Məhkəmə qərarları › İş №2-1(103)-115/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-115/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-115/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Salyan rayonunun Komsomol kəndində anadan olmuş, Salyan ray., Ərəbqardaşbəyli kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyun 2020ci il tarixli, 2-1(112)-451/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Dadaşov Valeh Loğman oğlu 29.10.2019-cu il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasını hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur.Ümumi iş stajı 25 ildən çox, o cümlədən 12 il 06 ay güzəştli stajı olduğundan iddiaçı cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh 02 oktyabr 2019-cu il tarixli məktubla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Daha sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona pensiya hüququ yarandığı vaxtdan 03.09.2019-cu il tarixdən 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasını hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(112)-451/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçı Dadaşov Valeh Loğman oğluna pensiya hüququ yarandığı vaxtdan 57 yaşı tamam olduğu 03. 09.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasını hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 23.02.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək olan iş stajı ümumilikdə 25 ildən az təşkil edir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək ümumi iş stajının mövcud olmaması dəlili ilə razılaşmayaraq, qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı əmək fəaliyyətinə 16.02.1983-cü il tarixdən başlasa da, iş materiallarında olan iddiaçıya məxsus B128267 nömrəli diplomun surətinə əsasən 01.09.1977-ci ildən 26 iyul 1980-ci ilədək Salyan şəhərinin 76 nömrəli peşə məktəbində armaturçu-elektrik qaynaqçısı peşəsi üzrə ümumi orta təhsil almış, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətinə əsasən isə 27.11.1980-ci ildən 11.12.1982-cı ilə qədər hərbi xidmətdə olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi , 16.02.1983-cü il tarixdən 31.10.1994-cü ilə qədər qaynaqçı vəzifəsində, 01.11.1994-cü ildən 06.01.2003-cü ilədək qazmaçı köməkçisi, 06.01.2003-cü ildən 01.01.2005-ci ilədək təmir operatoru, 01.01.2005-ci ildən güzəştli iş stajının hesablanmalı olduğu 01.01.2006-cı ilədək isə çilingər vəzifələrində çalışmışdır. Məhkəmə kollegiyası iddiaçının çalışmış olduğu qazmaçı-köməkçisi vəzifəsi ilə əlaqədar qeyd etməyi zəruri qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ” 2 nömrəli Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli , 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçının 01.11.1994-cü ildən 06.01.2003-cü ilədək qazmaçı köməkçisi vəzifəsində işlədiyi dövr güzəştli iş stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası 01.01.2005-01.01.2006-cı illər dövründə iddiaçının çalışdığı çilingər peşəsi ilə bağlı qeyd edir ki, əmək kitabçasında və “Salyan OİL” LTD tərəfindən verilmiş 16.09.2019-cu il tarixli arayışda iddiaçının X5 Təmiri sexində çilingər vəzifəsində işlədiyi göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli , 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının X bölməsinin İİ yarımbəndində müxtəlif adlarda çilingər peşələri göstərilmişdir. Həmçinin iddiaçının əmək kitabçasında və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Salyan filialı tərəfindən təqdim edilmiş 25.09.2019-cu il tarixli, 394 №-li arxiv arayışında onun qaynaqçı vəzifəsində çalışdığı göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaynaqçı və çilingər peşələrində çalışması göstərilsə də, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin Siyahıları üzrə konkret hansı adda olan çilingər və qaynaqçı (elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçılar və s.) peşəsində işləməsi göstərilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının doldurulma tarixi və möhürü mövcud deyildir, 1-ci və 2-ci qeydlər boş saxlanılaraq 3-cü qeyddən doldurulmağa başlanılmışdır, 4-cü və 5-ci qeydlər müdir E.Seyidov göstərilsə də onun tərəfindən imzalanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Azərkəndtikinti İ.B Layihəkəndtikinti kombinatının 09.09.2019-cu il tarixli, 0/1 saylı arayışına (arayış 86 saylı SMD-nin rəisi L.Hacıyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir İddiaçı, ondan ötrü ki, 1980-ci ilin aprel ayından 1980-ci ilin noyabr ayınadək işlədiyi dövr üzrə əmək haqqı: 1980ci il, aprel-42.68; may-109.74; iyun-117.77; iyul-83.94; avqust-91.89; sentyabr-127.00; oktyabr-191.91, qeyd: 86 saylı SMD-nin 1980-ci ilə olan əmək kitabları saxlanılmır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən dövr əmək kitabçasında mövcud deyildir. İş materiallarında olan NZ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən qeyd olunmuşdur ki, İddiaçı 22.11.1980-ci ildən 13.12.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 128267B nömrəli diplomun surətinə əsasən qeyd edilmişdir ki, 30.07.1980-ci il tarixli (430 nömrəli qeydiyyat) diplom verilir İddiaçı, ondan ötrü ki, o, 01.09.1977-ci ildə Salyan 76 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 26.07.1980-ci ildə armaturçu-elektrik qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 13.09.2019-cu il tarixli, 388 nömrəli arayışına (direktor S.Məlikova və böyük fond mühafizəçi N.Əhmədova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon Kürqaraqaşlı kənd “Oktyabr” adına kolxozun arxiv sənədlərində, o cümlədən 1977-1979-cu illərə aid inventarizasiya kitabında İddiaçı kolxozçu işləyib əmək haqqı alması aşağıdakı kimidir: minimum adam günü 240, 220, 220; adam günü 140, 91, 90. Yuxarıda göstərilənlərə əsasən iddiaçının Salyan 76 nömrəli orta texniki peşə məktəbində oxuduğu dövr ilə iddiaçının Salyan rayon Kürqaraqaşlı kənd “Oktyabr” adına kolxozda işlədiyi dövlər üst-üstə düşür. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasının 7-ci qeydində göstərilən Salyan rayon X9 və X1 müəssisəsinin adı ilə iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 25.09.2019-cu il tarixli, 394 №li arayışında və 04.12.2020-ci il tarixli, 449 №li arayışında qeyd olunan Salyan rayon X6 X7 müəssisəsinin adı üst-üstə düşmür. İşin apellyasiya icraatı zamanı iddiaçıya işlədiyi vəzifələrlə bağlı daha ətraflı şəkildə tərtib olunmuş güzəştli iş stajı barədə arayış təqdim olunması təklif edilsə də, iddiaçı işlədiyi peşələrin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq Siyahılar üzrə konkret hansı bölmədə , hansı şriftdə nəzərdə tutulmuş vəzifədə (konkret hansı adda olması) öz əksini tapması barədə yeni güzəştli arayış təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(112)-451/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(112)-451/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona pensiya hüququ yarandığı vaxtdan 03.09.2019-cu il tarixdən 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasını hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar