Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1144/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın 46 təqvim günü olmaqla hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın 46 təqvim günü olmaqla hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya 46 təqvim günü olmaqla hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 19.09.1992-ci il tarixdən 18.11.1999-cu il tarixidək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində bir dəfə də olsun əmək məzuniyyətində olmamış və işdən çıxarkən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməmişdir. O, 1984-cü ildən X3 əlilləri ilə hüququ bərabər olan İİİ qrup (hərbi mükələfiyyəti yerinə yetirərkən) əlildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq götərilmişdir ki, o işlədiyi müddət ərzində məzuniyyətdə olmamış və ona hər hansı bir məbləğdə vəsait ödənilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə onun məzuniyyət üçün vəsait alması barədə hər hansı bir sənəd təqdim olunması mümkün olmamışdır. Lakin məhkəmə araşdırmanı obyektiv aparmadan ona məzuniyyətə görə pulun ödənilməməsi qənaətinə gəlmişdir. Halbuki onun müavinət alması barədə sənədlərin olub-olmadığı hssəsinə məhkəmə laqeyd yanaşmışdır. Tərəflərin izahatları 14 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 05 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə dair etirazın dəlilləri: Məhkəmə qərarı qanunvericiliyin tələbləri rəhbər tutulmaqla çıxarılmış ədalətli və əsaslı qərardır. İddiaçı 1992-1999-cu illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 20 ildən sonra pul əvəzinin ödənilməsini tələb edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 503ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz təşəbbüsü ilə) 18 noyabr 1999-cu il tarixdə gömrük orqanlarındakı xidmətinə xitam verilmiş İddiaçı iddia müddətinin ötürülməsi səbəbindən, eyni zamanda məhkəmə tərəfindən hazırkı mübahisə üzrə iddia müddətinin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyinə görə qeyd olunan məsələni məhkəmədə mübahisələndirə bilməz. İşin hallarının daha obyektiv araşdırılmasını təmin etmək məqsədilə məlumat üçün bildirilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 131-ci bəndinə əsasən qovluqların düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, İşlərin sistemləşdirilməsi və uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə hər il təşkilatın işlərinin ümumi nomenklatur-siyahısı tərtib edilir. Həmin nomenklatur-siyahı həmin Təlimatın 15 nömrəli əlavəsində göstərilmiş qaydada hər il Dövlət Gömrük Komitəsində tərtib olunur və həmin nomenklaturada sənədlərin saxlanılma müddəti müəyyən edilir. Belə ki, Dövlət Gömrük Komitəsinin məzuniyyət və ezamiyyətlə bağlı əmrlərinin saxlanılma müddəti beş il müəyyən edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı tələbi “işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın 46 təqvim günü olmaqla hesablanaraq ödənilməsi” barədədir. Bu zaman iddiaçı 18.11.1999-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməsinə və işlədiyi müddət ərzində əmək məzuniyyətində olmamasına istinad etmişdir. İşlədiyi dövrdə istifadə etmədiyi məzuniyyət günlərinə görə ona kompensasiya ödənişi ilə bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 1000- 240/240-26/003272 saylı 14.02.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdi ki, sözügedən məsələ Əmək Məcəlləsinin 296.4-cü maddəsinə (pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər) əsasən tənzimlənir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası işə baxan məhkəmə tərəfindən iddianın iddia müddəti ötürülməklə verilməsi səbəbindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İddiaçı ilə bağlı əmək münasibətlərinə xitam verildiyi tarix 18.11.1999-cu il olmuş, iddia tələbində 1992-1999-cu illər üzrə cavabdeh tərəfindən pozulmuş hüquqların bərpası, yəni həmin dövrdə işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən İddiaçı 16.09.1992-ci ildən 18.11.1999-cu ilə qədər Bakı Gömrük İdarəsində və Binə Gömrük İdarəsində yük şöbəsində baş inspektor işlədiyi dövrdə məzuniyyətdə olub-olmaması, məzuniyyətdə olduğu təqdirdə bu barədə müvafiq əmrlərin və ona məzuniyyət haqqlarının ödənilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı 06.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. 18.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 15 nömrəli əlavəsində göstərilmiş qaydada hər il Dövlət Gömrük Komitəsində nomenklatur-siyahı tərtib olunur və həmin nomenklaturada sənədlərin saxlanılma müddəti müəyyən edilir. Belə ki, Dövlət Gömrük Komitəsinin məzuniyyət və ezamiyyətlə bağlı əmrlərinin saxlanılma müddəti beş il müəyyən edilmiş, beş ildən sonra həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinin tələblərinə əsasən məhv edilmişdir. Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunda bu kimi məsələlər tənzimlənmədiyindən Qanunun 34-cü maddəsinə əsasən Əmək Məcəlləsinin müddəaları ilə mübahisəyə hüquqi qiymət verilə bilər. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdən görünür ki, iddiaçı 1999-cu ildən sonra 1 il ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi pul tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, eyni hüquqi mövqe oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarlarda da (2-1(102)-478/2021 saylı inzibati işdə) öz əksini tapmışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılması üçün əsas yaratmır. Bununla da, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3812/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1144/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1144/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver