Məhkəmə qərarları › İş №2-1(103)-115/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-115/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-115/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və 3-сü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6) qarşı “hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, 01 may 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhər XDS İK-nin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarına əsasən “Qum adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03.10.1994-cü il tarixli 01 saylı qərarı ilə qanuni istifadəsinə verilmiş bloq “A” 50 saylı bağ sahəsinin ünvanı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası NQÇİ-yə “Azneft” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış, “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda 30.10.1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçı “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarını və 30 oktyabr 1994-cü il tarixli “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh orqan tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər surətdir, təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamış, sözügedən bağçılıq-yoldaşlıqda eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, göstərilən bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, 01 may 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Hövsan bağ massivi, blok “A” 50 saylı bağ sahəsinə onunla bağlı nömrə uyğunsuzluğu aradan qaldırılmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2524/18 saylı, 07.12.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/19 saylı, 01 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, 01.05.2018-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1723/2019 saylı, 2019-cu il 7 avqust tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-44/19 saylı, 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2479/2019 saylı, 2019-cu il 27 noyabr tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, 01 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-735/2020 saylı, 14 iyul 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)- 2479/19 saylı, 27 noyabr 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1560/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-336/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(103)-1560/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idiaçı tərəfindən verilmiş ərizəyə əlavə olunmuş sənədlər surətdir və müvafiq sənədlərin əsilləri idarəyə təqdim edilməmişdir. Bundan əlavə, idarəyə təqdim olunmuş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, müvafiq bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin, müvafiq bağ nömrəsi digər fiziki şəxs olan X4 adına qeydiyyatdan keçmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətinn təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışı zamanı inzibati iş üzrə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Ali Məhkəmə 24 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, işin həlli zamanı apellyasiya instansiyası məhkəməsinin qərarlarında ardıcıl olaraq “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X12 Ltd. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununa istinad edərək, iddiaçıya məxsus torpaq sahəsinin ARDNŞ-na məxsus olduğuna istinad edilmişdir. Halbuki, iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən həmin qanunun 5-ci maddəsini işə tətbiq edərkən məhkəmələrin qanunu səhv təfsir etmələri müəyyən edilmiş və bununla bağlı hüquqi mövqe aydın şəkildə bildirilmişdir. Ali Məhkəmə əlavə olaraq bildirmişdir ki, “qanunvericiliyin tələblərinə müvafiq olaraq Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarı ilə Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası” NQÇİ-yə “Azneft” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. Yəni 1987-ci ilə münasibətdə hazırda inzibati akt kimi qiymətləndirilən torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunmuşdur ki, onun yuxarıda istinad edilən Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə ləğv edilməsi nəticəsi yaranmır. Bu hissədə məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı, apellyasiya məhkəməsinin mövqeyini isə düzgün hesab etmir”. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi təkrarən həmin normanı əvvəlki qaydada tətbiq etmişdir. İddiaçının hüquqlarını bəyan etdiyi torpaq sahəsinin ARDNŞ-na aid olması barədə iş materiallarında olan sənəd yalnız “X8 Limited” şirkəti tərəfindən təqdim edilmiş sxem və məktubdur. Məhkəmə mübahisəli torpağın həqiqətən də “X8 Limited” şirkətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini araşdırmamış, buna səlahiyyətli orqan olan Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi əsasında müəyyən etməmişdir. Cavabdehin etiraz dəlillərindən biri ondan ibarətdir ki, İdarəyə təqdim olunmuş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında iddiaçının adı aşkar edilməmişdir. İşə baxmış məhkəmələr cavabdehdən həmin siyahını tələb edib baxış keçirməmişdir. “Qum adası” Bahar bağçılığında sahəsi olan işçilərin siyahısı əlavə olunmuşdur. Bu siyahının 7-ci sətrində iddiaçının adı qeyd olunmuşdur. Həmin siyahı HİK sədri, bağçılıq təsərrüfatının sədri və katib tərəfindən imzalanmışdır, lakin kserosurət sənəd olduğuna görə möhür görünmür. Bu siyahı poçtla və ya dəftərxana vasitəsilə daxil olmamışdır və məhkəmə iclas protokolunda qeyd olmadığına görə kim tərəfindən təqdim edilməsi müəyyən olunmur. İşə baxmış məhkəmələr bu siyahıya qiymət verməmişdir. Bundan başqa, cavabdeh əvvəllər verdiyi apelyasiya şikayətində iddiaçının hüquqlarını bəyan etdyi müvafiq bağ nömrəsinin X2 adına qeydiyyata alındığını bildirmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmişdir. Lakin məhkəmələr həmin şəxsi üçüncü şəxs qismində işə cəlb olunması məsələsini müzakirə etməmişdir. İddiaçının bildirməsinə görə torpaq sahəsi ona ayrıldığı vaxtdan oradan istifadə etmişdir və 2006-cı ildə orada tikili inşa edilmişdir. Həmin evin yerləşdiyi ərazidə olan tikililərə vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kassatorun “qanunçuluq və bərabərlik” prinsipləri ilə bağlı dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə eyni vəziyyətdə olan yüzlərlə şəxsə artıq mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verildiyinə dair iddiaçının bildirdiklərini də yoxlamalı və işin müəyyən olunmuş hallarına qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri baxımından qiymət verməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri Orconokidze rayonu “Qum Adası” NQÇİ rəhbərliyi tərəfindən 15 dekabr 1985-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, 11 sentyabr 1987-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmiş, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası NQÇİ-yə “Azneft” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış, “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda 30.10.1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. İddiaçı “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarını və 30 oktyabr 1994cü il tarixli “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh orqan tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər surətdir, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamış, sözügedən bağçılıq yoldaşlıqda eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, göstərilən bağ sahəsi AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Cavabdehin bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında iddiaçının adının aşkar edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Qanunvericiliyin tələbinə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda 30 oktyabr 1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. Müvafiq bağ sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması barədə cavabdehin dəlili ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “X8 Limited” tərəfindən verilmiş 10.01.2019-cu il tarixli, 0025 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən 1.200 kv. m torpaq sahəsi 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməklə Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 saylı qərarının İİİ bəndindəki cədvələ əsasən şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə olmalıdır. İddiaçıya məxsus torpaq sahəsi isə 477 metr məsafədə yerləşir. 25.11.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X9 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində, eləcə də neft və qaz boru kəmərlərinin mühafizə zonasında tikinti və sair işlərin aparılması qanunvericiliyə əsasən qadağandır. SOCAR-ın arxiv məlumat bazasında “Qum adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsəttüfatının üzlərinin təsdiq edilmiş siyahısı SOCAR-da mövcud deyildir. Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X12 Ltd. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X12 Ltd. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qeyd edilməlidir ki, 4-cü bəndin tələblərinə görə, Qanun qüvvəyə mindikdən sonra Sazişin qüvvədə olduğu müddət ərzində onun tələblərinə zidd olan hər hansı bir normativhüquqi və ya inzibati akt qəbul edildiyi təqdirdə, onların daha sonra qəbul edilməsinə baxmayaraq, daha yüksək hüquqi qüvvə Qanunla təsdiq edilmiş Sazişə, Hökumət təminatına və Əlavələrə verilmişdir. 5-ci bəndin mahiyyəti isə ondan ibarətdir ki, əgər həmin Saziş bağlanmadan əvvəl kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün hər hansı bir digər saziş, kontrakt və ya bu cür başqa sənəd mövcud olmuşdursa, onların hüquqi qüvvəsi ləğv edilmiş hesab olunmalıdır. Qeyd edilmiş bənddə nəzərdə tutulmuş tələblər bilavasitə həmin sahənin hər hansı bir məqsədlə və hüquqla başqa şəxslərə verilməsini nəzərdə tutmamış, yalnız məqsədli təyinatı neft-qaz əməliyyatları aparmaq üçün verildiyi halda, bu cür əqdlərin qüvvəsinin ləğv edildiyini müəyyən etmişdir. Bu nəticə həmçinin ondan irəli gəlir ki, Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir torpaq sahəsinin hər hansı bir hüquqla məxsusluğu müəyyən edildiyi təqdirdə, müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Çünki əks halda məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həll edilməsi müəyyən olunmalı idi. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə cavabdehin iddiaçının adına qeyd olunan torpaq sahəsinin qeydiyyata alınmasından imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Birinci instansiya məhkəməsinə X3 tərəfindən notarial qaydada təsdiq olunmuş13 fevral 2018-ci il tarixli ərizə ünvanlanmış, ərizədə qeyd edilmişdir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, “A” blokunda yerləşən torpaq sahəsinin nömrəsi də 50-dir. Qeyd olunan torpaq sahələri X16 Çıxarma İdarəsinin Bahar bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmışdır. İddiaçı 20 ildən artıqdır ki, onun bağ (hasar) qonşusudur. O, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, blok “A”-da yerləşən 50 saylı bağ sahəsini özəlləşdirib Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 10.03.2016-cı il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********42 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaqla rəsmiləşdirmişdir. Daşınmaz əmlakın ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, A50 saylı bağ sahəsi. İddiaçı bağ sahəsinin nömrəsi 50 olsa da, faktiki olaraq bağ sahələri ayrıdır. İddiaçı istifadəsində olan torpaq sahəsinin A50 nömrəsindən başqa, istənilən nömrə altında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Dövlət qeydiyyatına alınmasına heç bir etirazı yoxdur. Göründüyü kimi torpaqların eyni cəmiyyət tərəfindən ayrılmasına baxmayaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaçıya məxsus torpaq sahəsinin ayrılmasından məlumatlı olmasına baxmayaraq, iddiaçının bağ (hasar) qonşusu olan X1 (X4) istifadəsində olan torpaq sahəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 10.03.2016-cı il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli **********42 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmiş, lakin iddiaçının uzun müddətdir faktiki istifadəsində olan və adıçəkilən şəxsə çıxarışın verildiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə çıxarışın verilməsindən cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq imtina olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh imtinanın əsası kimi qeyd etdiyi halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda siyahida iddiaçının adının olmaması və nömrədəki uyğunsuzluq iddiaçının iradəsindən asılı deyil. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan bağ massivi, blok “A” 50 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, 01 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar