Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1150/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2-1(112)-8818/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16.06.2021-ci il tarixli, 038-124141-3221 saylı məktubu ilə ifadə edilmiş hərəkətsizliyin qanunsuz hesab edilərək, hərbi xidmət dövrü (1990-1992-ci illər) də daxil olmaqla 01.09.2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddətim güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququm təmin edilməsi üçün müvafiq məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.09.1992-ci ildən 24.04.2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət edib. Əmək kitabçasındakı yazıdan da görünür ki, "Azərbaycan Respublikasının daxili işlər oqranlarında xidmət müddəti təqvimi -15 il, 05 ay 05 gün imtiyazla - 20 il, 00 ay 24 gün təşkil edir". Beləliklə də, rəsmi sənəd olan əmək kitabçasında onun ümumi əmək stajının 20 il, 00 ay 24 gün təşkil edildiyi göstərilir. İmtiyazlı xidməti X1 döyüşlərdə iştirakı ilə bağlıdır və bununla əlaqədar ona "Müharibə veteranı" statusu verilmişdir. Tərəfindən 11.06.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə müraciət edilərək, pensiya hüququnun aydınlaşdırılması üçün hərbi xidmət dövrü (1990-1992-ci illər) də daxil olmaqla 01.09.2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddəti güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququ məsələsinə yenidən baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16.06.2021-ci il tarixli, 038-124141-3221 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 24.04.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəriniz təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etdiyindən əmək pensiyası təminatı hüququnuz yaranmamışdır. Qeyd edilən məktub 23.06.2021-ci il tarixdə qeydiyyat ünvanı üzrə poçt şöbəsinə daxil olmuşdur. Göründüyü kimi, həmin cavab məktubunda 1990-1992-ci illərdə hərbi xidmət dövrü nəzərə alınmamışdır. ”Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Göründüyü kimi, pensiya hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada, 1990-1992-ci illəri əhatə edən hərbi xidmət dövrü də daxil olmaqla hesablanması tələbindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli 2-1(112)-8818/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17.12.2021-ci il tarixli 2-1(112)-8818/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 1990-1992-ci illərdə hərbi xidmətdə olmuş, 12.09.1992-ci ildən 24.04.2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət etmişdir. Onun daxili işlər orqanlarına xidmət etməyə başladığı vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur və həmin qanuna 01.09.2004-cü il tarixli 728-İ1QD nömrəli qanunla dəyişiklik edilənə qədər qüvvədə olan 12-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququ təsbit edilmişdir. Başqa sözlə desək, iddiaçı daxili işlər orqanlarında xidmətdə olduğu və 01.09.2004-ci il tarixli dəyişikliyə qədər güzəştli şərtlərlə pensiya hüququnun qanunla təmin edildiyinə əmin olmuş, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İİ hissəsinin və 149-cu maddəsinin Vİİ hissəsinin verdiyi təminata uyğun hüquqi gözləntiləri olmuşdur. Məhkəmənin qənaətinə görə, hətta iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ qanuna edilən dəyişikliyin qüvvəyə minməsindən 1 gün sonra yaransaydı belə, bu halda da iddiaçı həmin hüquqdan məhrum edilmiş olardı. Nəzərə almaq lazımdır ki, pensiyanın təyin edilməsi şəxsin müəyyən yaşa çatması (və ya xidmət illəri, iş stajı və s hallar) ilə əlaqələndirilsə də, pensiya hüququnun yaranması şəxsin əmək fəaliyyətinə, xidmətə başladığı tarixdən hesablanmağa başlayır və pensiya təyin olunan günədək əldə etdiyi güzəştlərin, xidmət illərinin, stajın və s yaratdığı hüquqlar qanuna edilən sonrakı dəyişikliklə ləğv edilə bilməz. Mübahisənin həllinə əks yanaşma, Azərbaycan Respublikasında birbaşa qüvvədə olan Konstitusiyanın Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İİ hissəsi və 149-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilən hüquqların pozulması olacaq. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığını bildirsə də bunu sübut edə bilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı hərbi xidmət dövrü (1990-1992-ci illər) də daxil olmaqla 01.09.2004-cü ilə qədər Daxili İşlər orqanlarında xidmət müddətim güzəştlə hesablanan dövrlər də nəzərə alınmaqla pensiya hüququm təmin edilməsi üçün müvafiq məlumatların Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının daxili işlər orqanlarında xidmət müddəti 12 sentyabr 1992-ci ildən 24 aprel 2006-cı ilə qədər təqvimi -15 il, 05 ay 05 gün imtiyazla - 20 il, 00 ay 24 gün təşkil edir, yəni güzəştli (imtiyazlı) hesablama ilə 20 təqvim ili 01.09.2004-cü il tarixə qədər tamam deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu olmadığından, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili tamam olmadığından cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Eyni zamanda məhkəmə iddiaçıya münasibətdə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsasların olduğunu da müəyyən etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan НЗ ******* №-li Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 07.06.1990-cı ildən 29.03.1992-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 10.07.2006-cı il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.09.1992-ci ildən 24.04.2006-cı ilə qədər Daxili İşlər orqanlarında xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçının təkrar müraciətinə cavab olaraq ünvanlanmış 16.06.2021-ci il tarixli 038-12414i-3221 №li məktubda göstərilmişdir ki, bir daha bildirilir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 24.04.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəriniz təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etdiyindən əmək pensiyası təminatı hüququnuz yaranmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxili işlər, ədliyyə fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 21 iyun 2001-ci il tarixli 168-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin maddənin 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 871) ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). Həmin Əsasnamənin 145-ci maddəsində qeyd edilir ki, daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanma qaydaları Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Həmin Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Göründüyü kimi, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 12-ci maddəsinin «a» bəndinə əsasən, (01 sentyabr 2004-cü il tarixədək qüvvədə olmuş redaksiyası) xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 01 sentyabr 2004-cü il tarixli, 728-İİQD saylı Qanuna əsasən həmin Qanunun 12-ci maddəsinin «a» bəndindəki «20 il» sözləri «20 təqvim ili» sözləri ilə əvəz edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanununun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən iddiaçının 01.09.2004-cü ilədək 20 il xidmət ili olmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı 07.06.1990-cı ildən 29.03.1992-ci ilə qədər hərbi xidmətdə olmuş, (1 il 9 ay 22 gün), 12.09.1992-ci ildən 24.04.2006-cı ilə qədər daxili işlər orqanlarında xidmət etmişdir (13 il 7 ay 13 gün). İddiaçı 24.04.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəri təqvimi hesablama ilə 15 il, 05 ay, 05 gün, imtiyazlı hesablama ilə 20 il, 00 ay, 24 gün təşkil etmişdir. Göründüyü kimi iddiaçının güzəştli (imtiyazlı) hesablama ilə 20 təqvim ili 01.09.2004cü il tarixə qədər tamam olmamışdır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, daxili işlər orqanlarında xidmətdə olduğu və 01.09.2004-ci il tarixli dəyişikliyə qədər güzəştli şərtlərlə pensiya hüququnun qanunla təmin edildiyinə əmin olmuş, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İİ hissəsinin və 149-cu maddəsinin Vİİ hissəsinin verdiyi təminata uyğun hüquqi gözləntiləri olmuşdur. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun məzmunundan aydın olur ki, “20 təqvim ili” tələbi Qanunun 01.09.2005-ci ildən sonra qüvvədə olan redaksiyasında təsbit olunub. İddiaçı isə 2006-cı ildə DİO-da xidmətdən xaric edildiyindən ona münasibətdə həmin norma tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 01.09.2004-cü il tarixə qədər qüvvədə olan qanunvericiliyə görə tələb olunan 20 il və daha çox xidmət ili olmadığından cavabdehin üzərinə bu barədə məlumat vərəqəsinin tərtib edilməsinə dair öhdəlik qoyula bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2-1(112)-8818/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1150/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1150/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver