Məhkəmə qərarları › İş №2-1(103)-1144/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1144/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1144/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5920/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 11 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 (beş yüz) manatın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5920/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsində qeyd olunduğu kimi, torpaq sahəsindən hər hansı magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir. Həmçinin məhkəmənin qərarında qeyd edilən normalar torpaq sahələrinə çıxarışın verilməsi üçün hər hansı qadağa müəyyən etmir. Təqdim edilmiş “Azneft” İB “26 Bakı komissarları” adına Neft və Qazçıxarma idarəsinin və idarə həmkarlar ittifaqının komitəsinin birgə iclasının protokolundan xx.xx.1990-cu il tarixli çıxarışa əsasən, “26 Bakı Komissarları” adına NQÇİ-nin nəzdində “Şabandağ” sahəsində yerləşən 8 saylı NQÇİ-nin sexinin ərazisində 50 nəfər üzvü olmaqla bağçılıq-bostançılıq təsərrüfatı yaradılmış, İddiaçı 1200 kv.m.-dən ibarət torpaq sahəsi ayrılmış və ona 73 nömrəli bağ sahəsinə dair üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasına əsasən, bağçılıq cəmiyyəti üzvlətinin xx.xx.1990-cı il tarixli 10№-li protokoluna əsasən iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m. olan 73 №-li bağ sahəsi xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verilmişdir. Həmçinin Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991- ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. Bu qərar arxivdə mövcuddur. Həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sorğu olunan sənədlər SOCAR-da aşkarlanmamaması iddianın rədd olunması üçün əsas ola bilməz. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf qərarın ləğv edilməsini, apelyasiya şikayətinin təmin edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: SOCAR “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş arxiv arayışına əsasən 1950-ci il təvəllüdlü İddiaçı xx.xx.1989-cu tarixində 26 Bakı Komissarı adına X7 İdarəsinin Mənzil Kommunal Təsərrüfatına anbardar peşəsinə qəbul edilmişdir; xx.xx.1990-cu il tarixində 26 Bakı Komissarı adına X7 İdarəsinin Mənzil Kommunal Təsərrüfatına ailəvi yataqxanaya komendant peşəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdən sosial-inkişaf idarəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 22 nömrəli qərarına S.Vəzirov adına “Azneft” Birliyinin 07 fevral 1992-ci il tarixli əmrinə əsasən 26 Bakı komissarları adına Neft və qazçıxarma İdarəsi Ə.C.Əmirov adına Neftçıxarma idarəsi adlandırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-il tarixli, 11/546 saylı qərarına əsasən 26 Bakı komissarı adına Neft-qazçıxarma idarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. Bildirilmişdir ki, “Şabandağ” bağçılıqyoldaşlıq yoldaşlığının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “Azneft” İB “26 Bakı komissarları” adına Neft və Qazçıxarma idarəsinin və idarə həmkarlar ittifaqının komitəsinin birgə iclasının protokolundan xx.xx.1990-cu il tarixli çıxarışa əsasən, “26 Bakı Komissarları” adına NQÇİnin nəzdində “Şabandağ” sahəsində yerləşən 8 saylı NQÇİ-nin sexinin ərazisində 50 nəfər üzvü olmaqla bağçılıq-bostançılıq təsərrüfatı yaradılmış, İddiaçı 1200 kv.m.-dən ibarət torpaq sahəsi ayrılmış və ona 73 nömrəli bağ sahəsinə dair üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasına əsasən, bağçılıq cəmiyyəti üzvlətinin xx.xx.1990-cı il tarixli 10№-li protokoluna əsasən iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m. olan 73 №-li bağ sahəsi xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verilmişdir. Məhkəmənin “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktının, üzvlərinin siyahısının, müayinə aktının, digər şəxsə verilmiş kadastr planının təqdim edilməsinə dair sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Qaradağ rayonu, Şaban qəsəbəsinin şərqində “Qaradağneft” bağçılıqyoldaşlıq təsərrüfatına 1986-cı ilin dekabr ayında 0,6 ha və 2,4 ha olmaqla torpaq sahəsinin ayrılmasına dair cizgi-çertyoj və “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıda iddiaçının adı yoxdur. Təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində Xocəsən gölünün ətrafında Bakı şəhər İH Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı ilə 17276776 kv.m. torpaq sahəsi universitet kampusunun tikintisi üçün “X6”nun daimi istifadəsinə ayrılmış, əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X 396268,66 , 397850,40 , 396612,71, 394026,17, Y 4475184,06 , 4474048,48, 4466682,86, 4473638,96 İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Bakı-Hacı Həsən şossesi, 73 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən isə müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina əsası olaraq “Şabandağ” bağçılıqyoldaşlığının üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin elektron kadastr məlumatına əsasən digər şəxsə (ləğv edilmiş) X3 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü “ (kadastr planı) üst-üstə düşdüyü, “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyinin müəyyən edilməsi, həmçinin bağ sahəsinin bir hissəsinin neft quyusunun mühafizə zolağında yerləşməsi olmuşdur. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərinin mühafizə zonaları (MZ) yaşayış məntəqələrinə, şəxsi tikililərə, təsərrüfat və kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafələri göstərilmiş, quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən edilmişdir. Beləliklə, işdən aydındır ki, cavabdeh orqan iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmamalı olması qənaətinə gələrkən həmin torpaq sahəsinin yerləşmə koordinatları üzrə başqa şəxsə verilmiş torpaq sahəsi (ləğv edilmiş) ilə üst-üstə düşməsinə əsaslanmışdır. Belə ki, Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, UTM WGS 84 koordinat sistemində X 396036 ******* 396003 396055 Y ******* 396023 ******* 4469948 koordinatlarda olan sözügedən 1547 kv.m. torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il taixli 330 nömrəli sərəncamı ilə “X6”na ayrılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin 16 metrliyində Şabandağ-Şubanı- Yasamal dərəsi-Atəşgah yatağında qazılmış 732 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sorğu olunan sənədlər SOCAR-da aşkarlanmamışdır. Əlavə olaraq Bakı Apelyasiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(103)- 1144/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərar alınmış, mütəxəssis rəyinin verilməsinə görə hesablanmış xidmət haqqının iş üzrə tərəflər və üçüncü şəxslər tərəfindən ödənilməməsi səbəbindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi məhkəməyə təqdim edilməmiş, buna uyğun olaraq da müvafiq rəyin təqdim edilmədiyi bildirilərək ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar Ekspertiza Mərkəzi tərəfindən icrasız geri qaytarılmışdır. Digər tərəfdən, Kollegiya bildirir ki, mübahisəli torpaq sahəsinin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamı da hər hansı qaydada mübahisələndirilməmiş, hazırda qüvvədədir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən üzvlük siyahısının cavabdeh tərəfindən təqdim edilən üzvlük siyahısı ilə ziddiyyət təşkil etməsi məsələsinə gəldikdə isə, Kollegiya iddiaçı tərəfindən təqdim edilən siyahının mötəbərliyini şübhə altına alan bir sıra hallara diqqət çəkir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 1990-cı il tarixində “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatı yaradılmışdır. Kollegiya vurğulamağı zəruri hesab edir ki, iddiaçının iddia etdiyi kimi 1991-ci il tarixində yoldaşlığa üzv olması məqbul hesab olunsa, o zaman iddiaçının adının adının cavabdeh tərəfindən təqdim edilən həmin dövrə aid olan üzvlük siyahısında olmaması anlaşılan deyil. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən siyahı “tərtib edilmə baxımından” “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatının yaradıldığı və üzvlük siyahısının tərtib edildiyi dövrün tələbləri nəzərə alınmaqla daha mötəbər hesab olunur. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinin yerləşmə koordinatları üzrə başqa şəxsə verilmiş torpaq sahəsi (ləğv olunmuş olsa belə) ilə üst-üstə düşdüyündən, həmçinin neftqaz quyusunun mühafizə zonasında yerləşməklə həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sənədlərin müvafiq qaydada aşkar edilmədiyindən iddianın təmin edilməməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR MM-in 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. AR İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5920/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar