Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1148/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7416/2024 saylı, 30 oktyabr 2024-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaş 6 ayının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 65 yaşının tamam olduğu 15 sentyabr 2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yerləri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. xx.xx.1975-ci ildən xx.xx.1976cı ilədək təhsil almışdır və xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı 65 yaş 6 ayı tamam olduqdan sonra ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh təqdim edilən sənədlərin surətlərinə əsasən sığorta stajının 22 il 01 ay 17 gün təşkil etdiyini, həmçinin, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya əmək pensiyasının təyin olunmasına imkan verən minimum pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 01 ay 17 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən 25 ildən azdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək dövr araşdırılmış və Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən "xxxx" ASC-nin iş qovluğunda 1989-1991-ci və 2000-ci illərə dair hesabat məlumatlarının aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçının işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Ticarət Nazirliyinin Təmir Quraşdırma Kombinatının nəzdində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, X3 və Sahibkarlığa Kömək Komitəsi və X1 ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi (hazırki İqtisadiyyat Nazirliyi) yaradılmışdır. İşin hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə sorğu yazılmış və iddiaçının sözügedən müəssisədə işlədiyi dövr üzrə işə daxilolma və işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəlləri, habelə təqdim edilmiş hesabat məlumatlarının təqdim edilməsi xahiş edilmişdir. X8 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7416/2024 saylı, 30 oktyabr 2024-cü il il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu 15 sentyabr 2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövr barədə 1989-1991-ci və 2000-ci illərə dair heç bir sənədin əldə edilməməsi, iddiaçıya əməkhaqqı hesablanıbhesablanmadığının, məcburi dövlət sosial sığorta haqlarının tutulub-tutulmadığının, ödənilib-ödənilmədiyinin müəyyən edilməməsi xx.xx.2006-cı il tarixədək olan dövr üzrə sözügedən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməməsinə əsas olmalıdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (25 il) ümumi stajı mövcud deyil. Bundan başqa qeyd olunanlardan görünür ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahatlar verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7416/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan SSR Bakı şəhər 12 saylı texniki-peşə məktəbində təhsil almışdır. xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Bakı Soyuducular zavodunda çilingər işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Bakı Soyuducular zavodunda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Təmir Quraşdırma İcarə müəssisəsində (hazırkı "xxxx" ASC) müxtəlif vəzifələrdə işləmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 153 nömrəli Attestatına əsasən İddiaçı 01 sentyabr 1975-ci il tarixdən 15 iyul 1976-cı il tarixədək Azərbaycan SSR Bakı şəhər 12 saylı texniki-peşə məktəbində təhsil almışdır. - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 17 noyabr 1976-cı il tarixdən 07 dekabr 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - İddiaçının müraciətinə əsasən cavabdehin 09 fevral 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Ticarət Nazirliyinin "xxxx" Təmir Quraşdırma İcarə müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 821 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı 1989-cu ildən elektrik-mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Kadr və digər kargüzarlıq sənədlərin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətinizdəki məsələ ilə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəuyğun hesab edilir. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsindən ibarətdir. Yəni işin yeganə mübahisəli məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Əmək kitabçasında qeyd olunan 1989-1991-ci və 2000-ci illərdə "xxxx" ASC-də işlədiyi dövrü sığorta stajına hesablanmamışdır. Beləliklə, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı ilə qədər nəzərə alınmayan stajı onun 1989-1991-ci və 2000-ci illərdə "xxxx" ASC-də işlədiyi dövrdür. Həmin staj çıxılmaqla iddiaçının əmək stajı 22 il 01 ay 17 gün təşkil edir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 4.1.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda keçmiş Ticarət Nazirliyinin "xxxx" Təmir Quraşdırma İcarə müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı və səhmlərinin xx.xx.2001-ci il tarixində tam özəlləşdirildiyi, özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında iddiaçının 1989-cu ildən elektrik-mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının "xxxx" ASC-də 1989-cu ildən işləməsi və hətta 2001-ci ildə özəlləşdirmə protokolunda adının olması müəyyən edilir. Belə olan halda cavabdeh tərəfindən həmin dövrə aid əmək haqqı cədvəllərinin olmaması səbəbindən əmək stajının nəzərə alınmaması qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən nəzərə alınmış 22 il 01 ay 17 gün əmək stajının üzərinə nəzərə alınmayan 1989-1991-ci və 2000-ci illər üzrə stajı da əlavə etsək, onun xx.xx.2006-cı ilədək 25 ildən artıq əmək stajı mövcud olur ki, bu da ona əmək pensiyası təyin etmək üçün kifayət edir. Bu səbəbdən iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üçün stajının nəzərə alınıbalınmaması iş üzrə əhəmiyyət kəsb etmir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən 1989- 1991-ci və 2000-ci illərdə "xxxx" ASC-də işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından və qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7416/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7416/2024 saylı, 30 oktyabr 2024-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1148/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1148/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver