Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1143/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - İddiaçı Cavabdehlər - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı cavabdeh təşkilatların səhlənkarlığı nəticəsində ona vurulmuş ******* manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur. Anadan olarkən həkimlər və valideynləri cinsini qız kimi müəyyən edib, onu Masallı rayon Təklə kənd nümayəndəliyinin (o zaman kənd Sovetində) doğum akt qeydlərində X1 qeydə aldırıblar. 1987-1989-cu illər arasında o, hazırki 1 saylı Klinik Xəstəxanada (o vaxtki Semaşko adına xəstəxana) əməliyyat olunmuş, əməliyyat zamanı onun yumurtalığından biri götürülüb. Uzun illər o, qadın kimi böyüdülmüşdür. Lakin, o, böyüdükcə onda kişi orqanizminə aid hormonlar inşikaf etmişdir. Bu onun ailəsi ilə, ətrafı ilə münasibətlərini ciddi problem yaşatmışdır. O, düşünürdü ki, germofraditdir. O, hazırda kişi kimi həyatını davam etdirir. Bu yaxınlarda məhkəməyə yeni cinsiyyətini təsdiq etmək üçün müraciət etdikdə, məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza aşkar etmişdir ki, o, ümumiyyətlə əvvəldən qadın deyil, kişi olmuşdur. Lakin, Səhiyyənin əməkdaşları nə onun doğuşu zamanı, nə də onu körpəlikdə əməliyyat edərkən onun cinsini müəyyən edə bilməmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının anadan olduğu xəstəxana dövlət xəstəxanasıdır, onun əməliyyatla yumurtalığı götürüldüyü 1 saylı Klinik xəstəxanası da Səhiyyə Nazirliyinin tərkibində olan klinikalar kimi xidmət göstərir. Bundan əlavə ona verilən və cinsi yazılan doğum haqqında şəhadətnamə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd əsasında verilir. Həmin sənədi verən qurum inzibati orqan olan Səhiyyə Naizlirliyinin tərkibində olduğu üçün və Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxx 2006-ci il tarixli və 413 nömrəli fərmanla təsdiq edilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında əsasnamənin 3-cü bölməsində göstərildiyi kimi, həm dövlət, həm də qeyri-dövlət tibbi müəssisələrə nəzarət etdiyi üçün inzibati orqan tərəfindən verilən sənəd hesab olunur. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd birinci instansiya məhkəməsinin qərarında yazıldığı kimi yalnız bir həkimin deyil, həm də Səhiyyə Nazirliyinin tərkibdə olan iki tibbi müəssisənin (Masallı rayonu və 1 saylı Klinik xəstəxananın) təsdiqlədiyi iddiaçı üçün hüquqi nəticələr yaradan qərar olduğu üçün inzibati akt hesab olunur. Səhiyyə Nazirliyi inzibati orqan olub dövlət tərəfindən maliyyələşdirildiyi üçün AR Prezidentinin x xxxxxx 2000-ci il tarixli 271 saylı qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında əsasnaməyə əsasən nazirliyin funksiyası dövlət büdcəsinə nəzarət etmək, dövlət büdcəsinin idarə edilməsini təmin etmək, dövlət büdcəsi hesabına maliyyələşdirilən idarəetmə xərclərinin istifadəsinə, dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ayrılması və onun istifadəsi üzərində dövlətin maliyyə nazarətini həyata keçirən inzibati orqandır. Buna görə də Maliyyə Nazirliyi Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən kompensasiyanın ödənilməsi üçün cavabdeh kimi cəlb olunmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İntiqamHacıyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı digər cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iqtirak edən şəxslər hazırki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən “Səhiyyə əməkdaşlarının nə onun doğuşu zamanı, nə də körpəlikdə əməliyyat edilərkən cinsiyyətini müəyyən edə bilmədikləri üçün onun ciddi sarsıntılar keçirməsi”nə istinad etmiş və buna görə ona vurulmuş mənəvi ziyanla bağlı cavabdehlərdən kompensasiya tutulmasını xahiş etmiş, bu tələbini də həm iddia ərizəsi, həm də apellyasiya şikayətində Mülki Məcəllənin müddəalarına istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırki işdə iddiaçı səhiyyə orqanının əməklaşlarının təqsiri üzündən ciddi sarsıntılara məruz qalmasına istinad edərək cavabdehlərdən ona vurulmuş mənəvi ziyanla bağlı pul kompensasiyasını tələb etdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, həmin tələb mülki hüquq münasibətlərinə aid olduğundan belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddiaçının iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1143/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1143/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver