Məhkəmə qərarları › İş №2-1(103)-1146/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1146/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1146/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “mənzil sahəsinin yenidən ölçülərək faktiki ölçülərə uyğun yeni çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MTK cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 3-cü şəxs qismində göstərilməklə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanında yüksəkmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 1 nömrəli mənzilə (Xətai prospekti 38, blok C2, 12-ci mərtəbəsindəki 307 nömrəli mənzilə) verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, İddiaçı MTK-nın əməkdaşlarının iştirakı ilə mənzil sahəsinin yenidən ölçülüb reallığı əks etdirən yeni çıxarış və texniki pasportun verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsi 130.0 kv.m-dən artıq təşkil etdiyi müəyyən olunmuşdur. Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələr-0,3, şüşəbənd və lociyalar-0,5, eyvanlar (verandalar)-l,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edildiyindən, qeyd olunan mənzilmumi sahəsi 121.9 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin həmin imtinasını qanunsuz və əsassız hesab edirlər. Belə ki, İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra ismin müvafiq halında İddiaçı MTK) Bakı şəhəri, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış kompleksi inşa etmişdir. Həmin binada olan mənzillərin bir qismi müqavilə əsasında, digər qismi isə mənzil sertifikatı əsasında ayrıayrı vətəndaşlara satılmışdır. O cümlədən, sözügedən mənzil İddiaçı MTK tərəfindən buraxılmış MS seriyalı, 00320 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı üzrə tələblər vətəndaş X1 adından xx.xx.2011-ci il tarixdə X3 ötürülmüşdür. Sonradan vətəndaş Leyla Ağayeva özündə olan ilkin hüquqmüəyyənedici sənəd olan xx.xx.2011-ci il tarixli mənzil sertifikatı əsasında həmin mənzilə dair reyestr çıxarışın alınması üçün Dövlət Reyestr Xidmətinə müraciət etmiş və ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi olan reyestr çıxarışı və texniki pasport verilmiş və həmin çıxarışda mənzilin ümumi sahəsi mənzil sertifikatında göstərilən sahədən 12,25 kv.m az olmaqla 121.9 kv.m kimi qeyd olunmuşdur. Bu da onun narazılığına səbəb olmuşdur. Cavabdeh öz imtina məktubunda mənzilin faktiki ümumi sahəsinin 130.0 kv.m təşkil etdiyini təsdiq etsə də, təəssüf ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına istinad edərək həmin mənzilin faktiki mövcud olan ümumi sahəsindən az olmaqla 121.9 kv.m olduğunu təsdiqləmiş və bununla da mülki qanunvericiliyin tələblərin kobud şəkildə pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş ilkin hüquqmüəyyənedici sənəd olan xx.xx.2011-ci il tarixli mənzil sertifikatında sözügedən mənzilin ümumi sahəsi həmin vaxt qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq hesablanılmaqla 130.0 kv.m müəyyənləşmişdir. Belə olan halda, cavabdeh tərəfindən vətəndaşa çıxarış verərkən xx.xx.2011-ci cil tarixli mənzil sertifikatının verilməsindən sonra, yəni 2012-ci ildə qüvvəyə minmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinad etmişdir ki, həmin qərarın da, geriyə qüvvəsi ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəllənin 7.3-cü maddəsinə görə mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Göründüyü kimi mövcud vəziyyətdə cavabdehin istinad etmiş olduğu və sonradan qəbul olunmuş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları“ məhz vətəndaşın vəziyyətini açıq- aşkar şəkildə pisləşdirən və ona ziyan vuran normativ-hüquqi akt olduğundan həmin qərarın qüvvəsi geriyə şamil ola bilməz. Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi məqsədilə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq çoxmənzilli binaların siyahısı müəyyənləşdirilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırırılar ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında çoxmərtəbəli yaşayış kompleksi inşa edilrkən həmin binanın və binadakı mənzillərin ümumi sahələrinə dair tərtib olunmuş işçi layihə planı Bakı şəhər İcra Hakimiyyətinin Baş memarı tərəfindən xx.xx.2007-ci il tarixli 18/4-499 nömrə ilə təsdiqlənmişdir ki, həmin işçi layihədə də, binada yerləşən mənzillərin ümumi sahəsi konkret müəyyənləşdirimişdir. Bu səbəbdən də, hesab edirlər ki, mənzillərin ümumi sahəsinə dair sonradan qəbul olunmuş və 2012-ci ildə qüvvəyə minmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” geriyə şamil edilə bilməz. Həmçinin cavabdeh tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” geriyə şamil edilərək mənzillərin faktiki ümumi sahələrinin belə azaldılması zamanı həmin mənzillərin alğı-satqısı həyata keçirildikdə hər mənzilin 1 kv.m-də dövlətə 40 manat civarında ziyan dəymiş olur. Məhz bu baxımdan da, hesab edirlər ki, sözügedən qaydaların geriyə şamil olunması halları qanunazidd və yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-28596/2023 **********96 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, X2 ********** qeydiyyat nömrəli ərizəsinin icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin 130.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Lakin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edildiyindən, qeyd olunan mənzil - ümumi sahəsi 121.9 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. - Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış MS-N seriyalı 000320 nömrəli Mənzil Sertifikatına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 134,15 kv.m, yaşayış sahəsi 76,77 kv.m, tavanın hündürlüyü 3,30 m, otaqlarının sayı 3 olan mənzil sertifikatının sahibi X5 olmaqla o, xüsusi mülkiyyət hüququnu xx.xx.2012-ci il tarixdən gec olmayaraq qeyri şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Mənzil sertifikatının sahibinə verilmə tarixi 07 aprel 2011-ci il qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 121.90 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 307, Yeni Qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayonu, Xətai prospekti 170, M13, mənzil 1 xüsusi mülkiyyət xx.xx.2020-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair X2 adına xx.xx.2020-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzilin ümumi sahəsi 121.9 kv.m, yaşayış sahəsi 76.8 kv.m göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-494/2022 saylı mülki iş üzrə verilmiş 10/2734 nömrəli 10 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 nömrəli 3 otaqdan ibarət mənzilin sahəsinin 121.3 kv.m təşkil etdiyi və həmin sahənin İddiaçı MTK tərəfindən verilmiş MS-N seriyalı 00320 nömrəli Mənzil Sertifikatında göstərilən sahəyə (134.15 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən verilmiş MS-N seriyalı 00320 nömrəli Mənzil Sertifikatında Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 nömrəli 3 otaqdan ibarət mənzilin sahəsinin hansı qayda da hesablanması göstərilmədiyindən mövcud olan uyğunsuzluğun əsaslarını və səbəblərini müəyyən etmək mümkün olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmiş, həmçinin hazırda mübahisəli mənzilin başqa hüquq sahibi (mülkiyyətçisi) olmasına baxmayaraq heç bir subyektiv hüququ olmadığı mənzilə dair hüquqi və texniki aktların ləğv edilməsi barədə tələb irəli sürmüşdür.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanında yüksəkmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 1 nömrəli mənzil (Xətai prospekti 38, blok C2, 12-ci mərtəbəsindəki 307 nömrəli mənzil ) İddiaçı MTK tərəfindən inşa edilərək, MS seriyalı, 00320 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı üzrə tələblər vətəndaş X1 adından xx.xx.2011-ci il tarixdə X3 ötürülmüşdür. Sonradan vətəndaş Leyla Ağayeva özündə olan ilkin hüquqmüəyyənedici sənəd olan xx.xx.2011-ci il tarixli mənzil sertifikatı əsasında həmin mənzilə dair reyestr çıxarışın alınması üçün Dövlət Reyestr Xidmətinə müraciət etmiş və ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi olan reyestr çıxarışı və texniki pasport verilmiş və həmin çıxarışda mənzilin ümumi sahəsi mənzil sertifikatında göstərilən sahədən 12,25 kv.m az olmaqla 121.9 kv.m kimi qeyd olunmuşdur. Bu da onun narazılığına səbəb olmuş və hazırkı iş üzrə üçüncü şəxs İddiaçı MTK-ya qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldıraraq "xxxx"nı xahiş etmişdir. MTK isə hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi mübahisəli mənzil iddiaçı MTK tərəfindən inşa edilmiş və cavabdeh orqan tərəfindən həmin mənzilə dair çıxarış və yeni texniki pasport verilərkən çatışmayan mənzil sahəsinə görə mülki məhkəmə icraatı qaydasında kooperativdən həmin sahənin dəyərinin qaytarılmasının tələb olunması birbaşa kooperativin əmlak hüquqlarının və digər qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Göründüyü kimi İddiaçı MTK-nın hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı MTK-nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanında yüksəkmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 1 nömrəli mənzilə (Xətai prospekti 38, blok C2, 12-ci mərtəbəsindəki 307 nömrəli mənzilə) verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, İddiaçı MTK-nın əməkdaşlarının iştirakı ilə mənzil sahəsinin yenidən ölçülüb reallığı əks etdirən yeni çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar