Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1150/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, İddiaçı9, İddiaçı8, İddiaçı9 vəkili X4, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, X1 və İddiaçı8 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Xətai rayon İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8 şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlara əsasən mənzillər xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına rəsmiləşdirilmişdir. Qeyd olunan ərazidə yaşayan 5 ədəd 9 mərtəbəli binanın sakinlərinin istirahətlərini həyata keçirdikləri və avtomaşınlarını saxladıqları, azı 500-dən artıq ağac əkilməklə yaşıllığa çevrilmiş ərazi Bakı şəhər İcra Hakimiyyəti Baçşısının 14 iyun 2017-ci il tarixli 267 saylı sərəncamı ilə və 2014-cü ildə yaradılması ehtimal olunan "xxxx" MMC-yə yaşayış binalarının tikintisi üçün icarə əsasında verilmişdir. Həmin sərəncamın mövcudluğundan iddiaçılar Xətai Rayon Məhkəməsində 2022-ci ilin yanvar ayında açıq məhkəmə iclasında iştirak edərkən məlumatlı olmuşlar, həmin sənədlərin surətini əldə edib bir ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mübahisəli topaq sahəsində iddiaçıların övladlarının oynaması üçün futbol meydançası mövcuddur, ərazidə tərəflərindən 500 ədəddən çox müxtəlif növ ağaclar əkilmiş, ərazi yaşıllıq əraziyə çevrilmiş, bina sakinlərinin istirahəti üçün bisetkalar, körpələrinin normal inkişafı üçün müxtəlif tipli yelləncəklər quraşdırılmışdır. İddiaçılar üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərinin verilməsi barədə ərizə vermələrinə baxmayaraq, həmin sənədlər təqdim edilməmişdir. Bundan başqa, ərazidə sovet dövründən 127, 130, 134, 135 saylı mənzil tikinti kooperativləri fəaliyyət göstərir ki, tərəflərindən verilmiş vəsatətlər və qoyulmuş suallara cavab verilmədən işin həllini müəyyən etmək mümkün deyildir. Bakı Şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə ərazi icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də mülkiyyətlərindəki mənzillərin sökülməsi və mənzillərin də daxil olduğu 7 saylı yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Hazırda da qeyd olunan sərəncamların qanuniliyi tərəflərindən məhkəmə qaydasında mübahisələndirilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi və vəkili Vəkil izahat verərək şikayətin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara, cavabdehə və üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli, H-005 saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, 2942Q saylı məhəllədə yerləşən torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən Sifarişçiyə tapşırılmışdır: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin; 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.3. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin; 2.4. Ərazinin və obyektin memarlıq planlaşdırılmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Lahiyələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş İdarəyə təqdim etsin; 2.5. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın; 2.6. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 29 nömrəli obyektin tikintintisinə icazə sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə yaşayış binasının tikintisi ilə bağlı (binanın tikinti sahəsi 1359,1 kv.m, binanın ümumi sahəsi 21462,9 kv.m, binanın tikinti həcmi 88846,1 kub metr, binanın mərtəbəliliyi zirzəmi (-2 və - 1), 16 mərtəbə, binanın girişlərinin sayı 2 giriş olmaqla) icazə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırkı iddia üzrə iddiaçılar cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamı ilə üçüncü şəxs "xxxx" MMC-yə layihələndirilməsinə icazə verilmiş çoxmərtəbəli yaşayış binasının tikiləcəyi torpaq sahəsinin 6 ədəd 9 mərtəbəli yaşayış binalarının ortasında binaların mühafizə zolağında yerləşdiyi, həmin ərazinin sürüşmə zonası olmaqla tikilməsi nəzərdə tutulan ərazidə mövcud olan yaşayış binalarının özüllərinin təhlükə altına saldığına istinad edərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 267 nömrəli sərəncamını mübahisələndirirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.27-ci maddəsinə əsasən tikinti layihəsi - şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. 3.0.40-cı maddəsinə əsasən mühəndis-axtarış işləri - tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi məqsədilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri olan məlumatların toplanması məqsədilə həyata keçirilən fəaliyyətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən sərəncam adından da göründüyü kimi "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqındadır. Həmin sərəncam iddiaçılar üçün bilavasitə hüquqi nəticə yaratmır. Sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız binanın layihələndirilməsinə icazə ilə bağlı məsələləri tənzimləyir. Layihələndirmə isə bilavasitə tikilməsi planlaşdırılan binanın layihəsinin hazırlanmasını nəzərdə tutur. Belə ki, tikilinin layihələndirilməsi mərhələsi layihənin ilkin dizaynı (obyektin və mərtəbələrin planları, bölmələri, perspektiv təsvirlər və fasadlar və s.), tikiləcək binanın təsviri, ərazinin xüsusiyyətləri, müvafiq ərazidə geotexniki sınağın nəticələri, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi nəzərə alınmaqla topoqrafik planın işlənməsi və s. kimi məsələləri özündə cəmləşdirir. Başqa sözlə, layihələndirmə tikiləcək binanın layihəsinin hazırlanmasına başlanılmasıdır, layihə isə özündə yalnız planlaşdırılan yaşayış binasının məlumatlarını əks etdirir. Layihələndimənin sonunda müvafiq bir layihə hazırlanır və bu sənəd razılaşdırıldıqdan sonra layihənin icrasına - tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin, ətraf ərazinin spesifik vəziyyətləri nəzərə alınmaqla tikinti prosesinin bilavasitə həyata keçirilməsinə başlanır. Mübahisələndirilən sərəncamın məzmunundan da görünür ki, qeyd edilən sərəncamla yalnız tikilməsi nəzərdə tutulan binanın layihəsinin hazırlanmasına icazə verilmişdir. Həmin layihənin hansı qaydada tərtib ediləcəyi, ərazidə mühəndis-axtarış işlərinin nəticələri, baş plana uyğunluq, obyektin funksionallığı, təhlükəsizliyi və s. kimi məsələlər sonrakı mərhələdə - hazırlanmış layihədə öz əksini tapır. Təsadüfi deyildir ki, mübahisələndirilən sərəncamda sərəncamın yalnız layihələndirmə üçün əsas olduğu, layihələndirmə başa çatdıqdan sonra hazırlanmış layihənin razılaşdırılması və təsdiq olunması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi, razılaşdırılmış və təsdiq edilmiş layihənin tikintiyə icazə verilməsi və tikinti işlərinə başlanılması üçün xüsusi nişanın alınmasından ötrü Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi tapşırılmışdır. Beləliklə, layihələndirmə barədə sərəncam layihənin hazırlanmasına, həyata keçiriləcək tikinti işlərinin çertyojunu hazırlamağa başlamadır, həmin layihə əsasında ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə yaşayış binasının layihələndirməsinə icazə verilməsi barədə sərəncamı nə tikinti layihəsinin razılaşdırılmasını, nə də tikintiyə icazə barədə məsələni həll etmədiyindən konkret hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir, düzgün əsaslandırlmamışdır və mülahizə xarakteri daşıyır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sərəncamın ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Bu halda sözügedən sərəncamı mübahisələndirməyə dair iddiaçıların hüquqi marağı da müəyyən olunmur. Odur ki, mübahisə predmeti olan sərəncama münasibətdə iddia mümkün sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1150/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1150/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver