Məhkəmə qərarları › İş №2-1(103)-1143/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1143/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1143/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12793/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-12793/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, iddiaçılar (birgə iddiaçı) qərarın surətini poçt xəbərnaməsinə imza etməklə xx.xx.2024-ci il tarixdə rəsmi olaraq qəbul etmişlər. Lakin apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə poçta təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) iddiaçılar tərəfindən buraxılmışdır (18 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçılara məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçılar tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçıların qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12793/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar