Məhkəmə qərarları › İş №2-1(103)-1147/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1147/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1147/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-944/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-944/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-944/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 24010,32 manat təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi esabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22874,57 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" ASC-nin 31 oktyabr 2019-cu il tarixli 01/169 saylı arxiv arayışında bildirilir ki, “X3” ASC-nin hüquqi varisi "xxxx" ASC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: xx.xx.1982-ci ildən Texniki nəzarət şöbəsinə (OTK) 3-cü dərəcəli çilingər işləri üzrə nəzarətçi peşəsinə işə qəbul edilmişdir. Əmr № 193/k, xx.xx.1982-ci il; xx.xx.1985-ci ildən həmin sexdə 4-cü dərəcəli nəzarətçi; əmr № 173/k xx.xx.1985; xx.xx.1993-cü ildən 2 saylı Mexaniki yığma sexində anbardar; əmr № 148/k, xx.xx.1993-cü il; xx.xx.1993-cü ildən Texniki nəzarət şöbəsinə 4-cü dər. nəzarətçi; əmr № 274/k, xx.xx.1993-cü il; xx.xx.1997-ci ildən 5-ci dər. nəzarətçi; əmr № 28/k nömrəli xx.xx.1997-ci il; xx.xx.1999-cu ildən Baş texnoloq şöbəsində anbar müdiri; əmr № 162/k, xx.xx.1999-cu il; xx.xx.2000-ci ildən Alət təsərrüfatı şöbəsinə anbar müdiri; əmr № 05/k, xx.xx.2000-ci il; xx.xx.2000-ci ildən Alət bürosuna anbardar keçirilir; Əmr № 21/k, xx.xx.2000-ci il; xx.xx.2007-ci ildən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən işdən azad olunmuşdur. Əmr № 64/k, xx.xx.2007-ci il. İş materiallarında olan "xxxx" ASC-nin 01/170 nömrəli, 31 oktyabr 2019-cu il tarixli arxiv arayışında bildirilir ki, SSRİ Neftkimyamaşmqayırma Sənayesi Nazirliyinin 110 saylı 29 mart 1988-ci il tarixli əmrinə əsasən “Ümumittifaqneftmaş” ÜSB-nin X3 “Bakneftmaş” İstehsalat birliyi adlandırılıb. “Azneftmaş” Konsernin 106 saylı 30 dekabr 1992-ci il tarixli əmrinə əsasən “Bakneftmaş” İB “Azneftmaş” X1 Zavodu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 551 saylı 03 may 1993- cü il tarixli Fərmanı ilə “Azneftmaş” X1 Zavodu "xxxx" Dövlət Şirkətinin X3 adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkətinin X3 "xxxx" ASC-nin “X3” X7 Cəmiyyəti adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 60 saylı 1 aprel 2009-cu il tarixli Sərəncamına əsasən "xxxx" ASC-nin “X3” TASC-i "xxxx" TASC-nin ərazisinə köçürülmüş və ona qoşularaq yeni adla "xxxx" TASC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 258 saylı 05 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən "xxxx" X7 Cəmiyyəti (TASC) ləğv edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 25 iyun 2020-ci il tarixli 10 nömrəli güzəştli arayışında qeyd olunur ki, xx xxxxxx 1964-cu il tarixdə doğulmuş İddiaçı "xxxx" ASC-də keçmiş Bakı Kimya-Əczaçılıq Zavodunda aşağıdakı vəzifələrdə işləyib: xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək məlhəm, pasta və yod istehsalı sexində qablaşdırıcı. Siyahı № 2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücüqablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Məlhəm, pasta və yod istehsalı sexində aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, Solidol məlhəmi, Yod, Kükürd məlhəmi, Sink məlhəmi, Ammiak, İxtiol məlhəmi, Teymurov pastası, Viprosal «B» məlhəmi, Kamfora yağı, Kamfora spirti, Kseroform məlhəmi, Balzamlı liniment, Salisil məlhəmi, Leyner məlhəmi və s. 18-ci bölmədə göstərilən preparatlardan həmin sexdə kükürdün üzvü birləşmələrdən – Kükürd məlhəmi, Metal üzvi birləşmələrdən, qurğuşun asetat birləşmələrindən və sink oksidindən – Teymurov pastası, Sink məlhəmi, Viprosal «B» məlhəmi – ilan zəhərindən (gürzə) istifadə olunub. İddiaçı 10 il, 8 ay, 8 gün zərərli iş stajına malikdir. Siyahı № 2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Azərbaycan Respublikası Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»nın 23 yanvar 2007-ci il tarixlində təsdiq edilməsi barədə 12 saylı Qərar. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il 307 saylı Əmrinə əsasən Bakı Kimya - Əczaçılıq Zavodu "xxxx" ASC-yə çevrilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 63 nömrəli güzəştli arayışında qeyd olunur ki, xx xxxxxx 1964-cu il tarixdə doğulmuş İddiaçı "xxxx" ASC-də keçmiş Bakı Kimya-Əczaçılıq Zavodunda aşağıdakı vəzifələrdə işləyib: xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək məlhəm, pasta və yod istehsalı sexində qablaşdırıcı. Siyahı № 2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücüqablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar və (hazırda qüvədən düşmüş) Siyahı №2, Bölmə XXİİİ-2250600a-19293. İddiaçı 10 il, 8 ay, 8 gün zərərli iş stajına malikdir. Siyahı № 2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücüqablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Azərbaycan Respublikası Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»nın 23 yanvar 2007-ci il tarixlində təsdiq edilməsi barədə 12 saylı Qərar və (hazırda qüvvədən düşmüş) Siyahı №2, Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı, Bölmə XXİİİ-2250600a-19293, açıq preparatları, çəkib bükməklə məşğul olan bükücülər-qablaşdırıcılar və tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.1993-cü il tarixli 320 saylı qərarına 2 nömrəli əlavə. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il 307 saylı Əmrinə əsasən Bakı Kimya - Əczaçılıq Zavodu "xxxx" ASC-yə çevrilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək təhsil almış, xx.xx.1982-ci ildə X3na Texniki Nəzarət şöbəsinə 3-cü dərəcəli çilingər işləri üzrə nəzarətçi qəbul edilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcə verilmiş, xx.xx.1993-cü ildə 2 saylı Mexaniki yığma sexində anbardar keçirilmiş, xx.xx.1993-cü ildə Texniki nəzarət şöbəsinə 4-cü dərəcəli nəzarətçi keçirilmiş, xx.xx.1997-ci ildə 5-ci dərəcəli nəzarətçi keçirilmiş, xx.xx.1999-cu ildə Baş texnoloq şöbəsində anbar müdiri keçirilmiş, xx.xx.2000ci ildə Alət təsərrüfatı bürosuna anbar müdiri keçirilmiş, xx.xx.2004-cü ildə Alət bürosuna anbardar keçirilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə "xxxx" ASC-yə Məlhəm, Pasta və Yod İstehsalı sexinə 1 ay sınaq müddətinə zərərli iş şəraitinə qablaşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə sınaq müddəti bitdiyinə görə, həmin sexdə həmin vəzifədə daimi işə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı 29 aprel 1964-cü il tarixdə doğulmuşdur, xx.xx.1982-ci ildən xx.xx.2007-ci ilədək X3nda, xx.xx.2008-ci ildən isə "xxxx" ASC-də müxtəlif işlərdə 30 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə – “açıq preparatları çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar” vəsifəsidə iş stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İşdə olan imtina məktubundan görünür ki, imtina səbəbi kimi cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan həcmdə sığorta kapitalı məbləğinin toplanmadığını əsas gətirmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və həmin Siyahının “18. Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı” bölməsində açıq preparatları çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar (18.8) göstərilmişdir. Göründüyü kimi, əmək pensiyaları haqqında qanunvericiliyin hazırkı tərəflər arasındakı inzibati münasibətlərin yarandığı dövrdə, yəni 1 iyul 2022-ci il tarixədək olan dövrdə qüvvədə olmuş normalarına əsasən 20 il ümumi iş stajına, o cümlədən azı 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik qadınlar onların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. xx.xx.2022-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları isə həmin stajları toplamış qadınlara “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibətdə vurğulayır ki, 1 iyul 2022-ci il tarixdən sonra belə xüsusat imtina əsas kimi çıxış edə bilməz. Həmçinin məhkəmə kollegiyası bildirir ki, hazırkı iddiaçının 1 iyul 2022-ci il tarixə 25 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunuun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-944/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar