Məhkəmə qərarları › İş №2-1(103)-1144/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1144/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1144/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı20 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs: X4) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçılar, İddiaçı1h oğlunun nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlu və cavabdehin nümayəndəsi X2 iştirakları ilə iddiaçılar İddiaçı1h oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32, İddiaçı33, İddiaçı34 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs: X4) qarşı “qərarın, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarşın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1h oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 Hüseynxan oğlu, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32, İddiaçı33, İddiaçı34 (bundan sonra – iddiaçılar) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs X4 göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, Yeni massiv ərazisində giriş-çıxış üçün yol kimi istifadə etdikləri 22 saylı Avtodayanacağın "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramı" və "Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq özəlləşdirilməsi barədə xx.xx.2016-cı il tarixli qərar və xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ********** saylı qeydiyyatla **********31-06301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli vətəndaş X3 verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçı22 Hüseynxan oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, Yeni massiv ərazisində 30 ildən artıq müddətdir ki, məskunlaşmışlar. 12 ildən artıq bir müddətdir ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə bölgü əsasında sahələr göstərillməsi nəzərə alınaraq, təqdim edilmiş sahələr üzrə tikinti aparılmış, qaz, su, işıqla, kanalizasiya ilə təchiz edilmişdir. Yaşayış massivinə Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidovun adı verilmişdir. Məskunlaşma başlanandan da əvvəl ərazininin yolu qəsəbəni magistral yol ilə birləşdirən yol olmuşdur. 37 ailənin qəsəbəyə girişi qeyd edilən yol vasitəsi ilə təmin edilirdi. 2024-cü ilin əvvəlində "Kral" şadlıq sarayı kimi fəaliyyət göstərilən sahədən keçən hissə özünü yolun sahibkarı kimi təqdim edən şəxs tərəfindən yaşayış massivini qəsəbə ilə birləşdirən yol bağlandığından kənar yoldan istifadə məcburiyyətində qalmışdirlar. Cənab prezidentə qəsəbə sakinlərinin müraciətindən sonra yol acıldı və bunu qəsəbə sakinlərinə Qaradağ rayon icra nümayəndəliyi rəsmi bildirərək televiziya kanalları vasitəsi ilə nümayiş etdirildi. 2024-cü ilin avqust ayının axırında yenidən hər iki yol özünü yolun saibkarı kimi təqdim edən şəxs tərəfindən bağlanmışdır. Yol problemi səbəbindən yaşayış yerinə getməkdə çətinlik cəkir. Əvvəllər istifadə ücün acıq olan yol qanunsuz müdaxilələr səbəbindən bağlandığından uşaqların məktəbə gediş-gəlişi 4 km-dən artıq məsafədə uzanaraq çöllük sahədən keçməli olur. Qeyd edilən sahədən axşamlar ümumiyyətlə quduz heyvan təhlükəsi səbəbindən mümkünsüzdür. Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində ümumi istifadədə olan gediş-geliş yolunun zəbt edilməsi ilə əlaqəli olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin rəhbərliyinə edilmiş müraciətə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə tarixdə cavablandırılaraq bildirilmişdir ki, Yaşadığınız ünvan 1 ünvanında giriş-çıxış üçün istifadə etdiyiniz yolun xüsusi mülkiyyətdə olan ərazidən bağlanması ilə bağlı qarşılaşdığınız çətinliklə əlaqədar rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilməyiniz barədə ərizənizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Yuxarıda qeyd edilən ünvanda yerləşən və ərazisindən qəsəbəyə girişçıxış üçün yol kimi istifadə etdiyiniz 22 saylı Avtodayanacağın "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramı" və "Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydalanı'na uyğun olaraq özəlləşdirilməsi barədə xx.xx.2016-cı il tarixində qərar qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə hərracda keçirilmiş obyekt torpaq sahəsi ilə birlikdə hərracın qalibi tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətə verilmişdir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil aparatından daxil olmuş cavabda bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ********** qeydiyyatla **********31-06301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli vətəndaş X3 çıxarış verilmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıların məlumatlı olması tarixi dəqiq müəyyən edilməsə də, iddiaçılar qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdirlər.

7. Eyni zamanda, keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçılar 2018-ci ildən hərracla bağlı məlumatlı olmuşlar. Qeyd olunanlara əsasən iddiaçılar hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən hərrac barədə elə həmin vaxt məlumatlı olmuşdurlar.

8. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdırlar. Odur ki, məhkəmə hesab edir ki, həmin qərarın və keçirilmiş hərracın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

9. İddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan inzibati aktın - qərarın və hərracın tarixi 2016 və 2018-ci il olmasına baxmayaraq iddiaçılara rəsmi təqdim edilmə iş materiallarına əlavə edilmiş , Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin rəhbərliyinə edilmiş müraciətə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə cavablandırıldığından mübahisələndirmə haqqında iddianın mümkünlük şərti "İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməklə hazırki iddia bu formada məhkəməyə təqdim edilmişdir. Hakimin təqdimetmə tarixini saxtalaşdırması məhkəmə qərardatında hesab edirik ki, mübahisəsiz haldır. Hakim qeyd edir ki, Mübahisələndirilən qərar (əmlakın özəlləşdirilməsi barədə) xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə isə hərrac keçirilərək əmlak özəlləşdirilmişdir. 33. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıların məlumatlı olması tarixi dəqiq müəyyən edilməsə də, iddiaçılar qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdirlər. Eyni zamanda, keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçılar 2018-ci ildən hərracla bağlı məlumatlı olmuşlar. Qeyd olunanlara əsasən iddiaçılar hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən hərrac barədə elə həmin vaxt məlumatlı olmuşdurlar İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdırlar. Odur ki, məhkəmə hesab edir ki, həmin qərarın və keçirilmiş hərracın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. İddiaçıların bu hərracdan necə məlumatlı olmasına dair heç sübut dəlil gətirməyən hakimin subyektiv mülahizəsi yalnız tələbdən yayınmağa xidmət edən subyektiv mülahizədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı1h oğlunun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.

20. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.

21. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.

23. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.

24. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

25. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

26. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

27. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.

29. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.

30. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – iddiaçıların hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə əsaslanmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

32. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qərardadının 33-34-cü bəndlərində qeyd etmişdir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıların məlumatlı olması tarixi dəqiq müəyyən edilməsə də, iddiaçılar qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdirlər. Eyni zamanda, keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçılar 2018-ci ildən hərracla bağlı məlumatlı olmuşlar. Qeyd olunanlara əsasən iddiaçılar hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən hərrac barədə elə həmin vaxt məlumatlı olmuşdurlar. Qeyd olunanlara əsasən iddiaçılar hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən hərrac barədə elə həmin vaxt məlumatlı olmuşlar.”.

33. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı bir araşdırma aparmamış, qeyd olunan hal iş materialları ilə sübuta yetirilməmişdir.

34. Belə ki, Qərarın 33-34-cü bəndlərində qeyd edilənlər ziddiyyətlidir. Bir tərəfdən məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıların məlumatlı olması tarixi dəqiq müəyyən edilmir digər tərəfdən qeyd edir ki, iddiaçılar 2018-ci ildən hərracla bağlı məlumatlı olmuşdur. Həmçinin Kollegiya qeyd edir ki, inzibati icraat haqqında qanunvericilikdə maraqlarına toxunma ehtimalı olan şəxslərin müvafiq inzibati aktdan məlumatlı olması üçün hər hansı tədbir görməsi kimi vəzifələri də müəyyən edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi sözügedən hərracdan məlumatlı olmasını tam sübuta yetirməmiş (araşdırmadan) və qərarında qeyd etdiyi “həmin vaxt”ın hansı vaxt olmasını göstərməmişdir.

35. Həmçinin iddiaçılara ünvanlanmış məktubların (Əmlak Məsələləri Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti) onlara çatdırılma tarixləri barədə araşdırma aparmamış. Həmin məktubların ünvanlandığı şəxslər sırasında bütün iddiaçıların olub-olmamasını müəyyən etməmişdir.

36. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələləri və iddiaçıların qeyd edilən torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədlərinin olub-olmaması, özəlləşdirilən ərazinin ümumi istifadədə olan torpaq sahəsi olub-olmaması ilə bağlı məsələlər araşdırılmadan yekun nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.

38. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

39. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün birinci instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

40. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

41. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.

43. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».

44. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

45. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir.

46. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-13932/2024 nömrəli, xx.xx.2024ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar