Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1151/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5616/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 20 may 2015-ci ildən - 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğuna görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. İdarə 20 dekabr 2019-cu il tarixli məktubla “əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajının 12 il 6 ay olmamasını” əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. O, bu imtinanı əsassız hesab edir. O, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “cilalayıcı dəzgah sazlayıcısı” peşəsində zərərli əmək şəraitində 13 il 5 ay 9 gün işləmişdir. Bu peşədə işləməsi ona imkan verir ki, güzəştil şərtlərlə pensiyaya çıxsın. Bundan əlavə, isti əmək şəraitində 2 il 6 ay çilingər peşəsində işləmişdir. "xxxx" tərəfindən ona təqdim olunmuş izahlı arayışda qeyd olunan peşədə işlədiyi müddət göstərilmişdir. Bu peşələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olaraq 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, xx xxx 1958-cə ildə anadan olmuşdur. Onun 57 yaşı 20 may 2015-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun 01.01.2006-cı ilədək əmək stajı isə 29 ildən artıqdır. İdarə heç bir hüquqi əsas olmadan ona pensiya təyin etməmişdir. Halbuki, həmin peşələrdə onunla çiyin-çiyinə işləyənlər 57 yaşda artıq pensiyaya çıxmışdir. O, cavabdehin gətirdiyi əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (yəni 01 yanvar 2006-cı il tarixədək) 9.1-ci maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüssilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı» və 2 nömrəli siyahı əsasında müəyyən edilir. Onun işlədiyi peşə 2 nömrəli siyahıya aid olan peşədir. O, isti və xüsusilə zərərli əmək şəraitində qeyd olunmuş peşələrdə 15 ildən artıq işləmişdir. Qanunvericiliyə görə, 2006-cı ilin 1 yanvar tarixinədək ümumi əmək stajı 25 il olduqda və ondan 12 il 6 ay zərərli əmək şəraitində işləyən kişilərin 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Onun güzəştli şərtlərlə pensiyaya çıxmaş hüququ qanunda edilmiş dəyişiklikdən əvvəl – 2015-ci ildə yarandığı üçün ona pensiya 20.05.2015-ci ildən təyin olunmalı, həmin tarixdən də gecikmiş aylara görə ödənilməli olan məbləğ gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pensiyaya əlavə olunmaqla ödənilməlidir. Onun zavodda işlədiyi “cilalayıcı dəzgah sazlayıcısı” peşəsi 2 nömrəli siyahının XİV bölməsinin Metal emalı 10-cu hissəsinin “a” bəndinə aiddir, şifr 2151000a-15004, çilingər peşəsinin şifrəsi 2151000a-18559 təşkil edir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın metal emalı bölməsinin (14) kürəcik, diyircək və mıx istehsalı bəndində (10) cilalayıcı dəzgah sazlayıcıları və təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" TASC-nin iddiaçıya dair 11 mart 2019-cu il tarixli KŞ/10-07 nömrəli arayışında 25.08.1976-10.05.1977-ci il tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X4 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, 25.07.1979- 04.01.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, 04.01.1993-01.06.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyri-standart avadanlıqları sahəsində çilingər, 01.07.1995-20.06.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının həm işlədiyi sahələr, həm də vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsində isə qeyd olunmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5616/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 20.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 28.11.2016-cı ildən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 01.09.1975-ci ildən 20.07.1976- cı ilədək 91 nömrəli PTM-də təhsil almış, 25.08.1976-cı ildən 10.05.1977-ci ilədək S.M.Kirov adına X4 Ordenli Maşınqayırma zavodunda civi kürələri sahəsinə 3-cü dərəcəli tornaçı peşəsində işləmişdir, 16.05.1977-ci ildən 02.06.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur, 25.07.1979-cu ildən 22.07.1981-ci ilədək S.M.Kirov adına X4 Ordenli Maşınqayırma zavodunda xalq istehlakı sahəsinə zərərli iş şəraiti ilə 5-ci dərəcəli cilalayıcı dəzgah sazlayıcı vəzifəsində, 22.07.1981-ci ildən 04.01.1993-cü ilədək zərərli iş şəraiti ilə 6-cı dərəcəli sazlayıcı vəzifəsində işləmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.1992-ci il tarixli 222 saylı əmrinə əsasən zavodun adı dəyişdirilərək Bakı Maşınqayırma Zavodu adlandırılmışdır, 04.01.1993-cü ildən 01.06.1993-cü ilədək qeyri-standart avadanlıqları sahəsinə 5-ci dərəcəli isti tarif çilingər, 01.06.1993-cü ildən 03.07.1995-ci ilədək 6-cı dərəcəli çilingər işləmiş, 03.07.1995-ci ildən 01.07.1996-cı ilədək Zavodun hüquq məsləhətçisi, 01.07.1996-cı ildən 20.06.2005-ci ilədək Hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, 23.06.2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında X1 ümumi şöbədə hüquqşünas vəzifəsində işləmiş, 03.11.2014-cü ildən struktur dəyişikliklərin ilə əlaqədar Kadr məsələləri şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 22.10.2020-ci il tarixli DA-00424-2020 saylı arxiv arayışından görünür ki, “S.M.Kirov adına X4 ordenli maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr № 1937/k, 28 avqust 1976-cı il) 3-cü dərəcəli tokar (tornaçı) vəzifəsinə təyin edildiyi, (əmr № 807/k, 10 may 1977-ci il) işdən azad olunduğu qeyd olunur. (əmr № 1294/k, 25 avqust 1979-cu il) yenidən həmin zavoda çox işlənən mallar sahəsinə zərərli iş şəraiti ilə 5-ci dərəcəli işəmuzd qaynar tariflə cilalayıcı dəzgahları sazlayan fəhlə vəzifəsinə keçirildiyi, (əmr № 786/k, 28 iyul 1981-ci il) 6-cı dərəcə təhkim edildiyi, (əmr № 88/k, 20 iyun 2005-ci il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda göstərilən arxiv fondunun şəxsi heyət üzrə 1993, 1995-1996-cı illərin əmr kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20.12.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və agır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-cı il tarixınədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xususı sahələri, əmək şəraiti xususı ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı uzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı»nın metal emalı bölməsinin (14) kürəçik, diyircək və mıx istehsalı bəndində (10) cilalayıcı dəzgah sazlayıcıları və təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz "xxxx" ASC-nın "xxxx" TASC-nin sizə dair 11 mart 2019-cu il tarixli KŞ/10-07 nömrəli arayışında 25.08.1976-10.05.1977-ci il tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X4 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, 25.07.1979-04.01.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, 04.01.1993- 01.06.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyri-standart avadanlıqları sahəsində çilingər, 01.07.1995-20.06.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, həm işlədiyiniz sahələr, həm də vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə aid deyil. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində iddiaçının işlədiyi 25.08.1976-10.05.1977-ci il tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X4 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, 25.07.1979-04.01.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, 04.01.1993-01.06.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyri-standart avadanlıqları sahəsində çilingər, 01.07.1995-20.06.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrinin, həm də həmin sahələrin güzəştli iş stajı hesab edilən sahəyə və vəzifəyə aid olmadığını, bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini göstərməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan "xxxx" ASC "xxxx" TASC-nin 11.03.2019-cu il tarixli KŞ/10-07 saylı izahlı arayışından görünür ki, xx.xx.1958- ci il tarixdə anadan olmuş İddiaçı həqiqətən 25.08.1976-cı tarixdə S.M.Kirov adına X4 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsinə 3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir (əmr № 1937/k, 28.07.1976-cı il). 10.05.1977-ci il tarixdə Az.SSR-nin Əmək məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordu sıralarına çağrıldığı üçün azad edilmişdir (əmr № 807/k, 10.05.1977-ci il). 16.05.1977-ci il tarixdən - 02.06.1979-cu il tarixə qədər (h/b №-3634294) hərbi xidmətdə olmuşdur. 25.07.1979-cu tarixdə S.M.Kirov adına X4 Ordenli maşınqayırma zavodunda Xalq istehlakı sahəsinə isti tarif, zərərli iş şəraiti ilə 5-ci dərəcəli cilalayıcı dəzgah sazlayıcısı peşəsinə işə qəbul edilmişdir (əmr № 1294/k, 25.07.1979-cu il). 22.07.1981-ci il tarixdə 6-ci dərəcəli isti tarif, zərərli iş şəraiti ilə sazlayıcı peşəsi verilmişdir (əmr № 786/k, 28.07.1981-ci il). 04.01.1993-cü il tarixdə Qeyri-standart avadanlıqları sahəsinə 5-ci dərəcəli isti tarif, zərərli iş şəraiti ilə çilingər peşəsinə keçirilmişdir (əmr № 61/k, 01.02.1993-cü il). 01.06.1993-cü il tarixdə 6-cı dərəcəli isti tarif, zərərli iş şəraiti ilə çilingər peşəsi verilmişdir (əmr № 282/k, 02.06.1993-cü il). 03.07.1995- ci il tarixdə Zavodun hüquq məsləhətçisi vəzifəsinə keçirilmişdir (əmr № 374/k, 02.10.1995-ci il). 01.07.1996-cı il tarixdə Hüquq şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir (əmr № 309/k, 27.08.1996-cı il). 20.06.2005-ci il tarixdə Az.Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 88/k, 20.06.2005-ci il). İşlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən zərərli əmək şəraitli sahədə cilalayıcı dəzgah sazlayıcısı 2 №-li siyahının XİV bölmənin Metal emalı 10-cu hissəsinin “a” bəndinə aiddir, şifr 2151000a-15004, çilingər peşəsi 2151000a- 18559. Bu peşələrdə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.04.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X4 Ordenli maşınqayırma zavodunun adı dəyişdirilərək "xxxx" adlandırılmışdır. 22.03.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı fərmanına əsasən "xxxx" X6 Cəmiyyəti adlandırılmışdır. 05.01.2010-cu il tarixdən "xxxx" X6 Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X6 Cəmiyyəti adlandırılmışdır. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 25.07.1979-cu ildən 04.01.1993-cü ilədək işlədiyi isti tarif, zərərli iş şəraiti ilə cilalayıcı dəzgah sazlayıcı vəzifəsi, 04.01.1993-cü ildən 03.07.1995-ci ilədək isti tarif, zərərli iş şəraiti ilə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XİV bölmə (Metal emalı) 10-cu bənd (kürəçik, diyircək və mıx istehsalı) «a» yarımbəndində (2151000a-15004 cilalayıcı dəzgah sazlayıcıları; 2151000a-18559 təmirçi çilingərlər) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. "xxxx" ASC "xxxx" TASC tərəfindən verilmiş arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (20.05.2015-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir; 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir; 37.7ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı onun pensiya hüququ 20.05.2015-ci il tarixdə yarandığı üçün pensiyanın həmin tarixdən də hesablanıb ödənilməli olmasını iddia edir, lakin qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.12.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün 28.11.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi həmin hissədə qismən təmin edərək iddiaçıya yaşa görə əmək pensiyasının 28.11.2019-cu il tarixdən əvvəlki üç il üçün - 28.11.2016-cı il tarixdən hesablanıb ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 20.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-5616/2020 saylı qərarı mübahisələndirilən hissədə-iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1151/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1151/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver