Məhkəmə qərarları › İş №2-1(103)-1148/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1148/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1148/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, o, 1975- 1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçalarından görünür ki, o, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1965-ci ilədək, xx.xx.1989-cu ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək, 18.09.190-cı ildən xx.xx.1991-ci ildəkə, xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək əmək fəaliyyətində olmuşdur. İddiaçı ona yaşa görə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış “Ödənilmiş məcburi dövlət sosial sığorta haqları” haqqında **********0 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Nazirliyin elektron proqram təminatlarında sığortaedən kimi 2006-2009-cu illər üçün “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlarının (Forma B1) və onlara uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) aşkar edilməmişdir. Sözügedən illər üzrə tərəfindən müvafiq hesabatlar təqdim edilmədiyindən ödədiyi məcburi dövlət sosial sığorta haqları **********194 saylı fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabına əlavə edilərək ona avtomatlaşdırılmş qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən də göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən azdır. Lakin, işlədiyi həmin illər pensiya alması üçün kifayət etməsə də, işlədiyi illərə görə fərdi hesabında olan kapitalın məbləği onun yaşa görə əmək pensiyasına çıxması üçün kifayət edir. Bütün bunları nəzərə alaraq ona pensiyanın təyin olunması üçün müvafiq İdarəyə müraciət etmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona gələn 19 aprel 2022-ci il tarixli, **********4 saylı imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Pensiyaya çıxması üçün sosial sığorta stajı kifayət etmir, həmçinin bu yaş bəs eləməsə də, ən azından yaşa görə pensiyaya çıxması üçün kapital tələb olunur ki, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmin imtina qanunsuzdur. Ən azından iddia ərizəsinə əlavə etdiyi 08 oktyabr 2010-cu il tarixli 2(82)-1273/2010 saylı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin əmrindən görünür ki, kreditor Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin borclu İddiaçı qarşı 210 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi təmin edilmişdir. Müvafiq qəbzləri də iddiasına əlavə etmişdir. Bütün bu qeyd etdiklərindən görünür ki, onda sosial sığorta ödənişlərinin məcburi qaydada tutulması ilə bağlı məhkəmə əmri vardır ki, ən azından bu belə onu deməyə əsas verir ki, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması məsələsi həqiqətə uyğun deyil. Hər dəfə sosial sığorta ödənişləri ilə bağlı qəbzlərin onun hesabında qeydə alınması üçün müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu əsasla da hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim edilən xx.xx.1975-ci il tarixdə və xx.xx.1991-ci il tarixdə tərtib edilmiş İT-İ seriyalı № ******* saylı əmək kitabçalarına əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən onun pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim edilən xx.xx.1975-ci il tarixdə və xx.xx.1991-ci il tarixdə tərtib edilmiş İT-İ No ******* saylı əmək kitabçalarına əsasən İddiaçı 01.01,2006-cı il tarixədək ümumi sığorta stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən onun pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(82)-1273/2010 saylı 08 oktyabr 2010-cu il tarixli məhkəmə əmrinə əsasən borclu İddiaçı kreditor Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xeyrinə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 210 manat məbləğində pul vəsaiti tutulmuşdur. Bununla bağlı olaraq icraat materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli 3- 17-1/3-1-45405/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2013-ci il 16 may tarixində sığortaolunan kimi SSN: **********194 ilə, 2010-ci il 10 iyun tarixində “Fiziki şəxs” kimi SUN: **********7 ilə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda uçota alınmışdır. Məktuba əlavə edilmiş 2006 - 2009-cu illər üzrə ödəniş qəbzlərinin təyinatı sadələşdirilmiş vergi və texniki müayinə kimi qeyd edildiyindən, həmin ödənişlər məcburi dövlət sosial sığorta haqqına aid olmayan digər vergi öhdəlikləri üzrə dövlət orqanlarına ödənilmiş vergilər hesab edildiyindən İddiaçı pensiya təminatı hüququ yaratmır. Əlavə olaraq bildiririk ki, Nazirliyin elektron proqram təminatlarında İddiaçı tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat’lar (bundan sonra - Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma VZ), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatlar aşkar edilməmişdir. 2006 - 2016-cı illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş Forma V1 və Forma VZ məlumatları əsasında həyata keçirildiyindən, həmçinin İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatlar onun fərdi şəxsi hesabında əks olunmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixli 2-1 (112)-3841 /2023 nömrəli məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2- 237154/2023 nömrəli sorğuya cavab məktubla bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında fiziki şəxs (sığortaedən) İddiaçı (SUN: **********7) tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabaf’lar (Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma VZ), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatlar aşkar edilməmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona 2017-ci il 30 mart tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları nın (bundan sonra - Qayda) 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabatlar təqdim edilməli idi. Həmin qaydanın 7.17-ci bəndinə əsasən əvvəl təqdim edilmiş hesabat sığortaolunana dair maliyyə göstərəcilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, sığortaolunanlar haqqında dəqiqləşdirilmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla, digər səbəbdən dəqiqləşmə tələb edirsə səyyar yoxlama aparılmadan təqdim edilirdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, sığortaedənin vəzifəsi (müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək) olduğu halda İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatlar onun fərdi şəxsi hesabında əks olunmamışdır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan iddia tələbi təmin olunmamalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabına əlavə edilərək ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; …… İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan, 21 mart 2021-ci ildən pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçalarını təqdim etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi iş stajının 25 ildən az və pensiya kapitalının kifyət qədər olmaması təşkil edir. İddiaçıya məxsus əmək kitabçalarından görünür ki, İddiaçı ümumi iş stajı həqiqətən də 25 ildən az, yəni 21 il 11 ay təşkil edir ki, bu da işin mübahisəsiz halıdır. Qanunvericiliyin tələblərindən görünür ki, iddiaçıya pensiya təyin edilməsi üçün o, pensiya yaşına çatmalı, eyni zamanda ya onun 25 il ümumi iş stajı mövcud olmalı, ya da fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmalıdır. İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan, 21 mart 2021-ci ildən pensiya hüququ yaranmışdır. İddiaçının qanunla tələb olunan 25 il əmək stajı olmadığı üçün onun pensiya kapitalının kifayət qədər olub-olmaması məsələsi yoxlanılarkən müəyyən olundu ki, onun pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün yetərlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi bu hüquqlarından istifadə edərək məhkəmə qaydasında hazırki iş üzrə İddiaçı onun sözügedən dövr üçün məcburi dövlət sosial sığorta ödəmələri üzrə yaranmış 210 manat məbləğində borcunun ödənilməsini tələb etmişdir. Qanuni qüvvəsini almış 2(82)- 1273/2010 saylı xx.xx.2010-cu il tarixli məhkəmə əmrinə əsasən həmin 210 manat məbləğin İddiaçı tutulması qərara alınmışdır. Sözügedən məhkəmə əmri İddiaçı tərəfindən icra olunaraq mübahisəli borc məbləği sonuncu tərəfindən tam məbləğdə ödənilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə də öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan (i.v.9 -10) qəbzlərdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 70 və 140 manat məbləğində pul vəsaiti ödənilmiş və ödənişin təyinatı kimi məcburi dövlət sosial sığorta haqqı göstərilərək onun DSMF Xətai rayon şöbəsinə ödənildiyi qeyd olunmuşdur. Lakin məhkəmə qaydasında tutulmuş məcburi dövlət sosial sığorta haqqı bu barədə kifayət qədər sübutların olmasına baxmayaraq sözügedən dövrdə həmin sahədə idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni cavabdeh inzibati orqanın öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi nəticəsində iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin müvafiq sorğularına cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********666000 nömrəli məktubla bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə vergi orqanında uçota alınması, xx.xx.2018-ci il tarixdə ləğv edilməsi müəyyən edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Vergi orqanlarının məlumat bazasında vergi ödəyiciləri tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə aparılmış ödənişlər barədə məlumatlar mövcuddur. Əvvəlki dövrlər üzrə aparılmış ödənişlər barədə məlumat alınması üçün qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər (rayon) idarəsinə (şöbəsinə) müraciət edilməsi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, müraciətə əlavə edilmiş ödəniş qəbzlərində vergi ödənişləri də olduğu üçün vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə ödənilmiş vergilər barədə 2006-2009-cu illər üzrə məlumat təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən 22 iyun 2023-cü il tarixli 3-17-1/2- 142330/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı məcburi dövlət sosial sığorta məqsədləri üçün 2013-cü il 16 may tarixində sığortaolunan kimi SSN: **********194 ilə, 2010-cu il 10 iyun tarixində fərdi sahibkar (sığortaedən) kimi SUN: **********7 ilə uçota alınmışdır. Bildirirlər ki, məktuba qoşma kimi əlavə edilmiş 2006 -2009-cu illər üzrə ödəniş qəbzlərinin təyinatı sadələşdirilmiş vergi və texniki müayinə qeyd edildiyindən və həmin ödənişlər məcburi dövlət sosial sığorta haqqına aid olmadığından İddiaçı pensiya təminatı hüququ yaratmır. Əlavə olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatlar aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, 2006 - 2016-cı illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş Forma B1 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatlar onun fərdi şəxsi hesabında əks olunmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən 11 oktyabr 2023-cü il tarixli 3-17-1/2- 237154/2023 nömrəli məktubla bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında fiziki şəxs (sığortaedən) İddiaçı (SUN: **********7) tərəfindən təqdim edilmiş “Məcuri dövlət sosial sığortası üzrə rüblük hesabatlar” (Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatlar aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesbaının sığorta hissəsində qeydə alınmış penisya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilər üçün pensiya yaş həddi 65 yaş müəyyən edilib. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, həmin Qanunun 22-1.1ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019 - 2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məlumat üçün bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Əlavə olaraq “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikas Qanununun 7.0.2- ci maddəsinə əsasən hazırda əmək pensiyası almaq hüququ olmayan Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış şəxslər yaşa görə müavinət almaq hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona 2017-ci il 30 mart tarixindən yaşa görə sosial müavinət təyin olunub. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçot həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2010cu il tarixədək olan dövr üçün 210 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu həmin dövrdə səlahiyyətli olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin müraciəti əsasında 2(82)-1273/2010 saylı xx.xx.2010-cu il tarixli məhkəmə əmrinə əsasən ödənilməsi qərara alındığı üçün həmin məhkəmə əmri İddiaçı tərəfindən icra olunaraq mübahisəli borc məbləği sonuncu tərəfindən tam məbləğdə ödənilmiş, bu barədə ödəniş qəbzlərində ödənişin təyinatı kimi məcburi dövlət sosial sığorta haqqı göstərilərək onun DSMF Xətai rayon şöbəsinə ödənildiyi qeyd olunmuş, lakin məhkəmə qaydasında tutulmuş məcburi dövlət sosial sığorta haqqı sözügedən dövrdə həmin sahədə idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni cavabdeh inzibati orqanın öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi nəticəsində iddiaçının fərdi şəxsi hesabında əks olunmadığı üçün bunun məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz. Odur ki, adı çəkilən məhkəmə əmrinə əsasən iddiaçının ödədiyi 210 manat onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı kimi nəzərə alındıqda iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Nazirliyin elektron proqram təminatlarında İddiaçı tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat’lar (bundan sonra - Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma VZ), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatların aşkar edilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, ödənilmiş vəsaitin iddiaçının fərdi şəxsi hesabında əks olunması iddiaçının deyil, cavabdeh orqanın (o dövrdə səlahiyyətli qurumunun) səlahiyyətində olmuşdur, hansı ki, həmin səlahiyyətdən irəli gələn vəzifənin lazımınca icra olunmamasına görə yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinə əsasən ...... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar