Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1146/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı keçmiş dövr üçün ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5333/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onu hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası ilə mülki vətəndaş kimi əlilliyə görə əmək pensiyası arasındakı fərqin 12.12.2006-cı ildən 01.11.2015-ci ilə qədər olan dövr üzrə hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 14.11.2018-ci il tarixdə iddiaçı ona hərbi qulluqçu kimi əmək pensiyasının təyin etməsi üçün müraciət etmişdir. İddiaçıya hərbi pensiyasının təyin edildiyi müddətdən əvvəlki 3 il üçün pensiya hesablanaraq ödənilmişdir. 01.01.2006-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 37.7.-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pesiyasının məbləği müddətin asılı olmayaraq ödənilir. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddianın rədd edilməsi üçün heç bir arqument göstərmədən bəsit qərar qəbul etmişdir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Qərar qəbul edən hakim Konstitusiyanın bu maddəsini görməzdən gələrək qərarda eyni müddəaları 4 dəfə təkrar edərək, 6 səhifəni belə boş müddəalara həsr etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddiaçı 12.12.2006-cı il tarixdən DSMF Mingəçevir şəhər şöbəsindən əlilliyə görə ümumi əsaslarla əmək pensiyası almışdır. Ona 01.11.2018-ci il tarixdən əlil hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı 01.11.2018-ci il tarixdən əvvəlki 3 il müddət üçün yenidən hesablanmış və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin aylıq pensiyanın üzərinə əlavə edilməklə ona ödənildiyini bildirir, işin bu halı mübahisəsizdir. Hazırkı iddia ilə iddiaçı əlil hərbi qulluqçu kimi əmək pensiyasının 12.12.2006-cı il tarixdən 01.11.2015-ci ilədək yenidən hesablanaraq, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ona ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi qanunsuz, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” 08.10.2020-ci il tarixli Qərardadında məhkəmələrə izah olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 98-1.4-cü maddəsinə əsasən, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə istinad edir. Halbuki, həmin normanın hər hansı kazusa tətbiq olunması üçün hüquqi vəziyyəti yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt (onun bir hissəsi, norması) hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin. başqa sözlə, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz. Odur ki, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaslanan cavabdehin 01.06.2020-ci il tarixli ********** nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5333/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1146/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1146/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver