Məhkəmə qərarları › İş №2-1(103)-1150/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1150/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1150/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X6 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6012/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında xx.xx.1994cü il tarixdən xx.xx.2016-cı il tarixədək pasport qeydiyyatında olmuşdur.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X8nın Reyestri Xidmətinin xx.xx.2022ci il tarixli məktubunda göstərilmişdir ki, anası 1932-ci il təvəllüdlü X16 və atası 1926-cı il təvəllüdlü X3 olan Albert Qənbərovun xx.xx.1959-cu ildə Masallı rayonunun Ərkivan kənd icra nümayəndəliyində doğumu qeydə alınmışdır. O, xx.xx.2005-ci il tarixdə Səbail rayon qeydiyyat şöbəsində tərtib edilmiş soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən adını və ata adını dəyişdirərək “İddiaçı” olmuşdur. İddiaçı bacı və qardaşları xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.1955-ci ildə, xx.xx.1957-ci il təvəllüdlü X5 xx.xx.1957-ci ildə, xx.xx.1960-cı il təvəllüdlü X9 xx.xx.1960-cı ildə, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X10 xx.xx.1962ci ildə, xx.xx.1965-ci ildə X11 xx.xx.1965-ci ildə, xx.xx.1968-ci il təvəllüdlü X17 xx.xx.1968-ci ildə Masallı rayonunun Ərkivan kənd icra nümayəndəliyində doğumu qeydə alınmışdır. İddiaçı xx.xx.1992-ci ildə xx.xx.1970-ci il təvəllüdlü Məmmədova (Qənbərova) Dürdanə Məmməd qızı ilə, xx.xx.1994-cü ildə isə xx.xx.1964-cü il təvəllüdlü Zeynalova (Qənbərova) Solmaz Əlibala qızı ilə nikahları, xx.xx.2005-ci ildə sonuncu nikahın pozulması, xx.xx.2005-ci ildə xx.xx.1983-cü il təvəllüdlü Məmmədyarova (Qənbərova) Zeynəb Həmid qızı ilə yeni nikahı, xx.xx.2008-ci ildə həmin nikahın pozulması qeydə alınmışdır. İddiaçı Z.Qənbərova ilə birgə nikahından doğulan oğlu xx.xx.2006-cı il təvəllüdlü X12 doğumu xx.xx.2006-cı ildə Bakı nikah evində qeydə alınmışdır. İddiaçı xx.xx.1990-cı il təvəllüdlü X14 ilə faktiki nikah münasibətindən doğulan övladları xx.xx.2013-cü il təvəllüdlü Məhəmməd Rüstəmovun doğumu xx.xx.2013-cü ildə, xx.xx.2016-cı il təvəllüdlü Əli Qənbərovun doğumu xx.xx.2016-cı ildə Yasamal rayon qeydiyyat şöbəsində, xx.xx.2017-ci il təvəllüdlü David Qənbərovun doğumu xx.xx.2022-ci ildə və xx.xx.2019-cu il təvəllüdlü X2 doğumu xx.xx.2022-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 0-77 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bibi heybət qəsəbə nümayəndəliyində olan A saylı formaya əsasən Bibiheybət qəsəbəsi, Salyan yolu 29 saylı xüsusi evə İddiaçı xx.xx.1994-cü ildə pasport qeydiyyatına düşmüşdür və hal hazırda da həmin ünvanda pasport qeydiyyatdadır.

4. AZ-İ seriyalı, 564138 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1959-cu ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydi kitabında 1959-cu ilin may ayının 29 günündə 113 № ilə qeyd edilmişdir. X1, anası X16 göstərilmişdir.

5. İddiaçı tərəfindən tərtib edilmiş tərcümeyi-halda onun vətəndaşlığı bölümündə Azərbaycan və Rusiya Federasiyası qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) üzrə araşdırma aparılarkən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (Qənbərov (Uvarov, Yampolskiy) Albert Məmmədoviçə) məxsus AZE 16338945 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və C00945248 nömrəli ümumvətəndaş pasportunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən fəaliyyətsizləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, aparılmış araşdırma nəticəsində İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2-1730/2004 nömrəli, 26 noyabr 2004-cü il tarixli Qətnaməsi ilə ərizənin təmin edilməsi, X8nın qeyd kitabında X13 “Albert” adının əvvəlki “Gülağa” adı ilə, Məmmədoviç ata adının “Məmi oğlu” ilə dəyişdirilməsi vəzifəsi Bakı şəhəri Səbail rayon VVADQ şöbəsinə həvalə edilməsi, X8nın qeyd kitabında digər məlumatların dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. AZ-İ seriyalı, 003731 nömrəli, 07 yanvar 2005-ci il tarixli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən xx xxx 1959-cu il tarixdə doğulmuş X15 soyadını, adını və ata adını İddiaçı dəyişdirmişdir.

9. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 dekabr 2023-cü il tarixli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli qərarı ilə xx xxx 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1959cu il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 2 ünvanında, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Qeyd olunan şəxsin qeydiyyata alınmasına və qeydiyyatdan çıxarılmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 dekabr 2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslabdırılmışdır ki, o, xx xxx 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. İlkin olaraq doğum haqqında şəhadətnaməsində soyadı, adı və ata adı İddiaçı kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 2-1730/2004 saylı, 06 noyabr 2004-cü il tarixli qətnaməsindən də göründüyü kimi iddiaçı adını və ata adını əvvəlcə X7 dəyişmiş, daha sonra isə məhkəmə qərarı ilə yenidən İddiaçı adına və ata adına qayıtmışdır. Hal-hazırda iddiaçının hər iki ad və ata adı ilə, yəni həm İddiaçı, həm də X15 adına sistemdə şəxsiyyət vəsiqələri görünür. Halbuki, dövlət və o cümlədən də məhkəmə orqanları tərəfindən verilmiş sənədlərə əsasən əslində hal-hazırda yalnız İddiaçı adına şəxsiyyət vəsiqəsi mövcud olmalıdır. Şəxsiyyət vəsiqəsi hal-hazırda deaktiv edilmişdir və iddiaçı özünə məxsus şəxsiyyət vəsiqəsindən istifadə edə bilmir. Bununla əlaqədar olaraq iddiaçı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və İddiaçı soyad, ad və ata adı ilə mövcud olan şəxsiyyət vəsiqəsinin statusunun İAMAS-da aktiv edilməsi və yeni nəsil şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin işlə bağlı Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun imzası ilə Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli məktubda aparılmış araşdırma nəticəsində iddiaçının, yəni İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi xahiş edilmişdir. Lakin cavabdehin 22 dekabr 2023-cü il tarixli, ******* saylı qərarı ilə xx xxx 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçı 1994-cü ildən Azərbaycanda daimi yaşayış yeri üzrə qeydiyyatdadır, Azərbaycanın Masallı rayonunda anadan olmuşdur. İddiaçının ata və anası Azərbaycan Respublikasının vətəndaşlarıdır və 2014-cü ildən sonra tərəfindən heç bir ölkənin vətəndaşlığını qəbul etməmişdir. Cavabdeh isə ona təqdim edilmiş sənədləri, xüsusilə də Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli və Bakı şəhər Səbail rayon Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli, 47/2-25301 saylı məktublarını araşdırmadan, iddiaçının 07 oktyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı qənaətinə gələrək, onun vətəndaşlıq mənsubiyyətini tanımamışdır.

13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşıdır, könüllü olaraq həmin ölkənin vətəndaşlığını qəbul etmiş və heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6012/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə işdə olan sübutları lazımi şəkildə araşdırmamış, iş materiallarında olan və iddiaçının 1994-cü ildən etibarən ünvan 2 ünvanında qeydiyyatda olmasını təsdiq edən Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli və Bakı şəhər Səbail rayon Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli, 47/2-25301 saylı məktublarını nəzərə almamışdır. Bundan başqa məhkəmə Forma A (qeydiyyat kartoçkası) sənədinə ümumiyyətlə istinad etməmiş, heç bir qiymət verməmiş, həmin sənəddə iddiaçının 06 aprel 1994-cü ildən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 6 ünvanında qeydiyyatda olduğunun göstərilməsinə diqqət yetirməmişdir.

17. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi apellyaisya şikayətinin təmin edilmədən Bakı İnzibati Məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edir.

30. Cavabdeh orqan isə iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmadığından Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir.

31. İşin apellyasiya baxışı zamanı müvafiq orqanlara müxtəlif sorğular verilmişdir. Belə ki, Masallı rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 1974-cü ildə Masallı rayonunun Ərkivan qəsəbə Əlvan Bağırov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbini bitirmiş və 8 illik təhsil haqqında şəhadətnamə almışdır.

32. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Xidmətini Masaalı rayon Şöbəsində qeydiyyatdan keçmir.

33. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlamış xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı əvəllər Masaalı, Salyan və Yasamal rayonları üzrə pasport qeydiyyatında olmuş və qeydiyyatda olduğu müddət ərzində Xidmətin strukturuna daxil olan aidiyyəti qurumlarda hərbi vəzifəlilərin hərbi qeydiyyatında durmamışdır.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X8nın arxivi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli sorğuya cavaba əsasən “X8” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Albert Qənbərovun ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir.

35. Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli soruya cavab məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında xx.xx.1994-cü il tarixdən xx.xx.2016-cı il tarixədək pasport qeydiyyatında olmuşdur və o, ilkin şəxsiyyət vəsiqəsini Səbail RPİ-dən xx.xx.1994-cü il tarixdə Azərbaycan SSR-nin vətəndaşı pasportu əsasında almışdır.

36. Bakı şəhəri Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında xx.xx.1994-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası vətəndaşı kimi pasport qeydiyyatında olmuşdur.

37. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixdə Səbail RPİ tərəfindən XXV-JQ seriyalı 582863 nömrəli SSRİ nümunəli pasportu ilə sənədləşdirilmişdir.

38. Eyni zamanda Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktuba əsasən AZE-16338945 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1959-cu il təvəllüdlü X13 adına əsassız rəsmiləşdirildiyi üçün xx.xx.2017-ci il tarixdə fəaliyyətsizləşdirilmişdir.

39. Həmçinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X8nın arxivi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli sorğuya cavaba əsasən AZ-İ seriyalı 664188 nömrəli doğum haqqında şəhadətnamənin xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin istifadəsinə verildiyi məlum olmuşdur. Adıçəkilən qeydiyyat şöbəsindən verilən məlumatda həmin ilə dair doğum haqqında məxaric qeydiyyat kitabının aşkar edilmədiyi, habelə doğum haqqında akt qeydlərində həmin şəhadətnamənin istifadə edilməsinə dair məlumatın müəyyən edilmədiyi bildirilmişdir.

41. Göründüyü kimi iddiaçı xx.xx.1959-cu ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 2 ünvanında, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. İddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması öz təsdiqini tapır. Yəni cavabdeh təşkilatın bu kontekstə gətirdiyi arqumenti məhkəmə əsassız sayır. Lakin o da nəzərə alınmalıdır ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Bu isə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.4-cü bəndinə əsasən vətəndaşlığa mənsubiyyət barədə arayışın verilməsini istisna edir.

42. Nəzərə alınmalıdır ki, inzibati icraat çərçivəsində iddia tələblərinə baxılarkən məhkəmələr imtinada göstərilməyən, lakin Qanunun tələbləri baxımından inzibati orqan tərəfindən həyata keçirilə bilməyən halları (qadağaları) nəzərə alaraq yekun qərar qəbul etmək səlahiyyətindədir.

43. Yuxarıda sadalanan maddi hüquq normalarından görünür ki, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Hazırki halda qeyd olunan normaların tələbləri baxımından iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6012/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6012/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar