Məhkəmə qərarları › İş №2-1(103)-1146/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1146/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1146/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dayandırıldığı tarixdən əmək pensiyasının bərpa edilərək ödənilməsi» tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4159/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçının əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin həyata keçirilməsi, dayandırmanın ləğv edilərək pensiya ödənişinin bərpa edilməsi və pensiya ödənişlinin dayandırılmasının cavabdehə qadağan edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Daha sonra, iddiaçı məhkəməyə iddianın dəyişdirilərək «iddiaçının əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılması və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə» kimi qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1972-ci ildən 1993-cü ilə qədər X8 Daşları Qazma İdarəsində və X9 X3 İdarəsində, "xxxx" Şirkətinin istismar etdiyi Azəri, Çıraq, Günəşli və Türkmənistanın istismar etdiyi Kəpəz, Barinova, Qubkina, Jdanov və Promejutoçnaya dəniz neft mədənlənin kəşf ediləsində iştirak etmişdir. 1993-cü ildən isə, ABŞ-ın İPESCO, ADVANCED DRİLLİNG COMPANY və OXSUS ENERGY şirkətlərində çalışmışdır. 2020-ci ilin dekabr ayınadək təqaüdünü vaxtında almış, “COVİD 19” pandemiyası başladıqdan sonra onun pensiya ödənişi dayandırılmışdır. Ona təkcə məktub göndərilmiş, pensiya ilə bağlı barəsində hər hansı inzibati aktın qəbul edilib-edilməməsi ilə bağlı isə məlumat verilməmişdir. Halbuki o təqaüdlə yaşayır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunun onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır İddiaçı sonradan məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə ilə müraciət edərək əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılması və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4159/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz sayılması və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi Filialın üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 departamenti tərəfindən araşdırılmış və ona təyin olunmuş əmək pensiyası 6 noyabr 2020-ci il tarixdə dayandırılmışdır. İddiaçının 02 yanvar 1997-ci il tarixində tərtib olunmuş l/İT-0134438 nömrəli əmək kitabçasının 8-9-cu səhifələrində onun 25 noyabr 2002-ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək “Oksus enerji” şirkətində işlədiyi aydın olur. Amma “Oksus enerji” X1 nümayəndəliyi Bakı şəhər Vergilər Departamentində 15 may 2003-cü il tarixində uçota, 27 mart 2003-cü il tarixdə isə AR Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Yəni ki, iddiaçının həmin müəssisədə işlədiyini iddia etdiyi dövrdə o müəssisə dövlət qeydiyyatından keçməmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyindən VÖEN almamışdır. Buna görə də bu məsələ iddiaçının həmin müəssisədə işləyib, əmək haqqı alması faktının mötəbərliyinə əsaslı şübhələr yaradır. İddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir.Odur ki, iddianı təmin edilməsi barədə qərarın maddi hüquq normalarının pozulması hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarına, o cümlədən, iddia ərizəsinə, cavabdehin iddia ərizəsinə dair etirazına və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, 1947-ci il təvəllüdlüdlü iddiaçıya xx.xx.2006-cı il tarixdən (DSMF-nin Səbail rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə) təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ona xx.xx.2020-ci il tarixinədək ödənildiyi və həmin tarixdən pensiya ödənişinin cavabdeh tərəfindən dayandırıldığı işin mübahisələndirilməyən halıdır. İşdən görünür ki, iddiaçının bununla bağlı cavabdeh orqana müraciəti, müsbət nəticə verməmiş, pensiyası pərpa olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xx.xx.2020-ci il tarixdən dayandırılması qanunsuzdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinin tələbinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qanunvericiliyin qeyd olunan tələblərni nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması barədə pensiyatəyinedicisinin xx.xx.2008-ci il tarixli qərarı bu günə qədər qüvvədə olduğu halda, onun etimad göstərdiyi həmin qərara əsasən ona ödənilən pensiya ödənişinin xx.xx.2020-ci il tarixdən faktiki hərəkətlərlə dayandırılması qanuna zidd hərəkdir. Bundan əlavə, cavabdeh tərəfindən pensiya ödənişi dayandırılarkən inzibati icraat qaydalarına da riayət olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İddia ərizəsindən, habelə, cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq iddiaçının əmək pensiyası dayandırılarkən bununla bağlı pensiyaçının (iddiaçının) iştirakı da təmin olunmamış, ümumiyyətlə inzibati icraat başlanılmamış, bununla da onun inzibati icraat haqqında hüquq normaları ilə müəyyən olunan hüquqları pozulmuşdur. Onu da qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)» Qeyd olunanları nəzərə alan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən pensiyasının bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdeh Filialın üzərinə qoyulması mahiyyəti üzrə maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)- 4159/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4159/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar