Məhkəmə qərarları › İş №2-1(103)-1143/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1143/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1143/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızı və Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, tərcüməçi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanav rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Bakı şəhər İcra Hakimiyyəti) “cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6170/2021 saylı 01.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu ərazisində M.Məmmədov 17 küçəsindəki qaraj kompleksində yerləşən qarajın məhv edilməsi ilə nəticələnən hərəkətlərinin qeyri-qanuni sayılması, bu hərəkətlər nəticəsində ona dəymiş ziyana görə qarajda saxlanılan əmlakın itkisinə görə 32695 manat, bərpası üçün 29658 manat, cəmi, cavabdehdən 62.353,00 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Bakı şəhəri Nərimanov rayonu ərazisində Malik Məmmədov 17 küçəsində yerləşən qaraj kompleksindəki qarajlardan birinin sahibidir. Cavabdehin qanuna zidd hərəktləri və özbaşnalığa yol verməsi nəticəsində həmin qaraj məhv edilmiş, ona 62.353 manat dəyərində maddi ziyan dəymişdir. Həmin məbləğin 29.658 manatı məhv edilmiş qarajın, dağıdılmış giriş yolları və normal istifadə üçün zəruri olan digər kommunikasiyaların bərpasına tələb olunan xərclər, 32.695 manatı isə qarajda saxlanılan itmiş əmlakın dəyəridir. O, 2021-ci ilin mart ayında ərizə ilə cavabdehə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini tələb etmiş, lakin sonuncu imtina edərək məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddia tələbinin cavab verməli olan şəxsə qarşı yönəlmədiyini bildirərək iddianı qəbul etmimişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6170/2021 saylı 01.11.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərardad paradoksal şəkildə qeyri-qanunidir. Belə ki, iddia ərizəsində və məhkəmə iclaslarında özü şahidi olduğu faktları izah etmiş və bu faktları təsdiq edən video yazıları məhkəməyə təqdim etmişdir. Bu faktlar cavabdehin əməkdaşlarının ağır texnikadan istifadə edərək ona məxsus əmlakın dağıdılmasına necə rəhbərlik etdiyini təsvir edir. Sənədli sübut 10.11.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə “təhqiqat orqanının qərarı məhkəməyə təqdim olunmuşdur. Həmin qərarda cavabdehin əməkdaşlarının həmin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş ziyan haqqında məlumat verilir. Həmçinin onun nümayəndəsi məhkəmə iclasında onda olan foto və video materialları təqdim etmiş və məhkəmə bu sübutları tədqiq edərək iş materiallarına əlavə etmişdir. Məhkəmə heç bir əsaslandırma olmadan şahidləri, o cümlədən, cavabdehin məsul əməkdaşlarını dinləməkdən imtina etmişdir. İddia tələbi ona cavab verməli olmayan cavabdehə qarşı yönəlmişdirsə, məhkəmə cavabdeh müəyyən etmək üçün öz təşəbbüsünü irəli sürməli idi. Məhkəmə bunlar etməkdə maraqlı olmamışdır. Deməli, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 12.1-12.2-ci maddələrinin tələbləri pozulmuşdur. Hesab edir ki, qərardad qeyri-qanuni, əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin ediliməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Nuriyev Cavabdehə qarşı iddia tələbinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması mənasına görə belə təfsirə malikdir ki, inzibati məhkəməyə verilən iddia – buna subyektiv hüququ olan şəxs tərəfindən inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olan tələblə ifadə olunmalı, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, yazılış formasına və s. riayət olunmaqla) daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlarını da əlavə edilməklə) əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə, İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçı tərəfindən qaldırılan iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, onun iddia tələbindən göründüyü kimi, cavabdeh Bakı şəhəri Cavabdehə qarşı ona məxsus olmuş Nərimanov rayonu ərazisində M.Məmmədov 17 küçəsindəki qaraj kompleksində yerləşən qarajın cavabdehin qanunsuz hərəkətləri nəticəsində söküldüyünü mübahisələndirərək sonuncudan onun xeyrinə vurulmuş ziyana görə ümumilikdə 62.353,00 manat məbləğində kompensasiya məbləğinin tutulmasını tutulmasını tələb edir. İlk öncə qeyd olunmalıdır ki, iş materiallarına əsasən həmin ünvanda iddiaçıya məxsus qarajın sökülməsi ilə bağlı cavabdeh orqan tərəfindən qəbul olunmuş hər hansı bir inziati aktın mövcudluğu müəyyən olunmur. Digər tərəfdən işdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “ADA” Unversitetinə yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsi haqqında” 17.11.2017-ci il tarixli 527 №-li Sərəncamı ilə “ADA” Unversitetinin 10.11.2017-ci il tarixli 14/6001-17-14 saylı müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, 802-803-cü məhəllədə “ADA” Unversitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman komleksinin tikintisinin layihələndirilməsinə icazə verilmiş və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2018-ci il tarixli 18/134 nömrəli Ayrıc Aktı və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. Eyni zamanda, cavabdeh Bakı şəhər Nərimanov İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 01.06.2021-ci il tarixli iddia ərizəsinə etirazında qeyd edir ki, mübahisəli ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli 482 N-li qərarına əsasən “Tələbə Kampusu və digər tikililərin inşası məqsədi ilə “ADA” universitetinə ayrılması, həmin ərazidə köçürmə işlərinin aparılması və kompensasiyaların verilməsi universitetin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən həyata keçirilməsi barədə maraqlı şəxslər məlumatlandırılmışdır. Bakı şəhər Nərimanov İcra Hakimiyyəti, iddiaçının müraciəti ilə əlaqədar sonuncuya ünvanladığı 13.04.2021-ci il tarixli məktubunda da məhz mübahisəli ərazidə yerləşən müvəqqəti qaraj və tililərin “qeyd olunan “Tələbə Kampusları”nın tikintisi məqsədilə söküldüyü bildirmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçıya məxsus olmuş mübahisəli qarajın - sözügedən aktlarla tikintisinə icazə verilmiş tələbə yataqxanasının və s. tikintisi ilə əhatə olunan ərazidə yerləşir. Həmin aktlarda isə cavabdeh Bakı şəhər Nərimanov İcra Hakimiyyəti tərəfindən qəbul olunmamış və onlarda sonuncunun üzərinə hər bir öhdəlik qoyulmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi cavab verməli orqana qarşı verilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının Bakı şəhər Nərimanov İcra Hakimiyyətinə qarşı kompensasiya tələbinin inzibati məhkəmə icraatı mümkün sayılılb mahiyyəti üzrə baxıla bilməzdi. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz olduğunu mübahisələndirən dəlillərini əsassız sayır. İddiaçının apellyasiya şikayətinin, onun iddia tələbinin iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəlsə də, əsl cavabdehi müəyyən etmək üçün məhəkəmnin öz təşəbbüsünü irəli sürməli olduğunu vurğulayan dəlillərinə gəldikdə isə, birincisi, məhkəmənin 01.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclas protokolunda iddiaçı tərəfi(vəkili X3) məhkəmənin müvafiq sualını cavablandırarkən təqdim etdiyi sənədlərə əsasən cavabdehin düzgün seçildiyini bildirərək, məhz, cavabdeh Bakı şəhər Nərimanov rayonu İcra Hakimiyyəti olmalıdır” demişdir. İddiaçı hazırkı mərəhlədə özü də Nəimanov rayon İcra Hakimiyətini cavab verməli şəxs olduğunda israrlı olduğu aydın görünür. Digər tərəfdən, iddiaçının buna razılığı ilə tələb olunmasına baxmayaraq, məhkəmə təşşübbüs göstərərək, hazırkı cavabdeh əvəz edilmiş olsaydı belə, bu halda iddiaçının ona vurulmuş ziyanla bağlı kompensasiya ödənilməsi ilə bağlı əvəz edilmiş cavabdehə məhkəməyə qədər ilkin müraciəti mövcud da deyil. Belə olan təqdirdə yenə də iddia mümkünsüzdür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1 və 89.2-ci maddələrinin tələbləri baxımından, iddiaçının əvəz edilən cavabdehə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmək hüququ, həmin cavabdehə məhkəməyə qədər müraciət edib onun imtinasını aldıqdan sonra yaranır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbi, cavab verməli şəxsə qarşı verilmədiyinə görə, İPM-in 35-ci maddəsinin tələbi baxımından, əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması barədə gəlinən nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadı əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6170/2021 saylı 01.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6170/2021 saylı 01.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar