Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1149/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Abbasov Mirzəli Əbdül oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı ixtisasın tanınması və ekvivalentliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-1882/2020 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-1882/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı “Dağıstan Dövlət Universiteti” ( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı “Dağıstan Dövlət Universiteti”( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu tam qanuni əsaslarla alındığından, qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2001-ci il tarixdə orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün sənədlərini Bakı şəhərində fəaliyyət göstərən Dağıstan Dövlət Universitetinin Bakı filialına təqdim etmiş və imtahanları uğurla keçərək həmin ali məktəbin “İqtisadiyyat” fakultəsinə qəbul olunmuşdur.Hazırki iddia ərizəsinə əlavə edilən tələbə biletinin təsdiq olunmuş surətindən də görünür ki, iddiaçı həqiqətən də 2001-ci il tarixdə əyani olaraq İqtisadiyyat fakultəsinə daxil olaraq, 4 illik təhsil müddəti ərzində təhsil kursunu uğurla keçmişdir.Bu səbəbdən də “Dağıstan Dövlət Universiteti”nin rektorunun 26 iyun 2006-cı il tarixli 1869-C saylı əmrindən çıxarışla iddiaçının ali təhsili başa vurması və diplomla təmin olunması qərara alınmışdır. İddia ərizəsinə əlavə edilən 01.07.2006-cı il tarixli ******* nömrəli diplomdan da görünür ki, həqiqətən də İddiaçı “Maliyyə kredit” ixtisası üzrə iqtisadçı ixtisaslaşması verilmişdir. İddia ərizəsinə əlavə edilən 01 iyul 2006-cı il tarixli diploma əlavə də iddiaçının təhsil müddətini uğurla başa vurduğunu tam olaraq sübuta yetirir. Həm diplom, həm də ki diploma əlavə Rusiya Federasiyasında apostil olunmuşdur. Bunun özü də hər iki sənədin həqiqi olduğunu sübuta yetirən haldır. Lakin ötən ilin ortalarında iddiaçı sənədlərini hazırlayaraq, diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmiş və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qəbul edilən 10.09.2018-ci il tarixli qərarda qeyd edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri mümkün olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il larixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar”ının 3.7-ci bəndinə əsasən iddiaçının diplom üzrə aldığı ixtisasın tanınması mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqanın bu qərarının ötən ilin ortalarında çıxarılmasına baxmayaraq, iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. İddiaçı bu barədə təkrar ərizə ilə müraciət etdikdən sonra 21.10.2019-cu il tarixdə cavabdeh inzibati orqandan əldə etdiyi Ə-659/03-ANİ saylı məktubla məlumatlandırılmışdır. Lakin iddiaçı inzibati orqanın bu cavabı ilə razı deyildir. Cavabdeh inzibati orqanın qərarı ən əvvəl ona görə qanunsuzdur ki, iddiaçının əyani təhsil aldığı təhsil müəssisəsi “Dağıstan Dövlət Universitetinin Bakı filialı” olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Həmçinin Təhsil Nazirliyi təqdim edilən sənədləri araşdırarkən o halı nəzərə almamışdır ki, diplom Rusiyada Federasiyası tərəfindən apostil olunmuşdur. Bunun özü də diplomun rəsmi olduğunu, Rusiya Federasiyasının həmin sənədi tanıdığını və legitim olduğunu göstərir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdqi edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi tərəfindən müəyyən edilmişdir. Nümayəndə qeyd etdi ki, Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 saylı, 20.07.2007-ci il tarixi qətnaməsi ilə həmin müəssisəinin fəaliyyəti dayandırılmışdır. Sözügedən təhsil müəssisəsi lisenziyasız fəaliyyət göstərdiyi üçün Təhsil Nazirliyi həmin müəssisəsinin fəaliyyətinin dayandırılması və verilən ali təhsil haqqında diplomların etibarsız sayılması ilə bağlı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 2398/4-489-2006 saylı, 20.07.2007-ci il tarixi qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək müəssisənin fəaliyyəti dayandırılmış və məzunların diplomların etibarsız sayılması hissəsində təmin edilməmişdir. Məhkəmə qətnaməni qəbul edərkən həmin dövrdə müəssisədə təhsilalanların digər ali təhsil müəssisələrinə köçürülməsini Təhsil Nazirliyinin üzərinə vəzifə olaraq qoymasına baxmayaraq, müəssisə fəaliyyətini dayandırana qədər məzun olmuş şəxslərə münasibətdə konkret mövqe bildirməmişdir. Məhkəmənin məsələyə dair konkret mövqe bildirməməsini, təhsilalanların və məzunların müəssisəyə qanunsuz qəbul olmasını və s. nəzərə alaraq, iddaçının xarici ali təhsil ixtisasının tanınması məqsədəuyğun hesab edilməmişdir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Eyni zamanda, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri sırasına daxildir. Bununla yanaşı, iddiaçının diplomuna əlavədən də göründüyü kimi, təhsil müddəti ərzində ona “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı” fənləri tədris edilməmişdir. Lakin həmin dövrdə qüvvədə olan (1992-ci il) Azərbaycan Respublikasının “Təhsil qanunu”nun 6-cı maddəsinin tələblərinə əsasən həmin fənlərin tədrisi məcburi olmuşdur. “Təhsil haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Halbuki, iddiaçının hansı qanunvericilik aktına əsasən və hansı qaydada həmin müəssisəyə daxil olması barədə əsas gətirilməmişdir. Qeyd olunanlar həmin təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsini sübut edir və bu səbəbdən də məhkəmənin müvafiq qətnaməsinə əsasən fəaliyyəti dayandırılmışdır. Beləliklə də qanunsuz fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu da qanuni sayıla bilməz.Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçını iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: -İddiaçının tələbə biletinə əsasən iddiaçı 2001-2004-cü illərdə Dağıstan Dövlət Universitetinin tələbəsi olmuşdur. -3836 qeydiyyat nömrəli bakalavr diplomuna əsasən iddiaçı 2006-cı ildə maliyyyə və kredit ixtisası üzrə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetini bitirmişdir və ona iqtisadçı ixtisaslaşması verilmişdir. Həmin diplom Rusiya Federasiyası Elm və təhsil nazirliyi Elm və təhsil sahəsində nəzarət üzrə federal xidmət tərəfindən apostil olunmuşdur. -Dağıstan Dövlət Universitetinin 3836 qeydiyyat nömrəli bakalavr diplomunun əlavəsinə əsasən həmin universitetdə iddiaçının təhsil aldığı fənnlərin siyahısı və akademik saatların miqdarı göstərilmişdir və qeyd edilən sənəd də Rusiya Federasiyası Elm və təhsil nazirliyi Elm və təhsil sahəsində nəzarət üzrə federal xidmət tərəfindən apostil olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış 21.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bldirilmişdir ki, 25.05.2018-ci il tarixli elektron müraciətin nəticəsi barədə iddiaçıya 10.09.2018-ci ildə elektron xidmət vasitəsilə məlumat verilmişdir, həmin məktubun əlavəsinə əsasən iddiaçıya bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddətdə olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək mümkün olmadığından iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş DİS ******* nömrəli, 01.07.2006-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 nömrəli, 20.06.2007-ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iddiasına əsasən cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılsa da məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıddır, bundan başqa həmin təhsil müəssisəsində qətnamə qəbul olunana qədər təhsil alıb və bu barədə müvafiq sənəd almış tələblərin təhsil sənədlərinin etibarsız hesab edilməsi qanunauyğun hesab edilmir, bu əsasla məhkəmə iddianı Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətə başladığı gündən qətnamə qəbul edilən dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində təmin etməmişdir. İş materiallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı şəhərində yerləşən Ə.Əliyev adına filialında 2001-2004-cü illərində təhsil almışdır və ona iqtisadiyyat ixtisası verilməsi barədə Dağıstan Dövlət Universitetinin 3836 qeydiyyat nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışdır və həmin filial Bakı şəhərində yerləşdiyi üçün iddiaçının Rusiya Federasiyasının ərazisinə getməsinə ehtiyac və zərurət omamışdır. Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən dayandırılsa da məhkəmə tərəfindən həmin filialın fəaliyyət göstərdiyi müddətdə verdiyi təhsil və sənədlər qanunauyğun hesab edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssual Məcəlləsinin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir . İddiaçı təhsil aldığı vaxt Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının Azərbaycan Respublikasında fəaliyyəti qanuni olmamış, ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün filial xüsusi razılıq (lisenziya) almamışdır. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsi də tələb edirdi ki, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilə bilər. Həmçinin iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan təhsil qanunvericiliyinin tələbinə görə təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır, ona görə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-1882/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı “Dağıstan Dövlət Universiteti” ( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Elmira Nağıyeva Mirzəli Abbasov
Məhkəmə qərarları › İş №2-1(103)-1149/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1149/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver