Məhkəmə qərarları › İş №2-1(103)-1147/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1147/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1147/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və sərhədləri təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və sərhədləri təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. “Torpaq sahələri ayrılması” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 293 saylı 2 sentyabr 1991-ci il tarixli Qərarınan görünür ki, Bakı şəhərinin Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evlərinin, habelə sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416.0 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında” Maştağa qəsəbəsi üzrə LRİHN-nin 29 saylı 22 fevral 1992-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarı əsas götürülərək, Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyatyanı torpaq fondu ayrılmış, Bakı şəhər icra Hakimiyyətinin baş planına uyğun olaraq Maştağa qəsəbəsi, Aslanov döngəsi, ev 3-də yaşayan İddiaçı 600 kv.m. həyatyanı torpaq sahəsinin ayrılması, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq, hər ailəyə 0,12 hektar həyatyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair 30/35b saylı 16.03.2002-ci il tarixli hesabatından görünür ki, Maştağa qəsəbəsi, 14“b” ünvanda, Maştağa bələdiyyəsinin 16 nömrəli 07.02.2002-ci il tarixli məktubuna əsasən mülkiyyətçi İddiaçı məxsus 1995-ci ildə tikilmiş yaşayış evi, ayaqyolu, hasar, qapı-əmlakın on beş milyon yüz otuz doqquz min iki yüz qırx iki manat inventar dəyəri təsdiq edilmişdir. Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən 20.06.2016-cı il (lisenziya 089566 nömrəli, qeydiyyat nömrəsi İN/L-1479/2016) tarixində verilmiş, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi haqqında 09.03.2020-ci il tarixli, 5675 nömrəli Memarlıq və Planlaşdırma bölməsindən görünür ki, hüquq subyekti X2 aid olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 14 B saylı sahə layihələşdirilmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin təsərüfat şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş yerləşmə sxeminə əsasən Maştağa qəsəbəsində İddiaçı ayrılmış 14 “B” saylı 600 kv.metr olan torpaq sahəsinin ölçüləri, konfiqurasiyası, tərpənməz nöqtələri əks olunmuşdur. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 14 “B” saylı 0,6 ha sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və sərhədləri təsdiq edən sənədlərin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********99 saylı 13 may 2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsinin ayrılması Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətləri xaricindədir, bununla əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 14 “B” saylı 0,6 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və sərhədləri təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 293 saylı 02.09.1991-ci il tarixli Qərarına əsasən 22 fevral 1992-ci il tarixli 29 nömrəli Maştağa qəsəbəsi üzrə Lenin rayon İcra Hakimiyyəti (indiki Sabunçu rayon İcra Hakimiyyəti) tərəfindən, qərardan çıxarışa əsasən fərdi evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən 14 “B” saylı 0,6 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. O, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qeyd edilən torpağa dair mülkiyyətini təsdiq edən çıxarışı və torpağın xəritədə göstərən sxemin verilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Qeyd olunan torpağın üzərində artıq ev tikilmiş və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirməsinə dair 16.03.2002-ci il tarixli 30/35b saylı hesabat sənədi tərtib edilmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə smeta bürosunun Memarlıq və Planlaşdırma bölməsi tərəfindən evin eskiz layihəsi tərtib edilmişdir. Cavabdehin etirazları: Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iddiaya dair yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən 2-1(112)-5075/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərar ləğv olunmalıdır. İddiaçı müvafiq torpaq sahəsinə dair plan və ölçünün verilməsi ilə bağlı 13.03.2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə dair iddiaçının adına olan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan əlavə, ərizəyə əlavə edilmiş Maştağa qəsəbə nümayəndəliyinin 22 fevral 1992-ci il tarixli, 29 saylı qərarının torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 06 iyun 2012-ci il tarixədək qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də qeyd edilməmişdir. Həmçinin, yerli icra hakimiyyəti nümayəndələrinin fiziki və hüquqi şəxslərə torpaq sahəsi ayırmaq səlahiyyəti qanunvericilikdə və adı çəkilən Əsasnamələrdə nəzərdə tutulmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri üçün həyətyanı torpaq fondu ayrılmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsini ayırmaq səlahiyyəti birbaşa rayon (şəhər) icra hakimiyyəti başçılarının səlahiyyətinə aiddir (2001-ci il 1 yanvar tarixinə kimi). Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarında torpaq sahəsi ayırmaqla bağlı Maştağa qəsəbə nümayəndəliyinə hər hansı səlahiyyət verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarında iddiaçıya torpaq sahəsinin ayrılması konkret nəzərdə tutulmamışdır. Qeyd olunanlardan əlavə, birinci instansiya məhkəməsinin “hüquqmüəyyənedici sənəd” kimi istinad etdiyi Maştağa qəsəbə nümayəndəliyinin 29 nömrəli, 22 fevral 1992-ci il tarixli qərardan çıxarışda iddiaçıya faktiki verilən torpaq sahəsinin ölçüsünün 600 kv.m (0,06 ha) olması qeyd edilsə də, qanunsuz olaraq həm iddia ərizəsində, həm də məhkəmə qərarında torpaq sahəsinin ölçüsünün 6000,0 kv.m (0,6 ha, yəni 60 sot) olması qeyd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmiş və müvafiq məhkəmə qərarı qanunvericiliyə uyğun şəkildə əsaslandırılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə üzrə LRİHN-nin 29 saylı 22 fevral 1992-ci il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 14 “B” saylı 0,6 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və sərhədləri təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə LRİHN-nin Maştağa qəsəbə nümayəndəliyinin Maştağa qəsəbəsində torpaq ayrılması səlahiyyətinın olmaması barədə cavabdehin dəlilinin əsassız olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, iddiaçının hazırki iş üzrə iddia tələbinin təmin olunması üçün ona ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin olub-olmadığının, həmin torpaqayrıma sənədini verən orqanın buna səlahiyyətli olub-olmamasının araşdırılması zəruridir. Hazırki işdən müəyyən olunur ki, iddiaçıya üzərində onun mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Maştağa qəsəbəsi üzrə LRİHN-nin 29 saylı 22 fevral 1992-ci il tarixli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İşdə olan “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında” Maştağa qəsəbəsi üzrə LRİHN-nin 29 saylı 22 fevral 1992-ci il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyatyanı torpaq fondu ayrılmış, Bakı şəhər icra Hakimiyyətinin baş planına uyğun olaraq Maştağa qəsəbəsi, Aslanov döngəsi, ev 3-də yaşayan İddiaçı 600 kv.m. həyatyanı torpaq sahəsi ayrılması, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” adlanan 8-ci maddəsində hansı sənədlərin daşınmaz əmlak üzərində hüquqların qeydi üçün əsas olduğu sadalanmışdır. Həmin sənədlər sırasında 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Göründüyü kimi, iddiaçıya Maştağa qəsəbə nümayəndəliyi tərəfindən 22 fevral 1992-ci il tarixdə müvafiq torpaq sahəsi ayrılarkən həmin orqanın nə 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində, nə də həmin Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş yuxarıda adı çəkilən Siyahıda sadalananlara uyğun olaraq torpaqayırma səlahiyyəti olmamışdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, işə birinci instansiya qaydasında baxan məhkəmə iddianı təmin etmə əsaslarından biri kimi həm də “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına istinad etmişdir. Belə ki, sözügedən Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsinin təsis edilməsi, 6-ci bəndinə əsasən rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərində, qəsəbələrində, şəhərlərində (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilməsi və rayon, şəhər icra hakimiyyətinin başçısı tərəfindən kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrinin təyin edilməsi həmin nümayəndələrə torpaqayırma səlahiyyətinin verilməsi kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, ayrı-ayrı zamanlarda müvafiq səlahiyyətlərin, o cümlədən torpaq ayırma səlahiyyətinin hansı orqana (məsuli şəxslərə) aid olması qanunvericilikdə və qanun qüvvəli aktlarda öz əksini tapmışdır. Həmin sadalanan qanunvericilik aktlarında isə iddiaçıya 22 fevral 1992-ci il tarixdə müvafiq torpaq sahəsi ayrılarkən Maştağa qəsəbə nümayəndəliyinin buna səlahiyyətli olması nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçının irəli sürdüyü iddia tələbi üzrə hüquqi dəyərləndirmə birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, iddiaçı ona Maştağa qəsəbə nümayəndəliyinin 22 fevral 1992-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ayrıldığını əsaslandıra bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. İddiaçının “torpaq sahəsinin sərhədlərini təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə gəldikdə isə Kollegiya nəzərə alır ki, bu tələb iddiaçının əsas tələbinə əlavə olaraq verildiyindən və əsas tələbinin təmin olunmaması səbəbindən, qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı təmin olunmamalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5075/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar