Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1142/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində ünvan 1i ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 46, 71-ci maddələri və Mülki Məcəllənin 23, 25.5 və 77.1-ci maddələri nəzərə alınmaqla onun dövlət qulluğunda yaşa görə əmək pensiyasının yenidən hesablanaraq 16.07.2019-cu ildən 826,77 manat, 01.12.2019-cu il tarixdən isə 1.159,02 manat müəyyən edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində 02.03.2000-ci il tarixdən 02.05.2019-cu il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 01.05.2019-cu il tarixli, **********3 saylı əmri ilə 65 yaşının tamam olması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. Ona 16.07.2019-cu il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən düzgün olmayaraq 546 manat dövlət qulluğuna görə əmək pensiyası təyin edilmişdir. Belə ki, onun pensiyasını məsləhətçi vəzifəsi üzrə təyin etmişlər. O, 20.05.1985-ci il tarixdən 18.11.1988-ci il tarixədək Gədəbəy rayon Partiya Komitəsində, 03.05.1990-cı il tarixdən 10.12.1991-ci il tarixə kimi Gədəbəy rayon X4, 10.12.1991-ci il tarixdən 19.07.1999-cu il tarixə kimi Gədəbəy Rayon İcra Hakimiyyətində (cəmi 12 il 9 ay 14 gün) ümumi şöbə müdiri işləmişdir. Hesab edir ki, həmin vəzifə Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 02 dekabr tarixli, 135 №li Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət Qulluqçularının aylıq vəzifə maaşlarının, təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrə əlavə edilən 3 №li əlavənin 6cı təsnifatına uyğun olaraq hesablanmalıdır. 16.07.2019-cu ildə: vəzifə maaşı 473 manat, qulluq stajı 20%-94,60 manat, ixtisas dərəcəsi-65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15%-70,95 manat, mükafat-157,67 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20%-172,24 manat, cəmi 1.033,46 manat x 80 % =816,77 manat; 01.10.2019-cu ildə: vəzifə maaşı-730 manat, qulluq stajı 20 %-146 manat, ixtisas dərəcəsi-65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15%-109,50 manat, mükafat-243,33 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20%-258,77 manat, cəmi 1552,60 manat x 80 % =826,77 manat olmaqla, əvvəlki pensiya 415,91 manat x 80 % = 332,25 manat artım + əvvəlki pensiya 826,77 manat, cəmi 1.159,02 manat yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Onun 47 il 03 ay ümumi sosial sığorta stajı vardır ki, ondan 46 il 03 ay 29 günü dövlət qulluğudur. O, pensiyasının düzgün hesablanmaması barədə cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-407/2020 saylı, 12.02.2020-ci il tarixli qərardadı ilə (hakim-E.Axundov) işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 29.07.2020-ci il tarixində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 16.07.2019-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavə olmaqla 70,95 manat, mükafat 157,67 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 172,24 manat, 01 oktyabr 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat, ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavə olmaqla 109,50 manat, mükafat 243,33 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 258,77 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 30.07.2020-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2020 saylı, 02.12.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə işə 16.07.2019-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, 01 oktyabr 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində tərəflər arasında mübahisə aradan qalxdığından (DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 29.10.2020-ci il tarixli **********4 saylı məktubunda qeyd olunmuş məlumatlar nəzərə alınmaqla) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia qismən təmin edilmiş, İddiaçı qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, ona sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddia tələbinin təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 04.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” AR Qanununun 2-ci maddəsinə görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə arayışların olmaması nəzərə alınmamış, arayışlar olmadan həmin məbləğlər nəzərə alınmış, bununla da, Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 266 nömrəli Fərmanı ilə 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanındakı siyahı qüvvədən düşmüşdür. Məhkəmə isə öz növbəsində qüvvədən düşmüş siyahının 25.2-ci bəndinə istinad etmişdir. Göründüyü kimi, iddiaçıya əmək pensiyası təyin edilən zaman əsas kimi götürülmüş dövr ərzində (1994-1999-cu illər), iddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% miqdarında pul təminatı almamışdır. Azərbaycan Respublikası Prezidentinin 774 nömrəli, 22 avqust 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında" Əsasnamənin 12-ci bəndi ilə hər il üçün dövlət qulluqçularına müəyyən olunmuş aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğu qeyd olunmuşdur. Bu isə həmin vəsaitlərin mütləq qaydada verilməli olması anlamına gəlmir. Belə olan halda, mükafat fərdi xarakterli olduğuna görə, yalnız müvafiq qaydada şəxsən alındığı və bunu təsdiq edən arayış təqdim edildiyi halda əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilər. İddiaçı isə həmin mükafatları almış olsa belə, həmin mükafat və əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmadığı açıqaşkardır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Novruzov Dünyamin Məmmədəli oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq iş materiallarında 105 və 106-cı səhifələrdə olan əmək haqqı cədvəlindən çıxarışa əsasən çıxarışın əl ilə yazıldığından onların mötəbərliliyinə əsaslı şübhələr olduğunu bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 (“Xəzər Konsaltinq” Vəkil Bürosu) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********2 №li, 07 may 2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, DSMF-nin Gədəbəy rayon şöbəsinin 29.06.2016-cı il tarixli, 398 saylı qərarı ilə İddiaçı yaşa görə 01.07.2016-cı il tarixdən ömürlük 227,08 manat əmək pensiyası təyin edilmiş, adı çəkilən şöbənin 28.07.2017-ci il tarixli, 22 nömrəli qərarı ilə onun pensiyası yenidən hesablanaraq, 01.08.2017-ci ildən ömürlük 456,92 manat müəyyən edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 01.08.2019-cu il tarixli, **********0 saylı qərarı ilə ona dövlət qulluqçusu kimi 02.05.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə 546 manat ömürlük pensiya təyin edilmişdir. - Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20.07.2020-ci il tarixli, 171/8- 14 saylı məktubda göstərilmişdir ki, İddiaçı ona pensiya məbləğinin hesablanması üçün 03 dekabr 2019-cu il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət edərək, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan işçinin vəzifə maaşı və vəzifə maaşına əlavə haqqında məlumat verilməsini xahiş etmiş, ona İcra Hakimiyyəti tərəfindən R-300 nömrəli, 03 dekabr 2019-cu il tarixli məktubla cavab verilmişdir. İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyətində işlədiyi dövrə aid ona hesablanmış əmək haqqı və digər ödəmələr haqqında cədvəllər qorunub saxlanılması məqsədilə Gədəbəy rayon Dövlət Arxiv idarəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 07 avqust 2020-ci il tarixli, 33 №li məktubu ilə İddiaçı 1992-1993; 1997-2000-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətində ayrı-ayrı vəzifələrdə işləyərkən onun adına hesablanmış əmək haqqı cədvəlindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan cədvəllərdən görünür ki, İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyətində işlədiyi dövrlərdə, o, cümlədən 1992, 1993, 1997, 1998, 1999 və 2000-ci illərdə ona vəzifə maaşı ilə yanaşı, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artım (20 %), mükafatın (maddi yardım və məzuniyyət ödənişləri daxil olmaqla) ödənilməsi həyata keçirilmişdir. - DSMF-nin Gədəbəy rayon filialı tərəfindən məhkəməyə ünvanlanmış 19.10.2020-ci il tarixli, **********4 saylı məktubda göstərilmişdir ki, İddiaçı 10.12.1991-ci il tarixdən 19.07.1999-cu il tarixədək Gədəbəy Rayon İcra Hakimiyyətində ümumi şöbə müdiri işlədiyi dövrlər barəsində DSMF-yə məcburi dövlət sosial sığorta ödəmələrinin aparılması ilə bağlı məlumatları əldə etmək mümkün olmamışdır. Lakin İddiaçı DSMF-nin Gədəbəy rayon şöbəsində işlədiyi 02.03.2000-ci il tarixdən 02.05.2019-cu il tarixədək olan dövrlər üzrə məktubda qeyd edilən (DSMF-nin Gədəbəy rayon şöbəsində işlədiyi 02.03.2000-ci il tarixdən 02.05.2019-cu il tarixədək olan dövrlər üzrə “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın), ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə həmin məbləğlərdən sosial sığorta haqlarının tutulub-tutulmaması barədə) gəlirləri məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmişdir. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 29.10.2020-ci il tarixli, **********4 saylı məktubdan müəyyən edilir ki, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə 01 sentyabr 2019-cu il tarixinədək vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat olmaqla orta aylıq dövlət məvacibinin məbləği 682,50 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı 02 may 2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 47 il 4 ay 24 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin (682,50 manat) 80 faizi-546,00 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği 793,00 manata artırılmışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, ona sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli, 911 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda” yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini; vəzifələri qeyd olunur (2.1.7. İnzibati vəzifələrin altıncı təsnifatı). “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). -Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). -Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır (bənd 12). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımların (əmsal) ödənilməsi həyata keçirildiyindən və sonuncunun həmin gəlirləri məcburi dövlət sosial sığorta haqlarına cəlb edildiyindən iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin əmək haqqı cədvəlindən çıxarışın əl ilə yazıldığından onların mötəbərliliyinə əsaslı şübhələr olması barədə verdiyi izahatına əsasən qeyd etməyi zəruri hesab edir ki, çıxarış əl ilə yazılsa da, Gədəbəy rayon Dövlət Arxivinin müdiri P.Y.Hüseynov tərəfindən imzalandığından və möhürlə təsdiq edildiyindən çıxarışın mötəbərliliyinə şübhələrin olması üçün əsas sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1142/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1142/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver