaldırmağa subyektiv hüququnun (hüquqi marağının) olduğunu deməyə əsas verir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.2-ci bəndində göstərilir ki, əlilliyin səbəb və əlaqəsinin dəyişdirilməsi müəyyən subyektlər tərəfindən mübahisələndirilə bilər. Mübahisələndirilən məsələyə də Agentlik tərəfindən iki iş günü müddətində baxılır və cavablandırılır. Göründüyü kimi, ya şəxsin özü tərəfindən, ya onun qanuni nümayəndəsi tərəfindən, ya da səlahiyyətli orqan tərəfindən əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət edilə bilər. Məhkəməyə təqdim edilmiş etirazın və həmçinin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, doğrudur, mərhum həqiqətən də, hərbi əməliyyatlar zamanı travma alsa da, həmin travmalar əsasında ona əlillik təyin edilsə də, hazırkı iş üzrə iddiaçının mərhumun əliliyinin səbəbinin dəyişdirilməsinə münasibətdə bu məsələni mübahisələndirməyə subyektiv hüququ yoxdur. Bu hal Bakı İnzibati Məhkəməsində iş üzrə aparılan araşdırmalar zamanı da bildirilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən bu kimi hallar nəzərə alınmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati orqan olaraq bununla razı deyilik. Çünki 2002-ci ildə mərhuma əlillik təyin edilmiş, şəxs 2022-ci ildə vəfat etmişdir. Bu müddət ərzində o, qəbul edilən əlverişli inzibati aktı mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilərək tələb rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, qarşı tərəf birinci insatansiya məhkəməsində aparılmış icraat zamanı da analoji mövqe ifadə etmişdir. Qeyd edilmişdir ki, iddiaçının məsələni mübahisələndirməyə dair heç bir subyektiv huququ yoxdur. Halbuki, iddiaçı vəfat etmiş ərinin vərəsəsi kimi 6600 manat məbləğində sosial müavinətin alınması ilə bağlı Sosial Müdafiə Fonduna müraciət etmiş, həmin müraciətin təminindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina edilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia mümkün hesab edilməmiş və iddiaçıya izah edilmişdir ki, iddiaçı birdəfəlik ödəniş alması üçün ilk əvvəl mərhum ərinə təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbi onun aldığı xəsarətin səbəb əlaqəsinə uyğun dəyişdirilməlidir. Mərhum 1991-1992-ci ildə bilavasitə döyüş əməliyyatlarında iştirak edərək xəsarət almışdır. Apellyasiya şikayəti əsassızdır və təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İV-JQ 309309 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən, X5 və İddiaçı arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır. - AZ-İİ 265078 seriya nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən, iddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2022-cü il tarixdə durğunluq ürək çatışmamazlığı səbəbi ilə ölmüşdür. - Reyestrdə 2V-384 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Xocalı ünvanında qeydiyyatda olan arvadı İddiaçıdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 1967-ci il təvəllüdlü Xocalı şəhər sakini İddiaçı mərhum həyat yoldaşı X5 xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Fərari olub-olmaması barədə Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP5524 nömrəli məktubuna əsasən haqqında heç bir təqsirləndirici material və cinayət işin olmayıb (Əsas: N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli 28 nömrəli arayışı, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP5524 nömrəli məktubu). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 203 saylı qərarına əsasən, Xocalı RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22 HP5524 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, mərhum vətəndaş X2 döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: "Sağ sağrı və aralığın qəlpə yaralanması anal dəliyin, sidik kanalının zədələnməsi ilə. Anal dəliyin bərpası və sidik kanalının tikilməsindən sonrakı qalıq əlamətləri. Sidik kanalının strikturası. Sfinkter funksiyasının pozulması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xx.xx.2023-cü il tarixli 3-43-26/2-c-173/2-42 nömrəli arayışı, Ağdam Rayon Mərkəzi Xəstəxanasından verilmiş 25.04 1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır " müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AR 527362 nömrəli arayışa əsasən, X4 hərbi əməliyyatlar keçirilən zonada olma ilə əlaqədar ikinci dərəcə (80%) əlillik təyin edilmişdir (Əsas: 4564 saylı xx.xx.2002-ci il tarixli müayinə aktı). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-2554 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqust 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndin nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onları vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. Bildirilir ki, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və ya hərbi xidmət dövr ilə əlaqədar deyil, hərbi əməliyyatlar keçirilən zonada olmaqda əlaqədar əlillik təyin olunduğuna görə qeyd olunmuş Fərmana əsasən birdəfəlik ödəmənin verilməsi mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən, bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: ... əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3-cü bəndinə müvafiq olaraq: 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 ş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 15615/2023 saylı qərardadında göstərilmişdir ki, “ ... İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhrum X3 2-ci qrup əlil kimi 6.600 manat məbləğində icbari sığorta ödənişinin vərəsəsinə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum əri X6 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş zonasında hərbi xidmət keçərkən ağır yaralanmış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 203 saylı qərarı ilə Xocalı RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22 HP5524 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, mərhum vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmadiaqnoz: "Sağ sağrı və aralığın qəlpə yaralanması anal dəliyin, sidik kanalının zədələnməsi ilə Anal dəliyin bərpası və sidik kanalının tikilməsindən sonrakı qalıq əlamətləri. Sidik kanalının strikturası. Sfınkter funksiyasının pozulması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xx.xx.2023- cü il tarixli 3-43-26/2-C-173/2-42 nömrəli arayışı, Ağdam Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) yarımbəndi. Göründüyü kimi məhrum əri X6 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş zonasında hərbi xidmət keçərkən ağır yaralanmış və 2-ci qrup əlil olmuşdur. Ona “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq 2-ci qrup əlil olduğundan əlillər üçün sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi verilməlidir. 4 saylı Bakı Asan Xidmət X7 tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən məhrum əri X6 xx.xx.2022-ci il tarixdə “durğunluq ürək çatışmazlığı” diaqnozu ilə vəfat etmişdir. Oğlunun vərəsəsi olaraq cavabdehdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2-ci qrup əlil kimi sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişinin ödənilməsini rəsmi olaraq tələb etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 11 oktyabr 2023-cü il tarixli cavab məktubu ilə sığorta ödənişini verməkdən əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavab məktubunda göstərmişdir ki, “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və ya hərbi xidmət dövrü ilə əlaqədar deyil, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar əlillik təyin olunduğundan sözügedən Fərmanın müddəaları ona şamil edilmir” ... Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. ... İşin yuxarıda qeyd olunan hallarından görünür ki, vəfat etmiş X3 ikinci dərəcə əlilliyi müəyyən edilsə də, onun səbəbi kimi “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” göstərilmiş, yalnız onun vəfatından sonra, xx.xx.2023-cü il tarixdə hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. ... İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyi qiymətləndirilərkən onun səbəbi də müəyyən olunur və sonradan həmin səbəb dəyişdikdə, şəxsin əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədləri təqdim etməklə müraciəti əsasında Agentlik tərəfindən əlilliyin səbəbinin dəyişdirilməsi barədə qərar qəbul olunur. İşin yuxarıda sadalanan hallarından aydın olur ki, R.Cabbarovun aldığı xəsarətin səbəb əlaqəsi dəyişsə də, buna müvafiq olaraq ona təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi barədə Agentliyin qərarı mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırda arzu etdiyi məqsədə nail olması, yəni İİ dərəcə əlilliyə görə – 6 600 manat birədəlik ödəniş alması üçün ilk əvvəl mərhum əri R.Cabbarova təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbi onun aldığı xəsarətin səbəb əlaqəsinə uyğun dəyişdirilməli, yalnız bununla bağlı müvafiq qərar qəbul edildikdən sonra hazırkı cavabdehə birədəfəlik ödənişin verilməsi ilə bağlı müraciət etməlidir. İddiaçının qeyd edilən ardıcıllıqla müvafiq orqanlara müraciətləri təmin edilmədikdə, onun həmin imtinaları inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ mövcuddur”. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyində əlilliyin səbəbinin yenidən qiymətləndirilməsi üçün müddət məhdudiyyəti mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının yuxarıda istinad edilən 3.1.1 və 3.1.2-ci bəndlərinə əsasən, əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Göründüyü kimi, burada konkret bir vaxt kəsiyi nəzərdə tutulmadığından, ərizəçinin hazırkı tələblə 22 il sonra müraciət etməsi heç bir hüquqi məhdudiyyətə tabe deyil. Əsas məsələ, əlillik səbəbinin düzgün müəyyən edilmədiyini sübut edən yeni faktların olmasıdır. Həmin faktların mövcud olması isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 203 saylı qərarı ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, əlilliyin səbəbinin düzgün təyin edilməsi əlilliyi olan şəxsin deyil, məhz müvafiq inzibati orqanın vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarından görünür ki, əlillik səbəbi səhv müəyyən edildikdə və ya yeni sübutlar aşkarlandıqda, Agentlik bu səbəbin dəyişdirilməsi üçün qərar qəbul etməyə borcludur. Əgər inzibati orqan öz vəzifəsini yerinə yetirməyərək əlilliyin düzgün qiymətləndirilməsini təmin etməyibsə, onda bu səhvin düzəldilməsi üçün hər hansı müddət məhdudiyyəti ola bilməz və həmin düzəlişin edilməsindən imtina edilərkən yalnız şəxsin artıq vəfat etməsinə və sağlığında bunu mübahisələndirməməsinə istinad edilməsi ağlabatan deyil. Belə ki, mənəvi kateqoriyalara toxunulmasa belə, iddiaçının əlillik səbəbinin dəyişdirilməsində maddi marağının olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-2554 saylı cavab məktubundan müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11267/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11267/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar