Məhkəmə qərarları › İş №2-1(103)-1148/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1148/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1148/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlunun Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.2001-ci ilədək olan iş stajını əmək pensiyası hüququ verən zərərli peşə kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə xx.xx.1960-cı il təvəllüdlü iddiaçı xx.xx.1978-xx.xx.1981-ci ilədək Bakı Politexnik Texnikumunun Topoqrafıya fakültəsində texnik-topoqraf ixtisası üzrə təhsil almış xx.xx.1981-xx.xx.1983-cü illər ərzində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 01.012006-cı ilədək onun 25 ildən çox ümumi iş stajı vardır ki, bunun da 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən geoloq peşəsində işləyib. O,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.8-ci maddəsinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün sənədlərini təqdim etməklə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehəmüraciət etmiş, lakin sonuncudan xx.xx.2021-ci il tarixdə aldığı cavab məktubunda onun onun çöl işlərində texnik topoqraf, mühəndis kimi işlədiyi günlərin güzəştli staj üçün tələb olunan 12 il 6 aydan az (cəmi, 4166 gün (yəni, 4 il 8 gün) təşkil etdiyi əsas gətirilməklə imtina cavabı verilmişdir. İddiaçı həmin imtinanın əsassız hesab edərək hazırkı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulması və İddiaçı xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, idiaçının Filiala təqdim etdiyi 7 aprel 1977-ci il tarixli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 26 noyabr 2020-ci il tarixli 31/A-016 nömrəli arayışında xx.xx.1985-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Bakı Geodeziya İdarəsində çöl işlərinə fəhlə, çöl işlərinə texniktopoqraf və xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Bakı Aerogeodeziya Müəssisəsində çöl dəstəsinə mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 1985-2001-ci illər üzrə cəmi 1466 çöl işi iş günü əmək fəaliyyətinin olduğu müəyyən edilmişdir ki, bu da 4 il 8 gün təşkil edir. Qeyd olunan faktlar "Geodeziya və Kartoqrafiya” MMC tərəfindən xx.xx.2021-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 8 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Cavadova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü və ali və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. İddiaçının 2006-cı ilə qədər qanunvericiliyin qeyd olunan tələbləri qaydasında əmək kitabçasına və işəgötürənin arxiv arayışına əsasən xx.xx.1977-xx.xx.1977; xx.xx.1977- 31.081978; xx.xx.1978-xx.xx.1981-ci illərdə təhsil müddəti, xx.xx.1981-xx.xx.1983 həqiqi hərbi xidmət dövrü, xx.xx.1983-xx.xx.1985; xx.xx.1985-xx.xx.1985; xx.xx.1985-xx.xx.2001; xx.xx.2001-xx.xx.2006-cı illər üzrə müxətəlif təşkilatlarda 25 ildən də çox (28 il 04 ay 08 gün) ümumi sığorta stajı müəyyən olunur ki, bu da işin mübahisələndirilməyən hallarını təşkil edir. Tərəflər arasında işin mübahisələndirilən halına görə cavabdeh mübahisələndirir ki, iddiaçının işlədiyi "xxxx" MMC-nin əməkdaşları ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən onun həmin müəssisədə cəmi 1456 çöl iş günlərindən (4 il 8 gün) ibarət AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan güzəştli iş stajına malik olduğunu bununla da 57 yaşından güzəştli şərtlərlə pensya hüququ yaranmamışdır. İddiaçı isə cavabdehin bu dəlilini qəbul etməyərək hesab edir ki, onun topoqrafiya üzrə texnik və mühəndis kimi işlədiyi müddət bötövlükdə onun güzəştli stajını təşkil edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan əsasla iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imina etməsi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında iddianı təmin edərkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışına və əmək kitabçasına əsasən müəyyən etmişdir ki, iddiaçı həqiqətən: -xx.xx.1985-ci il tarixindən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin Bakı Geodeziya İdarəsinə çöl işlərinə 3-cü dərəcəli fəhlə; xx.xx.1987-01 06.1993: Bakı Geodeziya İdarəsinə çöl işlərinə texnik-topoqraf; 01 06.1993-xx.xx.1996: çöl dəstəsinə 2-ci dərəcəli texnik-topoqraf; xx.xx.1996- xx.xx.2001: Bakı Aerogeodeziya Müəssisəsinə çöl dəstəsinə 9- cu dərəcəli mühəndis - kimi vəzifələrdə fəaliyyəti üzrə çöl işlərində stajı 15 il 5 ay təşkil edir. Daha sonra, məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3.-cü yanmbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğundur. Bu səbəbdən normativ sənədlə iddiaçıya əvvəllər verilməmiş hüquqlar verildiyindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da həmin peşələr nəzərdə tutulmamışdır) “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar”ın dairəsinə aid olur. İddiaçının 1985-2001-ci illərdə cəmi 1466 çöl iş günü olmasına münasibətdə məhkəmə qeyd edir ki, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə (konkret halda dağ-mədən işləri) məşğul şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1985-xx.xx.2001 olan dövrü əhatə etməklə 15 il 05 ay 01 gün təşkil edir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1985xx.xx.2001 illərdə (15 il 05 ay 01 gün) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-də topoqrafiya üzrə texnik və mühəndis kimi işlədiyi dövrün Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 1.3.-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) aid edərək sığorta stajı kimi qəbul etməsi ilə razılaşmır. Belə ki, hazırkı apellyasiya mərhələsində mübahisələndirilən məsələyə aydınlıq və dəqiqlik gətirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-yə aşağıdakı məzmunda sorğu verilmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş İddiaçı Xudafərim oğlu 31/A-016 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışında, habelə, Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 28/29 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Xudafərim oğlunun: - xx.xx.1987 - xx.xx.1996-cı (9 il 1 ay) illərdə Bakı Geodeziya İdarəsində çöl işlərində və çöl dəstəsində texniki topoqraf kimi, xx.xx.1996 – xx.xx.2001-ci (4 il 11 ay 18 gün) illərdə isə Bakı Aerogeodeziya Müəssisəsində mühəndis kimi işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 1.3-cü yarımbəndinə əsasən pensiya hüququ almaq hüququ vardır. Lakin tərəfinizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 28/35 No-li xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, 31/A-016 No-li İddiaçı Xudafərim oğluna təqdim olunan arxiv arayışına əsasən onun ümumi iş stajı 15 il 5 ay, çöl iş günləri 1466 gün təşkil edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində “Geologiya kəşfiyyat işləri (yerüstü) bəndində isə “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” güzəştli pensiya hüququ verən işlər kimi göstərilsə də, həmin işlərin saatlarla ölçülməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddiaçının əmək kitabçasının qeydlərində də sadəcə olaraq onun çöl işlərində (dəstəsində) işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialına ünvanladığınız 28/35 No-li xx.xx.2022-ci il tarixli məktubunuzda qeyd olunan uyğunsuzluğa aydınlıq gətirilməsi üçün aşağıdakı suallara cavab verilməsi tələb olunur: - İddiaçı Xudafərim oğlunun Bakı Geodeziya İdarəsində çöl işlərində ( çöl dəstəsində) işlədiyi güzəştli iş stajı - çöl günləri, yoxsa, həmin illəri əhatə edən tam iş stajı ilə hesablanır? - Əvvəllər həmin işlərdə çalışan işçilərin güzəştli iş stajı hsansı qaydada hesablanmışdır və həmin işçilər sırasından güzəştli şərtlərlə pensiyaya çıxan əməkdaşlar olmuşdurmu? “ Bundan əlavə, iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, çöl işlərində (dəstəsində) texniki topoqraf və mühəndis vəzifələrrinin vəzifə təlimatlarının da məhkəməyə təqdim olunması tələb olunur.” "xxxx" MMC tərəfindən məhkəmənin həmin sorğusu 28/45 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə aşağıdakı kimi cavablandırılmışdır: ”... İddiaçı Xudafərim oğluna təqdim olunan xx.xx.2020-ci il tarixli 31/A-016 nömrəli arxiv arayışına əsasən onun ümumi iş stajı 15 il 5 ay, çöl iş günləri isə 1466 gün təşkil etmişdir. Vətəndaş İddiaçı Xudafərim oğluna əmək kitabçasına əsasən arxiv arayışı, mühasibatlıq sənədlərinə əsasən isə çöl iş günlərinə dair arayış verilmişdir. ...Çöl işlərində çalışan işçilərin güzəştli iş stajı çöl günlərinə əsasən hesablanmış və həmin işçilər sırasından güzəştli şərtlərlə pensiyaya çıxan bir çox əməkdaş olmuşdur...” Həmin müəssisənin iddiaçının şəxsi hesabı üzrə cədvəllərdən ("xxxx") onun çöl iş günlərinin aylar üzrə hesabatı aparılmışdır. Eyni zamanda, MMC tərəfindən sorğuya müvafiq olaraq həmin məktubu ilə məhkəməyə təqdim edilmiş, iddiaçının xx.xx.1987-xx.xx.1996-cı illərdə (9 il 2 ay 20gün) müəssisədə çalışdığı texnik-topoqraf vəzifəsinin vəzifə təlimatından görünür ki, topoqrafiya üzrə texnik olaraq onun aşağıdakı vəzifə borcuları vardır: -topoqrafik xəritələrin (planın) müxtəlif üsullarla yaradılasında çöl, kameral həmçinin şelf və daxili göllərin topoqrafik planalma işlərini yerinə yetirir; şöbənin istehsalat-təsərrüfat fəaliyyətində iştirak edir; -təyin olunmuş dəqiqlik normalarına texnoloji avadanlıqların uyğun gəlməsini yoxlayır; -texniki hesablamaları yerinə yetirir. Yoxlama vasitələrinin ölçmə dəqiqiklərinə hədd qoyan normativ sənəd və standartlar fondunun tətbiq olunması üzrə işləri görür; -müəssisənin şöbəsinə lazım olan avadanlıq, cihaz və ləvazimatların (yüksək dəqiqlikli stereofotoqrametriya və b.cizazları) müəyyənləşdirilməsində və sifarişin hazırlanmasında, onların əldə edilməsində iştirak edir; -ölçü vasitələrinin əməli qeydiyyatını aparır, -topoqrafiya-geodeziya işlərinin aparılmasına aid planın yerinə yetirilməsi haqqında hesabatın hazırlanması üçün lazım olan məlumatları toplayır və qaydaya salır; -dövlət sənədlərinin qəbulunu və etibarlı saxlanılmasını təmin edir.; -əmək və istehsalat intizamına, əməyin mühafizəsinə və ətraf mühitin qorunmasına istehsalatın sanitariya qaydalarının ciddi yerinə yetirilməsinə riayət edir. -mahiyyətcə normativ sənədlərin tələblərinə uyğun gələn topoqrafiya-geodeziya işlərini yerinə yetirir.” Qeyd olunanlardan göründüyü kimi, çalışdığı müəssisə tərəfindən iddiaçıya verilən arxiv arayışında təsbit olunan 15 il 5 ay iş stajı onun ümumi iş stajı kimi və bu stajın yalnız 1466 günü onun şəxsi hesabı üzrə sənədlərlə (“tabellər”) təşkil etdiyi təsdiq olunur. Həmin məlumatların həqiqliyi topoqrafiya üzrə texnikin vəzifə təlimatının qeyd olunan bəndləri ilə müəyyən edələn vəzifə borclarından da aydın görmək mümkündür. Belə ki, texnikin vəzifə borclarında onun vəzifəsi kimi yalnız çöl işlərini (topoqrafiyageodeziya işlərinin aparılmasına aid planın yerinə yetirilməsi haqqında hesabatın hazırlanması üçün lazım olan məlumatları toplamaq və topoqrafiya-geodeziya işlərini yerinə yetirmək) yerinə yetirmək deyil, bununla yanaşı, cöl işlərinə getmədən digər vəzifələri də (şöbəyə lazım olan avadanlıq, cihaz və ləvazimatları müəyyənləşdirilməsində və sifarişin hazırlanmasında və əldə edilməsində iştirak etmək, ölçü vasitələrinin əməli qeydiyyatını aparmaq, dövlət sənədlərinin qəbulunu və etibarlı saxlanılmasını təmin etmək və s.) yerinə yetirmək onun xidməti vəzifəsidir. Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə, iddiaçının apellyasiya şikayətinə etirazının dəlilləri nəzərə alınmaqla, cavabdehdən eyni hallar üzrə güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı məhkəməyə sübutlar təqdim olunması təklif olunmuş və sonuncu (nümayəndəsi) tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə (pensiya təyinatı üçün mürəiət etmiş şəxsin ərizəsinə, təqdim etdiyi arxiv arayışına, penmsiya təyin edən orqanın qərarına) əsasən müəyyən olunmuşdur ki, iddiaçının çalışdığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli–Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli güzəştli arayışı əsasında başqa bir ərizəçinin (S.M.B.) 28 il ümumi iş stajı və həmin stajın 6928 günü (“18 il 9 ay 11 gün) çöl günləri kimi nəzərə alınmaqla, cavabdeh pensiya təyin edən orqanın (Filialın) xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəçiyə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlar (iddiaçının çalışdığı müəssisə tərəfindən çöl günlərinin hesabatının aparılması, texniki kimi çalışdığı vəzifə təlimatında göstərilən vəzifələrin təkcə çöl işlərindən ibarət olmaması, müəssisə tərəfindən verilmiş güzəştli arayış əsasında digər şəxs(lər)ə münasibətdə də güzətli şərtlərlə pensiya təyinatının aparılması) onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajı kimi, yalnız onun çöl işləri (günləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində nəzərdə tutulan “çöl topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işləri” kimi təfsir olunmaqla, iddiaçının güzəştli sığorta stajı kimi qəbul edilə bilər. İddiaçının çöl günləri isə 1466 gün (4 il 8 gün) təşkil edir ki, bu da qanunvericiliklə güzəştli staj üçün tələb olunan 12 il 6 aydan azdır. Belə olan halda cavabdeh tərəfindən ona 57 yaşından əmək pensiyası təyin edilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarınıı pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində - inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, işin bütün faktiki halları aydınlaşdırılmamış, maddi və prosessual hüquq normaları pozulması ilə 57 yaşından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasının cavabdehə həvalə edilməsi barədə əsassız qərar qəbul olunmuşdur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar