Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1146/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12126/2021 saylı, 02 dekabr 2021-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hesablanmış əmək pensiyasında dəqiqləşdirmə apararaq, 1992-2006-cı illər nəzərə alnmaqla əmək pensiyasının yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi üzrə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 01.11.1992-01.01.2006-cı illərdə işlədiyi dövrlərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1973-1977-ci illərdə Bakı şəhərində D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda əyani ali təhsil almışdır. Əmək fəaliyyətinə isə birbaşa təyinatla 03 avqust 1977-ci tarixindən “Azərbaycan MeyvəTərəvəz Sənaye” Birliyinin Məlumat-Hesablama Mərkəzində ekspeditor kimi başlamışdır. Daha sonra 25.09.1977-02.07.1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək stajının davamı olaraq 02.07.1979-20.02.1990-cı illərdə Azərbaycan X2- Azərbaycan Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində fasiləsiz olaraq müxtəlif vəzifələrdə çalışmışdır. 21.02.1990-01.07.1996-cı illərdə Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı” (Забота) müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini vəzifəsində işləmişdir. 28.10.1996-05.03.2013-cü illərdə "xxxx" Firmasında direktor müavini icraçı direktor, 05.03.2013-cü ildən hal-hazıradək isə "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır. "xxxx" MMC "xxxx" firmasının əvəzinə yaranmışdır. Əmək pensiyası hesablanması üçün 1973-2006-cı illərə əmək stajı ümumi 33 il təşkil edir. Lakin cavabdeh əmək pensiyası hesablayan zaman 1992-2006-cı illəri əmək stajına daxil etməmişdir. Həmin illərin nəzərə alınması üçün əmək kitabçasındakı qeydləri təqdim etdikdə cavabdeh qanunsuz olaraq həmin illərə əmək haqqı cədvəllərin tələb etmişdir. Əmək kitabçasında işlədiyi bütün dövrlər qurumların rəsmi möhürləri ilə təsdiqlənmişdir. 1992-2006-cı illərə tələb olunan əmək haqqı cədvəlləri saxlanmasa da "xxxx" MMC-nin rəhbərliyi onun həqiqətən (1992- 1996-cı illərdə də "xxxx" (Бодрость)-filialinda, 1996-2013-cü illərdə isə "xxxx" firmasında) işləməyini rəsmən təsdiq edir. Bütün bunlarla bağlı rəsmi müraciətini cavabdeh əsassız olaraq qiymətləndirməmiş və əmək pensiyasını 1992-2006-cı illər (14 il) nəzərə alınmadan hesablamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 28.03.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 10.04.2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona 28.03.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01.11.1992- 01.01.2006-cı il tarixlərdə işlədiyi dövrlər də daxil edilməklə yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı müraciətinə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 15.06.2021-ci il tarixdə imtina cavabı verilmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ünvanlanan müraciətinə verilmiş imtina cavabının əsasını iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərə dair əmrlər kitabı və əmək haqqı cədvəlləri mövcud olmadığından həmin illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması təşkil edir. Belə ki, iş materiallarında olan İT ******* nömrəli 13.09.1977-ci il tarixli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 03.08.1977-28.10.1977, 02.07.1979- 04.01.1980, 04.01.1980-31.01.1986, 31.01.198614.09.1988, 14.09.1988- 06.03.1989, 21.02.1990-06.10.1992, 01.11.1992-01.07.1996, 28.10.1996-01.08.2000, 01.08.2002- 20.11.2002, 07.01.2003-05.03.2013-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı 01.11.1992-01.01.2006-cı il tarixlərdə "xxxx" MMC-də işlədiyi dövrlərə dair arxiv sənədləri "xxxx" MMC-də qarşılıqlı yoxlama zamanı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21.11.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 5.1- ci bəndinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. İddiaçı 01.11.1992- 01.01.2006-cı il tarixlərdə "xxxx" MMC-də işləməsinə dair əlavə sübutları (işə daxil olma və işdən azad olunma barədə əmr, əmək haqqı cədvəlləri və s.) təqdim edərək iş stajını təsdiq edə bilmədiyi üçün onun müraciətinə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12126/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı 01.11.1992-01.01.2006-cı il tarixlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrlərə dair arxiv sənədləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qarşılıqlı yoxlama zamanı aşkar edilməmişdir. İddiaçı 01.11.1992-01.01.2006-cı il tarixlərdə "xxxx" firmasında işləməsinə dair əlavə sübutları (işə daxil olma və işdən azad olunma barədə əmr, əmrlər kitabından çıxarış, sığorta haqlarının ödənilməsinə dair sübutlar, əmək haqqı cədvəlləri və s.) təqdim edərək iş stajını təsdiq edə bilmədiyi üçün onun müraciətinə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etriraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı 01.11.1992-01.01.2006-cı il tarixlərdə "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmişdir. Həmin işlədiyi illər ona məxsus əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh iddiaçının 01.11.1992-01.01.2006-cı il tarixlərdə "xxxx" MMC-də işlədiyi dövrlərə dair arxiv sənədlərin təqdim edilməməsini əsas gətirərək iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq Məhkəmə kollegiyası qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X12) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlara nəzər yetirir: İş materiallarında olan ASAN 2 tərəfindən 22.04.2021-ci ildə verilmiş AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1956-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyyatdadır. - ВЧ seriyalı 055501 №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 02.11.1977-ci ildən 08.05.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İT-İ seriyalı 002532 №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 03.08.1977-cü ildən 05.03.2013-cü il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. - 952094 №li pensiya işi üzrə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 18.06.2021-ci il tarixli **********0 №li qərarından görünür ki, İddiaçı 28.03.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə 212,48 manat məbləğində pensiya təyin olunmuşdur. Qərarın qeyd hissəsində göstərilmişdir ki, "xxxx" MMC-də işlədiyi dövr (1992- 2006) arxiv sənədləri saxlanmaması səbəbindən yoxlamaq mümkün olmamışdır. Buna görə həmin illər sığorta stajına daxil edilmədi. Yenidən hesablama zamanı məbləğ dəyişmədi. İT-İ seriyalı ******* nömrəli 13.09.1977-ci il tarixli əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 03.08.1977-cı ildə “Azərmeyvətərəvəzsənaye” birliyinin İnformasiya-hesablama mərkəzində Agent-ekspeditor vəzifəsinə qbul edilmişdir (Əmr № 130, 02.08.1977-ci il); 20.09.1977-ci ildə iqtisadçı vəzifəsinə keçrilmişdir (Əmr № 172, 20.09.1977-ci il); 17.10.1977-ci ildə mühəndistexnoloq vəzifəsinə keçirilmişdir ( Əmr № 198, 17.10.1977-ci il); 25.10.1977-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir ( Əmr № 199, 25.10.1977-ci il); 02.07.1979-cu ildə Sovet Ordusu sıralarından hərbi xidmətdən qayıdan şəxs kimi iqtisadçı vəzifəsinə qəbul edilmişdir ( Əmr № 100/k b2, 02.07.1979-cu il); 04.01.1980-ci ildə Maddi-texniki təchizatı idarəsinə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir ( Əmr № 3, 03.01.1980-ci il); 04.01.1980-ci ildə “Azmeyvətərəvəzsənaye” Aqrar sənaye birliyi İHM-dən köçürmə yoluu ilə MTTİ-nə baş iqtisadçı vəzifəsinə təyin edilmişdir ( Əmr № 08/k, 04.01.1980-ci il); 22.07.1981-ci ildə MTTİ-nin avtomaşınların, traktorların kənd təsərrüfatı maşınlarının təchizatı şöbəsinə baş mühəndis keçirilmişdir ( Əmr № 683/k, 22.07.1981-ci); 31.05.1982ci ildə MTTİ-nin yayma, qara mtallar, borular, metizlərin təchizatı şöbəsinə baş iqtisadçı vəzifəsinə keçirillmişdir ( Əmr № 829/k, 31.05.1982-ci il); 29.11.1982-ci ildə MTTİ-nin avtomaşınların, traktorların, kənd təsərrüftı maşınlarının təchizatı şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir ( Əmr № 2116/k, 29.11.1982-ci il); 31.01.1986-cı ildə Azərbaycan MTT Nazirliyinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan SSR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq Dövlətaqrarsənayeyə köçürülmə qaydasında tutduğu vəzifədən azad edilmişdir (Əmr № 144/k, 06.03.1986-ci il); 31.01.1986-cı ildə Azərbaycan SSR Dövlətaqrarsənayeyə köçürülmə qaydasında Maddi texniki təchizat Baş idarəsinin ikincili sənaye xammallarının istifadəsi üzrə şöbəyə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir. (Əmr № 142, 31.01.1986-ci il); 14.09.1988-ci ildə Az SSR ƏM 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq “Azəraqropromtara” İB-nə köçürülməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilib ( Əmr № 905k, 14.09.1988-ci il); 14.09.1988-ci il Azərbaycan SSR Dövlətaqrar sənayenin “Azəraqropromtara” X6 yolu illə meyvə tərəvəz və üzüm tarası və meşə xammalı resursları istehsalı şöbəsinə keyfiiyyət üzrə baş mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr № 7k, 14.09.1988-ci il); 06.02.1989-cu ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 14k, 06.03.1989-ci il); 30.03.1989-cu ildə Azəraycan SSR Aqrar sənaye komitəsi “Resurs” Kooperativi Baş İqtisadçı vəzifəsinə təyin edilmişdir ( Əmr № 02, 30.03.1989-cu il); 20.02.1990-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 06k, 20.02.1990-ci il); 21.02.1990-cı ildə Mərhəmət və sağlamlıq X11 vilayət bölməsində Sverdlovsk vilayət təsərrüfat hesablı müəssisəsi-VTHM “Забота” köçürmə yolu ilə "xxxx" filialına direktor müavini vəzifəsinə qəbul edilmişdir ( Əmr № 9, 21.02.1990-ci il); 06.10.1992-ci ildə RF ƏMM-nin 31-ci maddəsinə uyğun olaraq öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 42, 06.10.1992-ci il); 01.11.1992-ci ildə Sverdlovsk VTHM “Забота” "xxxx" Filialına Ştat cədvəlinə uyğun olaraq filial direktorunun müavini vəzifəsinə təyin edilmişdir (Əmr № 17, 01.11.1992-ci il); 01.07.1996-ci ildə Bakı şəhər "xxxx" filialının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (Əmr № 28, 01.07.1996-ci il); 28.10.1996-ci il tarixində "xxxx" firmasına direktor müavini vəzifəsinə təyin olunmuşdur (əmr №01. 28.10.1996-ci il) 01.08.2002-ci ildə vəzifəsindən azad edilmişdir (əmr №05 01.08.2002).01.08.2002-ci il tarixində "xxxx" firmasına yenidən direktor müavini vəzifəsinə təyin olunmuşdur (Əmr № 10, 01.08.2002-ci il); 20.11.2002-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 19, 20.11.2002-ci il); 07.01.2003-cü ildə "xxxx" firmasına baş mühasib vəzifəsinə qəbul olunmuşdur; 05.01.2011-ci ildə "xxxx" firmasına icraçı direktor vəzifəsinə təyin olunmuşdur (Əmr № 01, 05.01.2011-ci il); 05.03.2013-cü ildə "xxxx" firması əvəzinə "xxxx" MMC yaranması ilə əlaqədar olaraq MMC-yə baş mühasib vəzifəsinə təyin olunmuşdur ( Əmr № 03, 05.03.2014-ci il). -"xxxx" MMC tərəfindən verillmiş 04.11.2021-ci il tarixli 01 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 21 fevral 1990 - 01 iyul 1996-cı illər ərzində Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı (Забота)” müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini vəzifəsində işləmişdir. 28 oktyabr 1996-cı ildən - 01 aprel 2006-cı ilədək "xxxx" (Бодрость Filialının bazasında yaranmış "xxxx" firmasında direktor müavini 2003-cü idən isə baş mühasib vəzifəsində işləmişdir. İddiaçı hal - hazırda "xxxx" firmasının bazasında yaranmış (05.03.2013-cü il) "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. Bundan başqa, iş materiallarında olan X1 Qeydiyyatı haqqında 22639 №-li şəhadətnamənin notarial qaydada təsdiq olunuş surətindən müəyyən olunur ki, "xxxx" firması 03 aprel 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" Firması 03.04.1995-ci ildə (VÖEN) ********** dövlət qeydiyyatına alınmışdır (əvvəlki qeydiyyat 22639). Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən edilmiş 11 oktyabr 2010-cu il tarixli dəyişiklikdən müəyyən olunur ki, 03.04.1995-ci il tarixdə 22639 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" firmasının nizamnaməsində dəyişiklik edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən dövrü şərti olaraq 2 hissəyə ayırmaq olar: 1) İddiaçının 01.11.1992-ci ildən 01.07.1996-cı ilədək Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı (Забота)” müəssisəsinin "xxxx" (Бодрость) filialında direktor müavini işlədiyi dövr; 2) 28.10.1996-cı ildən 01.01.2006-cı ilədək "xxxx" firmasında işlədiyi dövr. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 01.11.1992-01.01.2006-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırması zamanı da "xxxx" firmasının 03.04.1995-ci ildə (VÖEN) ********** dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. İddiaçının mübahisələndirilən digər dövr olan 01.11.1992-ci ildən 01.07.1996-cı ilədək Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı (Забота)” müəssisəsinin "xxxx" (Бодрость) filialında işlədiyi dövrlə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Yekaterinburq (keçmiş Sverdlovsk) vilayət təsərrüfat hesablı “Qayğı (Забота)” müəssisəsinin "xxxx" (Бодрость) filialının arxiv sənədlərinin Azərbaycan Respublikasının dövlət arxivinə və dövlət arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi müəyyən edilmişdir. Lakin bu hal yuxarıda qeyd edilən əsaslardan irəli gələrək iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Belə ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birlikdə həmin filialda işləyən şəxsə (X3) əmək pensiyası təyin edilmiş və həmin dövrlər onun pensiyası hesablanan zamanı nəzərə alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı ilə birlikdə sözügedən müəssisədə işləyən X3 məxsus 083909 №-li “pensiya işi”ndən müəyyən olunur ki, DSMF Nizami rayon şöbəsi tərəfindən İddiaçı 27.12.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış 21 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubda bildirilir ki, vətəndaş X4 təqdim etdiyi əmək kitabçasına əsasən Sverdlovsk vilayət Təsərrüfat hesablı “Qayğı” müəssisəsinin Bakı şəhərində yerləşən "xxxx" filialında işlədiyi dövr ona əmək pensiyası hesablanarkən nəzərə alınıb. Belə olan halda Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun prinsiplərini nəzərdən keçirir. “İnzibati icraat haqqında” Qanunun12-ci maddəsi bərabərlik prinsipindən bəhs edir: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13-cü maddəsi etimad hüququnun qorunması prinsipindən bəhs edir: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnzibati icraatın prinsiplərindən də göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının etimad hüququ qorunmalıdır. Həmçinin, iddiaçı ilə eyni dövrdə eyni müəssisədə işləyən şəxsə münasibətdə həmin dövrlərin pensiya hesablanan zamanı nəzərə alınması hazırki halda isə iddiaçıya münasibətdəisə mübahisələndirilməsi inzibati orqan tərəfindən bərabərlik prinsipinin pozulması deməkdir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12126/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1146/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1146/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver