Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-115/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “xüsusi mülkiyyət hüquqları qeydə alınmış mənzilə dair payına uyğun ayrıca çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3775/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı pay kimi qeydə alınmış ½ hissəsinin naturadan ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin paya dair İddiaçı adına hüquqların qeydiyyata haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzrə onun payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1872/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin paya dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsini xahiş etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubu ilə ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin paya dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsindən imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üzrə onun payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1872/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş paya dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməsindən imtina edilmişdir. Hesab edir ki, inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,14 kv. metr mənzilin özünə məxsus olan ½ hissəsini ona, yəni İddiaçı müqavilə əsasında satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışı ilə ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissədə X7 adına və ½ hissədə İddiaçı adına müvafiq olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən mənzil üzrə onun yəni, İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-4872/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Sonradan İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə İPM-nin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 3127 nömrəli reyestr kitabının 292158 nömrəli vərəqində 1/2 hissədə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrə ilə İddiaçı və digər 1/2 hissədə X7 adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,14 kv. metr olan mənzilə dair İddiaçı adına payına uyğun xüsusi mülkiyyət hüququ üzrə ayrıca Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1872/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 61,14 kv.m olan ünvan 4 ünvanında yerləşən mənzil üzrə İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması qət edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872 /2021 saylı qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Bundan əlavə, sözügedən ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 61.14 kv. m. kimi qeydiyyatdan keçmişdir. Lakin iddiaçı tərəfindən göstərilən, ümumi sahəsi 41.6 kv. m. olan mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin qeydiyyatdan keçməmiş mənzilin yerləşdiyi torpaq sahəsi binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət ilə mülkiyyətçilərə məxsus sahədir. İddia tələbində qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 5, 2a saylı mənzil hazırda X7 (1/2 hissə) və İddiaçı (1/2) paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3- cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3775/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 3127 nömrəli reyestr kitabının 292158 nömrəli vərəqində 1/2 hissədə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrə ilə İddiaçı və digər 1/2 hissədə X7 adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,14 kv. metr olan mənzilə dair İddiaçı adına payına uyğun xüsusi mülkiyyət hüququ üzrə ayrıca Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3775/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialarında olan: - iddiaçıya məxsus AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1950-cı ildə doğulmuş Əliyeva X3 Muxtar Respublikası, ünvan 6 ünvanında qeydiyyatdadır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 5, 2 saylı mənzil xx.xx.1992-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı DNK-nın 6M- 1131 reyestr nömrəli xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə mənzilin 1/2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı DNK-nın 2V-13 reyestr nömrəli xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2005-ci il tarixdə mənzilin 1/2 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-181 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsas xx.xx.2019-cu il tarixdə mənzilin 1/2 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi, ev 5, 2a saylı mənzilin 1/2 hissəsi X7, 1/2 hissəsi İddiaçı adına qeydiyyatı keçmişdir və hazırda mülkiyyətlərindədir. Məktuba əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X7 və ½ hissədə isə xx.xx.2019-cu il tarixdə № ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3127 nömrəli reyestr kitabının 292158 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1872/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh X8 qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,14 kv.m. yaşayış sahəsi 34,14 kv.m. olan 2 otaqlı mənzilin ½ hissəsi üzrə İddiaçı payının naturada X7 payından ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddianın təmin edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestrində ümumi sahəsi 61,14 kv. m. olan ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı payı kimi qeydə alınmış ½ hissənin naturada ayrılması qət edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1872/2021 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1872/2021 saylı qətnaməsi ilə 18 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1872/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1872/2021 saylı, xx.xx.2022-cu il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə (icra sənədi tam icra olunduqda) əsasən xitam verilmişdir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********79 №li xx.xx.2022- ci il tarixli iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubla bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1872/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan məsələ ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə **********95 saylı, xx.xx.2021-ci il tarixli məktubla rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 213.1.İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər . 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5 Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir . Hazırkı işin hallarından görünür ki, mübahisəli daşınmaz əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünmüşdür. Hazırda iddiaçı daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində payına uyğun ayrıca qeydə alınmaqla buna dair çıxarışın və texniki pasportun verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yalnız formal əsaslara istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər (maddə 15): 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3775/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3775/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.