Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1145/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-6606/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş “ictimaiyyətlə əlaqədar və təqdimat" ixtisası üzrə bakalavr dərəcəsinə dair 24 iyun 2020-ci il tarixli 46468 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının Atatürk Universitetində “ictimaiyyətlə əlaqədar və təqdimat” ixtisası üzrə qiyabi təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə dərslərdə davamlı olaraq iştirak etmiş, diploma əlavədə qeyd edilən təhsil yükünü tam olaraq mənimsəmişdir. Təhsil forması açıq yəni distant olmuşdur. Türkiyədə hər il fərqli tarixlərdə, yay aylarında belə yalnız imtahanlarda iştirak etmişdir. Lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün bəzən dərslər və imtahanlar 3-cü kursda Bakı şəhərində Anadolu Litseyində keçirilmişdir. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 24 iyun 2020-ci il tarixdə 46468 nömrəli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universitet tərəfindən verilmiş 46468 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. İddiaçı 22 mart 2021-ci il tarixdə cavabdeh AR Təhsil Nazirliyinə rəsmi internet səhifəsi vasitəsi ilə elektron ərizə ünvanlayaraq, həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, bununla bağlı cavabdehə müvafiq sənədləri təqdim etmişdir. Müraciət **********8 nömrəsi ilə qeydiyyata alınaraq, icraata qəbul edilmişdir. 12 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən müraciətdə göstərilən məsələnin həllindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılmışdır ki, ali təhsil sənədlərinin araşdırılması zamanı onun açıkögretim təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində sözügedən təhsilalma forması üzrə təhsilin təşkili və qiymətləndirmə mexanizmi nəzərdə tutulmamışdır. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən **********8 nömrəli müraciətim üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin “Müraciətə dair mənfi qərar qəbul edilməsi barədə” 12 aprel 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməli və Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli 46468 nömrəli diplom üzrə aldığı ixtisas ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamə verilməlidir. Belə ki, «Təhsil haqqında» AR Qanununun 13-cu maddəsinin 1.2 və 1.3-cü bəndlərinə əsasən Azərbaycanda qiyabi və əlavə olaraq distant (məsafədən) təhsil almaq formaları tanınır. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə görə ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, cavabdeh işin faktiki hallarını, qanunvericiliyin normalarına düzgün tətbiq etmədən, qanunsuz və əsassız olaraq müraciəti «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə istinad etməklə təmin etməmişdir (imtina etmişdir), sözügedən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş əsasları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 6 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuşdur. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-6606/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən cavabdehin imtinasının qanuni və əsaslı hesab etmiş və qərarında qeyd etmişdir ki, iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalan»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. Əlbətdəki Azərbaycan Respublikasının Təhsil sistemində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) forması ola bilməz, çünki bu forma Türkiyə Respublikasında alınan təhsil formasıdır. Məhkəmə işə baxarkən “açıq öyrətim” (açıq təhsil) formasını haqqında araşdırma aparmamış kor təbii qanunsuz qərar qəbul etmişdir. Belə ki, qardaş ölkədə Türkiyə Respublikasının Atatürk Universitetində təhsil aldığı müddətdə dərslərdə davamlı olaraq iştirak etmiş, diploma əlavədə qeyd edilən təhsil yükünü tam olaraq mənimsəmişdir. Təhsil forması isə açıq təhsil yəni distant təhsil almışdır. Türkiyədə hər il fərqli tarixlərdə, yay aylarında belə yalnız imtahanlarda iştirak etmişdir. Lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün bəzən dərslər və imtahanlar 3-cü kursda Bakı şəhərində Anadolu Litseyində iştirak etmişdir. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 24 iyun 2020-ci il tarixdə 46468 nömrəli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universitet tərəfindən verilmiş 46468 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. Məhkəmə bunların heç birini nəzərə almamış, onun hüquqlarını pozaraq qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin tələblərinə əsasən Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə qeyd ifadə etmişdir ki, sübutların qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Onu da qeyd etmək istərdi ki, təhsil aldığı Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak deyib ki, universitetin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin özünəməxsus yeri vardır. NDU ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç universitet haqqında ətraflı məlumat verərək 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi ali təhsil ocağında on minlərlə tələbənin təhsil aldığını diqqətə çatdırıb. (Açık Öğretim, alışılmış geleneksel eğitim tarzından farklı olarak, kampüse gelme zorunluluğunun olmadığı, derslerin bilgisayar ve tv vasıtasıyla sanal ortamda işlendiği, katılımcının istediği zaman bunları tekrar tekrar izleyebileceği eğitiminin adıdır.) Yəni distant təhsil formasıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş “ictimaiyyətlə əlaqədar və təqdimat" ixtisası üzrə bakalavr dərəcəsinə dair 24 iyun 2020-ci il tarixli 46468 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində müvafiq ixtisas üzrə “açıq öyrətim”, yəni “açıq təhsil” formasında təhsil almışdır. İddiaçı həmin təhsil təhsil müəssisəsi tərəfindən ona verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh məsələnin həllidən imtina etmişdir. İddiaçı hazırda imtinanı mübahisələndirir. Məhkəmənin mövqeyi isə belə olmuşdur ki, nə qədər ki, iddiaçının aldığı təhsil forması (açıq təhsil) təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təhsil formalarının heç birinə aid deyil və bu xüsusat onun aldığı təhsilin Azərbaycan Respublikasının təhsil standartlarına uyğunsuzluğunu ehtiva edir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Türkiyə Respublikasının Atatürk Universitetinin ona verdiyi 24 iyun 2020-ci il tarixdə 46468 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtina olunması qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. «Təhsil haqqında» AR Qanununun 6-cı maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Həmin Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanununun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Həmin Qanununun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; Həmin Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində “ictimaiyyətlə əlaqədar və təqdimat” ixtisası üzrə təhsil almışdır. Təhsil forması açıq öyrətim olmuşdur. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 24 iyun 2020-ci il tarixdə 46468 nömrəli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universitet tərəfindən verilmiş 46468 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. İddiaçı 22 mart 2021-ci il tarixdə AR Təhsil Nazirliyinə rəsmi internet səhifəsi vasitəsi ilə elektron ərizə ünvanlayaraq, həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətdə göstərilən məsələnin həllindən imtina edilmişdir. İşin hallarından da göründüyü kimi cavabdehin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq öyrətim) təhsilalma forması müəyyən edilməmişdir. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Belə ki, Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-6606/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən iddiaçıya verilmiş “ictimaiyyətlə əlaqədar və təqdimat" ixtisası üzrə bakalavr dərəcəsinə dair 24 iyun 2020-ci il tarixli 46468 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1145/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1145/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver