Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1151/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdehin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 oktyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" MMC-də 2017-ci ilin mart ayından 2018-ci ilin avqust ayınadək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 17 oktyabr 2018-ci il tarixdə başlamış və 7 may 2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti 10 dəfə müvəqqəti olaraq dayandırılmış, 2 dəfə uzadılmış və əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 12 may 2020-ci il tarixli **********167298 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 19 iyun 2020ci il tarixli **********137462 nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən iddiaçıya 2017-ci ilin mənfəət vergisi üzrə 144.193,51 manat, 2017-ci ilin ƏDV üzrə 187.933,62 manat, 2018-ci ilin ƏDV üzrə 707.040,90 manat, 2017-ci ilin torpaq vergisi üzrə 2.448 manat, 2018-ci ilin torpaq vergisi üzrə 2.448 manat, ümumilikdə 1.044.064,03 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 515.790,07 manat, 57.1-ci maddəsinə uyğun olaraq 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı “Azərekspertiza” Birliyinə müraciət edilmiş və 1 mart 2017-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək dövrün aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə 18 aprel 2019-cu il tarixli **********166210 saylı qərara əsasən mütəxəssis dəvət edilmiş və 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi alınmışdır. 21 noyabr 2018-ci il tarixli **********169422 saylı qərara əsasən MMC-də inventarizasiya həyata keçirilmiş və akt tərtib edilmiş, ümumilikdə 1.659.855,15 manat dəyərində malın əskik gəlməsi aşkar edilmişdir. 29 noyabr 2018-ci il və 14 noyabr 2018-ci il tarixli qərarlara əsasən yoxlamaya ekspert dəvət olunmuş və 10 dekabr 2019-cu il tarixli ekspert rəyi alınmışdır. Aşağıdakı göstərilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş 19 iyun 2020-ci il tarixli qərar tamamilə əsassız və qanunsuz hesab edilir: 1) Səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı dəvət edilmiş mütəxəssisin və ekspertin rəylərinə əsasən cəmiyyətin istehsal həcminin müəssisənin ilkin mühasibat sənədlərində əks edilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmiş, bu səbəbdən də 2017-ci il üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə tərəfindən təqdim edilmiş satış sənədlərində əks etdirilmiş göstəricilər nəzərə alınmaqla mütəxəssis və ekspert rəylərinə əsasən hesablanmışdır. Belə ki, yoxlama nəticəsində cəmiyyətin mənfəət vergisi məqsədləri üçün 2017-ci il üzrə vergiyə cəlb edilən ümumi gəliri yanvar – fevral ayları üzrə 530.579,04 manat, mart – dekabr ayları üzrə 4.317.838,18 manat, ümumilikdə isə 4.848.417,22 manat məbləğində müəyyən edilmiş və xərc sənədləri tam təqdim edilmədiyindən AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na əsasən cəmiyyətə 144.193,51 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən birbaşa sözügedən Qaydaları tətbiq etmişdir. Halbuki, cəmiyyətin aldığı (idxal etdiyi) malların dəyəri, bank hesablarında apardığı əməliyyatlar yoxlamanı həyata keçirmiş vergi orqanına məlum olmuş, lakin vergi orqanı həmin əlaqəli məlumatları görməzdən gələrək hesablama zamanı yalnız ekspert və mütəxəssis rəylərinə istinad etmişdir; 2) Səyyar vergi yoxlaması aktında sənədlərin cəmiyyət tərəfindən təqdim edilmədiyi qeyd edilmişdir. Halbuki, yoxlama dövrünə aid zəruri sənədlər yoxlamanı həyata keçirmiş vergi orqanına təqdim edilmiş, lakin sonuncu cəmiyyətə əsassız və qanunsuz əlavə vergi məbləği hesablamaq məqsədilə başqa metoda əl atmışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinin tətbiq edilməməsi vergi orqanının qanunsuz hərəkətini göstərən digər bir sübutdur. Həmin maddənin tələblərindən göründüyü kimi, sənədlər təqdim edilmədiyi halda, vergi orqanı bununla əlaqədar olaraq məhkəməyə müraciət etməli olduğu halda, cavabdeh inzibati orqan həmin maddənin tələblərinə əməl etməkdən boyun qaçırmışdır. Çünki, yoxlamaya dair zəruri sənədlər MMC tərəfindən yoxlamaya təqdim edilmişdir; 3) Səyyar vergi yoxlaması aktının 24-cü səhifəsindən görünür ki, vergi orqanı cəmiyyətə ƏDV hesablayarkən inventarizasiya zamanı əskik gəlmiş 1.659.855,15 manat məbləğində malların dəyərini də vergiyə cəlb edilən dövriyyə kimi qəbul etmişdir. Cavabdeh vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyatlarının həcmini səyyar vergi yoxlaması aktında qeyd etdiyi kimi, mütəxəssis və ekspert rəylərinə əsasən inventarizasiya zamanı əskik gəlmiş malların dəyərini isə müəssisəsinin öz mühasibatlıq sənədlərinə əsasən müəyyən etmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi ödəyicisinə məxsus mühasibatlıq sənədləri tam olmadığından, onlara istinad etmədən, ƏDV məqsədləri üçün vergiyə cəlb edilən əməliyyatların ümumi həcmini mütəxəssis və ekspert rəylərini əsas götürərək hesabladığı halda, vergi ödəyicisinin öz mühasibatlıq sənədlərinə əsasən müəyyən edilən əskik malların dəyərini də əsassız olaraq vergiyə cəlb edilən əməliyyatların siyahısına daxil etmişdir. Halbuki, əskik gələn malların dəyəri ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilən istehsal həcminin tərkib hissəni təşkil edir ki, bu da nəticədə cəmiyyətə ikiqat verginin hesablanmasına səbəb olmuşdur; 4) İddiaçı tərəfindən istehsal edilən məhsulların bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuşdur («Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarı). 5) Səyyar vergi yoxlmasında hesablama zamanı 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə istinad edilməsi qeyd olunsa da, yoxlama zamanı iddiaçıya eyni zamanda 8 may 2020-ci il tarixli dəqiqləşdirilmiş mütəxəssis rəyi təqdim edilmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı "xxxx" MMC-də həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh vergi orqanı vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlarının – “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” 11 dekabr 2019-cu il və 19 mart 2020-ci il tarixli qərarlarının qəbulundan sonra 5 iş günü ərzində yoxlamanın nəticəsi barədə məlumatın müvafiq reyestrə daxil olunmasını təmin etməmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərə əsasən hesab edilir ki, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini və vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin qanunla qorunan hüquq və maraqlarını pozaraq MMC-də 11 dekabr 2019-cu il tarixdən 7 may 2020-ci il tarixədək ümumilikdə 60 gün müddətinə həyata keçirilmiş əlavə vergi yoxlaması tədbirlərinin və yoxlamanın nəticəsi barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasını təmin etməmişdir. Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq əsassız və qanunsuz əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Göstərilənlərə əsaslanaraq, cavabdehin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərarının “2017-ci il üzrə 132.010,7 manat mənfəət vergisi və ona münasibətdə 66.005,35 manat maliyyə sanksiyası, 2017 – 2018-ci illər üzrə 4.896 manat torpaq vergisi və ona münasibətdə 2.448 manat maliyyə sanksiyası, hesabatların təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası” hissələri istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın qismən,İddiaçı MMC-yə hesablanmış 894 974,52 manat məbləğində ƏDV-nin və həmin vergi məbləği üzrə 447 487,26 manat maliyyə sanksiyasının, (2017-ci il üzrə 187933,62, 2018-ci il üzrə 707040,9 manat) 12 182,81 manat məbləğində mənfəət vergisi və həmin vergi məbləği üzrə 6 091,405 manat maliyyə sanksiyasının tətbiq edilməsinin ləğvi hissəsində iddia tələbinin təmin edilməməsi və qərarın həmin hissədə ləğv edilməsi, həmçinin xx.xx.2020-ci il tarixli 2-1(112)- 1393/2021 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, məhkəmə qərarı maddi və prosessual normaların pozuntusu ilə qəbul edilmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan maddi hüquq normasını seçmiş, bu normaların düzgün tətbiq edilməməsi səbəbindən yalnış nəticəyə gəlmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, vergi orqanının xx.xx.2018-ci il tarixli qərarında iddiaçının fəaliyyətində “növbədənkənar” səyyar vergi yoxlamasının təyin olunması qərara alınsa da, sözügedən qərarda, yoxlamanın nəticələri üzrə aktda, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarda bununla bağlı əsaslandırma aparılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, həm səyyar vergi yoxlamasının keçirilməsi barədə aktda, həm də vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisi tərəfindən vergi qanunveciliyinin pozulması halları ətraflı şəkildə göstərilmişdir ki, bu da növbəti səyyar vergi yoxlamasının keçirilməsinin əsaslı olmasını təsdiq edir. Məhkəmənin qərarında qeyd edilmişdir ki, vergi orqanının iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətdə aparılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair” qərarlarda daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılması zərurəti göstərilmiş, “müddətin uzadılması barədə” qərarlarda yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması əsasları qeyd edilmiş, “yoxlamanın dayandırılması barədə” qərarlarda isə Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə və vergi orqanın təşəbbüsü ilə mütəxəssisin dəvət edilməsi və ya ekspertiza keçirilməsi halı əsas kimi qeyd edilmişdir. Həmçinin bildiririk ki, məhkəmə tərəfindən qeyd edilən qərarların nəticəsi olaraq tərtib edilmiş səyyar vergi yoxlması aktı iş materiallarında mövcud olduğu və bütün proses boyu müzakirə obyekti olduğu təqdirdə məhkəmənin bu şəkildə yanaşması iş üzrə obyektiv həqiqətin müəyyən edilməsində əsaslı şübhələr vardır. Məhkəmə müvafiq qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 18.3-cü maddəsinə əsasən yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilməlidir. Burada diqqət edilməli olan məqam budur ki, həm müvafiq Qanunda, həm də Əsasnamədə qeyd olunur ki, yoxlamanın dayandırılması və va müddətin artırılması barədə məlumat reyestrə daxil edilməlidir, burada qərarın daxil edilməsi əsas şərt kimi göstərilmir. İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlaması zamanı yoxlamanın dayandırılması və yoxlama müddətinin artırılması barədə məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda öz əksini tapmışdır. Məhkəmə nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Səyyar vergi yoxlaması zamanı cəlb edilmiş mütəxəssis rəyinə əsasən istehsal olunmuş məhsulların bir saat ərzində təbii qaz, elektrik enerjisi və istehsal edilmiş məhsulun miqdarını müəyyən etmək məqsədilə MMC-yə məxsus təbii qaz sayğacı və elektrik sayğacının göstəriciləri qeydə alınmış, “Azəriqaz” İB və “Azərişıq" ASC tərəfindən aylar üzrə təqdim edilmiş təbii qaz, elektrik enerjisi sərfiyyatının göstəricilərinə əsasən təhlillər aparılaraq istehsalın həcmi müəyyən edilmiş, həmçinin istehsal gücünün hesablanmasında müxtəlif xarakterli səbəblərdən avadanlıqların boşdayanmaları, zay məhsulun ləğvi və digər səbəblərdən yaranan vaxt itkisi nəzərə alınaraq, giriş, çıxış və orta istehsal gücü fərqləndirildiyindən orta illik istehsal gücü hesablanmışdır. Məhkəmə qərarında VM-nin 67-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, vergi orqanı ardıcıl olaraq vergiləri əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji vergi ödəyicisi barədə məlumatlar əsasında, bu cür hesablama aparmaq mümkün olmadıqda mənfəət vergisinin müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunmuş qaydalar əsasında hesablanması tələb olunur. Bununla bağlı bildirilir ki, əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanının hüququdur. Qeyd edilən maddədə ardıcıllıq müəyyən edilməmişdir. Məhkəmə tərəfindən VM-nin 23.1.3 və 38.6-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********166029 nömrəli tələbnamə verilsə də, yoxlama üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilməmişdir. İnventarizasiya zamanı isə vergi ödəyicisi tərəfindən yoxlayıcılara müəssisənin uçotunda mövcud olan malların adını, sayını və qiymətini əks etdirən, hər səhifədə İddiaçı MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası mövcud olan mühasibat uçotu göstəriciləri təqdim edilmişdir. Məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 14.1,58,61.1,61.4 və 67-ci maddələrini və VM-nin 49.2 və 49.5-ci maddələrini tətbiq etməklə məhkəmə qeyd etmişdir ki, inzibati akt vergi orqanı tərəfindən əsaslandırılmamışdır. Halbuki, səyyar vergi yoxlamasının qərarı üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapmışdır. Məhkəmə həmçinin, ekspert rəyini mütəxəssis rəyindən daha etibarlı hesab etməklə sübutlara obyektiv yanaşmamışdır. Bundan əlavə məhkəmənin qərar qəbul edərkən əsas götürdüyü məhkəmə icraatı zamanı alınmış ekspert rəyində işin halları təhrif edilmişdir. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair tələblərə riayət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. Belə ki, mübahisələndirilən qərar vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaydada oxunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən,İddiaçı MMC-yə hesablanmış 894 974,52 manat məbləğində ƏDV-nin və həmin vergi məbləği üzrə 447 487,26 manat maliyyə sanksiyasının, (2017-ci il üzrə 187933,62, 2018-ci il üzrə 707040,9 manat) 12 182,81 manat məbləğində mənfəət vergisi və həmin vergi məbləği üzrə 6 091,405 manat maliyyə sanksiyasının tətbiq edilməsinin ləğvi hissəsində iddia tələbinin təmin edilməməsi və qərarın həmin hissədə ləğv edilməsi, həmçinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1393/2021 saylı qərardadın ləğv edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin 1 mart 2017-ci il tarixdən 1 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 17 oktyabr 2018-ci il tarixdə başlamış və 12 may 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə 144.193,51 manat vergisi, 187.933,62 manat ƏDV, 2.448 manat torpaq vergisi, 2018ci il üzrə 707.040,90 manat ƏDV, 2.448 manat torpaq vergisi, ümumilikdə 1.044.064,03 manat vergi məbləği hesablanmış, müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin həmin qərarını mübahisələndirir.Cavabdeh həmin qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisdən və ekspertdən alınmış rəylər əsasında iddiaçının istehsal həcmi və istehsal olunan malların bazar qiyməti müəyyən edilərək, bunun məcmusunda müəssisənin yoxlanılan dövr üzrə dövriyyəsi və ona münasibətdə əlavə vergi məbləğləri hesablanmışdır; 2) yoxlama zamanı 2017 – 2018-ci illər üzrə torpaq vergisinin ödənilmədiyi müəyyən edilmişdir; 3) yoxlama çərçivəsində müəssisədə həyat keçirilmiş inventarizasiya zamanı müəssisədə mal qalığı aşkar edilmiş və həmin mallara münasibətdə əlavə vergi məbləği (ƏDV) hesablanmışdır; 4) hesablanmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 515.790,07 manat maliyyə sanksiyası, eləcə də Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müvafiq hesabatların (2 hesabat) vaxtında təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının dəlilləri: 1) vergi orqanı tərəfindən müəssisənin yoxlanılan dövr üzrə müəyyən edilmiş dövriyyəsi reallığı əks etdirmir; 2) cavabdeh orqanı iddiaçıya mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin müddəalarında (67-ci maddəsi) müəyyən edilmiş ardıcığı pozmuşdur; 3) yoxlama zamanı bütün zəruri sənədlər təqdim edilmişdir; 4) invertarizasiya zamanı “qalıq mal” kimi qiymətləndirilən hissə əsassız olaraq vergiyə cəlb olunan əməliyyatların siyahısına daxil edilmiş, halbuki əskik gələn malların dəyəri mütəxəssis və ekspert rəylərinə əsasən dövriyyənin tərkib hissəsini təşkil edir ki, bu da nəticədə vergi ödəyicisi kimi iddiaçıya ikiqat vergi məbləğinin hesablanmasına səbəb olmuşdur; 5) yoxlama zamanı bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuşdur; 6) yoxlama aktında 12 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə istinad olunsa da, yoxlama zamanı iddiaçıya həm də 8 may 2020-ci il tarixli “dəqiqləşdirilmiş mütəxəssis rəyi” təqdim edilmişdir; 7) yoxlamanın müddətinin artırılması, dayandırılması barədə, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair qərarlar yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş müddətdə və qaydada qeydiyata alınmamışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Apellyasiya şikayətinin əsas dəlillərindən biri olan mübahisələndirilən qərarın xx.xx.2020-ci il tarixdə elektron qaydada oxunmasına baxmayaraq iddianın prosessual müddətin ötürülməsi (xx.xx.2020-ci il tarixdə) əsası ilə verilməsinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. VM-nin 49.4-cü maddəsinə əsasən isə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Apellyasiya baxışı zamanı isə cavabdeh inzibati orqan mübahisələndirilən qərarın müvafiq qaydada vergi ödəyicisinə çatdırılmasını sübuta yetirə bilmədi. Qərarın elektron qaydada oxunması ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2159/20 nömrəli, 04 noyabr 2020-ci il tarixli və 2-1(102)-30/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları). Apellyasiya şikayətinin dəlillərinə elektron kabinetə göndərilmiş qərarın elektron imza ilə təsdiq edildiyi və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmasını təsdiq edən sübutlar əlavə edilməmiş, həmçinin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən müvafiq sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. - 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. - 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. - 38.5-ci maddəsinə görə inventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. - 38.6-cı maddəsinə görə səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 38.7-ci madəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. - 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. - 57.1-ci maddəsinə görə bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - 203-cü maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Rezident və qeyrirezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun: - 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. - 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. - 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. - 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. - 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görəsahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası iş üzrə qənaətini apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakı formada əsaslandırır: Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, mübahisələndirilən əlverişsiz inzibati aktın – 19 iyun 2020-ci il tarixli **********137462 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda pozuntulara yol verildiyi müəyyən edilir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş üzrə mübahisələndirilən qərarın qəbuluna əsas olan “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin kifayət qədər əsaslandırılması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə də növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır ki, cavabdeh inzibati orqan bu öhdəliyini icra etməmişdir. Apellyasiya şikayətinin dəlili olan “səyyar vergi yoxlamasının qanunla müəyyən edilmiş müddətlərdə aparılması” ilə bağlı Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin fikri ilə razılaşaraq bildirir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 iş gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 iş günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 17 ay davam etmiş və bu müddət ərzində iki dəfə “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair”, 2 dəfə “müddətin uzadılması barədə” və 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, həmin qərarların zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 19 iyun 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamış, eləcə də əlavə yoxlama tədbirlərinin nədən ibarət olması və sonradan hansısa haların əlavə tədbirlərlə aydınlaşdırıldığı açıqlanmamışdır. Bundan başqa, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin normaları müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarların daxil edilməsini mütləq sayır. İnzibati icraatda tətbiq edilən bu tədbirin mahiyyətinə görə eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətini həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən reyestrə yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması). «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra — qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı işdə olan sənədlərlə isə məlum olur ki, vergi orqanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” barədə iki qərarın həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Göründüyü kimi, vergi orqanının növbədənkənar keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsi, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsi, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin digər bir dəlili olan “vergi orqanının ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququna malik olması, VM-nin 67-ci maddəsində verginin hesablanması üçün hər hansı ardıcıllığın müəyyən edilməməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə VM-nin 67.1-ci maddəsinə əsasən cavabdehin əlaqəli məlumatlardan istifadə etməklə verginin məbləğini hesablamaq hüququ vardır. Həmçinin, VM-nin 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi bardə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. VM-nin 67.14-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-nin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İşin həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya baxışı zamanı aparılmış araşdırmalardan aydın olur ki, cavabdeh iddiaçının mənfəət vergisini müəyyən edərkən VM-nin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadığı halda, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanmasının mümkünsüzlüyünü sübuta yetirməmişdir. Beləliklə, vergi orqanının qeyd edilən mülahizəsi mövcud məhkəmə təcrübəsinə də ziddir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2925/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı). Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması aktından aydın olur ki, yoxlanılan dövr üzrə müəssisənin istehsal həcmi mütəxəssisin rəyi əsasında müəyyən edilmişdir. Lakin istehsal həcminin elektrik və ya qaz sərfiyyatı əsasında hesablanmasına dair məhkəmə təcrübəsində formalaşmış mövqeyə görə bu göstəricilər istehsal həcminin müəyyən edilməsi baxımından yeganə göstərici kimi çıxış edə bilməz. İstehsal həcmini müəyyənləşdirilən bir sıra əlamətlər, o cümlədən xammal-material, qaytarılmış mallar, tullantılar, işçi qüvvəsi və s. mövcuddur. İstənilən istehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə işin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzibolunmazdır. Bundan başqa, yoxlama zamanı mütəxəssis rəyində istehsal prosesində boşdayanmalar, işıqlandırmama, ofiz avadanlıqları və s. üzrə yaranan sərfiyyatlar ümumi ölçüyə münasibətdə faizlə göstərilsə də, bu nisbətin hansı meyarlara əsaslandığı müəyyən edilmir. Bu hal, istehsal prosesində yuxarıda göstərilən sərfiyyatların nəzərə alınanlardan fərqli olmasını istisna etmir. Yoxlama aktında istinad olunan mütəxəssis rəyinə əlavə olunmuş cədvəldə müəyyən edilən dövriyyənin “ehtimal xarakterli” olduğu qeyd olunmuşdur. Lakin məhkəmə icraatında yoxlama zamanı bu ehtimalların dəqiqləşdirilmədiyi, real dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə sübutlar toplanmadığı və əlavə vergi məbləğinin böyük qisminin həmin ehtimal olunan dövriyyə əsasında hesablandığı müəyyən edilir. Halbuki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Həmçinin, yoxlama zamanı istehsal olunmuş malların real bazar qiymətinin müəyyən edilməsi üçün ekspert dəvət edilmiş və 10 dekabr 2020-ci il tarixli ekspet rəyi alınmışdır. Həmin rəydə göstərilən qiymət əsasında isə, müəssisənin müvafiq dövr üzrə dövriyyəsi müəyyənləşdirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materillarına əsasən müəssisənin mal satışının elektron-qaimə fakturalarla həyata keçirdiyi müəyyən olunur. Həmin elektron-qaimə fakturalarda malların satış qiyməti göstərildiyi halda bazar qiymətinin müəyyən edilməsi və bu məqsədlə məhz ekspert rəyinin alınması zərurətinin nədən irəli gəlməsini cavabdeh əsaslandırmamışdır. Həmçinin, apellyasiya baxışında işin obyektiv araşdırması məqsədilə “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssisi X5 məhkəməyə dəvət edilərək dinlənilmişdir. 26 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssisi X5 öz izahatında bildirmişdir ki, yoxlamanın keçirildiyi dövrdə istehsal həcmini müəyyən edərkən xammal, işçi qüvvəsi və s. nəzərə alınmamışdır. Rəydə də qeyd etmişdir ki, dövriyyə ehtimal xarakter daşıyır, fəsillərə görə, havanın temperaturuna görə istifadə olunan enerji dəyişkən ola bilər. Həmçinin, hesablama aparılarkən boşdayanma və zay məhsullara görə çıxılan faizlər təqribi rəqəmlərdir, hər hansı dəqiq bir hesablama aparılmamışdır. Mütəxəssis rəyini iki dəfə vermiş, ikinci verdiyi rəy birinci rəyin dəqiqləşdirilməsi ilə bağlı idi və ikinci verdiyi rəy (xx.xx.2020-ci il tarixli) daha düzgün olmuşdur. Yoxlanılan dövr üzrə istehsal həcmi barədə rəy tərtib edərkən inventarizasiya zamanı əksik gələn mallar nəzərə alınmamışdır. Bu barədə məlumatlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, hətta “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssisi X2 verdiyi izahatdan da aydın olur ki, səyyar vergi yoxlaması zamanı istinad olunan mütəxəsis rəyində dövriyyə ehtimal xarakterli olmuş həmçinin, istinad olunan rəy mütəxəsis tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sonuncu rəy olmamışdır. Belə ki, səyyar vergi yoxlamasında hesablama zamanı xx.xx.2019-cu il tarixli mütəxəsis rəyinə istinad edilməsi qeyd edilsə də, sonuncu rəy xx.xx.2020-ci il tarixli olmuşdur. Bu hallarda bir daha səyyar vergi yoxlaması aktında hesablamaların qanunvericilik normalarına zidd olduğunu sübuta yetirir. Apellyasiya şikayətinin “məhkəmənin məhkəmə tərəfindən keçirilmiş ekspert rəyini mütəxəssis rəyindən daha etibarlı hesab etməklə sübutlara obyektiv yanaşmaması həmçinin, məhkəmənin qərar qəbul edərkən əsas götürdüyü məhkəmə icraatı zamanı alınmış ekspert rəyində işin hallarının təhrif edilməsi ilə bağlı” dəlilinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, səyyar vergi yoxlaması zamanı əldə edilmiş mütəxəsis rəyinin özündə də dövriyyənin ehtimal xarakterli olması, həmçinin hesablamalar zamanı nəzərə alınan faizlərin təqribi olması qeyd edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması aktında istinad edilən mütəxəssis rəyi sonuncu dəqiqləşdirilmiş rəy olmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 iyun 2021-ci il tarixli 9/3314 nömrəli rəyinin tədqiqat hissəsində qeyd edilir: Vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması zamanı alınmış mütəxəssis və ekspert rəyləri, eləcə də digər hallar nəzərə alınaraq ƏDV və mənfəət vergisi hesablanmışdır. 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəssisənin, isehlak etdiyi elektrik enerjisi və təbii qaz sərfiyyatı əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis öz rəyinə əlavə etdiyi cədvəllərində müəyyən etdiyi dövri ehtimal xarakter daşımasını bir başa qeyd etmişdir. Belə ki, həmin cədvəllərin son sütunları “ehtimal olunan” dövriyyə adlanır və sütunlarda aylar üzrə mütəxəssis özü tərəfindən müəyyən edilən istehsal həcminə əsasən istehsal dövriyyəsini hesablamışdır. Yoxlama aktından məlum olur ki, mütəxəssis rəyindəki ehtimal olunan dövriyyənin həqiqiliyi araşdırılmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: Xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş təbii qaz və elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, müəssisə torpaq vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə müəssisəyə hesablanmış 4.896 manat torpaq vergisi hazırkı tədqiqatla əsaslı hesab edilir. Hesablamaya səbəb, müəssisənin istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2,03 ha torpaq sahəsinin olması, lakin torpaq vergisinin bəyannaməsi vermədiyi, vergini hesablamadığı və ödəmədiyi göstərilmişdir. Beləliklə, yoxlamanın əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 144.193,51 manat məbləğində mənfəət vergisinin, 964.666,32 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Hazırki ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən 4.896 manat torpaq vergisinin az hesablanması müəyyən edilir. Müəssisənin 2017-ci il üzrə mənfəətinin manat olduğu müəyyən edildi. Göstərilən mənfəət məbləğinə 20% dərəcəsi ilə (747.155,3 x 20% = 149.431,1) 149.431,1 manat mənfəət vergisi hesablandı. Müəssisənin təqdim etdiyi bəyannaməyə əsasən hesablanmış 17.420,40 manat nəzərə alınmaqla 2017-ci il üzrə büdcəyə ödəməli olduğu məbləğ 132.010,7 manat müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 12 may 2020-ci il tarixli **********6167298 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 144.193,51 manat məbləğində mənfəət vergisinin, 964.666,32 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Hazırkı ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən 4.896 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edilir. Tədqiqata təqdim edilmiş mühasibat sənədləri və vergi bəyannamələri nəzərə alındıqda yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 132.010,7 manat məbləğində mənfəət vergisinin (2017-ci il üzrə) və 4.896 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edilir. Apellyasiya şikayətinin “VM-nin 23.1.3 və 38.6-cı maddəsinin tələblərinin pozulması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yoxlama zamanı cavabdeh tərəfindən inventarizasiya keçirilmiş və vergi ödəyicisi kimi iddiaçının müvafiq dövrdə fəaliyyəti üzrə mal qalığının aşkar olunması barədə akt tərtib edilmişdir. İnventarizasiya aktına əsasən müəssisənin uçot götəriciləri ilə inventarizasiya nəticəsində müəyyən edilmiş göstəriciləri müqayisə edilərək, ümumilikdə 1.659.855,15 manat dəyərində malın əskik gəldiyi aşkar olunmuşdur. Cavabdeh orqan yoxlama aktında bir tərəfdən sənədlərin təqdim olunmamasını bildirmiş, digər tərəfdən isə müəssisənin mühasibat uçotu sənədlərinə əsasən inventarizasiya keçirmişdir. Müəssisənin mühasibat uçotu göstəricilərinin cavabdeh tərəfindən hansı mənbəyə istinadən qəbul edildiyi və bunun əsasında da inventarizasiya aktının rəsmiləşdirilməsi heç bir mötəbər sübutla, o cümlədən cavabdehin təqdim etdiyi sənədlər təsdiqlənmir. Birinci instansiya məhkəməsində araşdırma zamanı dindirilmiş şahid ifadələri ilə də bu hal təsdiqini tapmır. Belə ki, iş materiallarında olan məhkəmə iclas prokolundan görünür ki, şahid qismində iştirak etmiş X6 bildirmişdi ki, vergi orqanı əməkdaşı kimi İddiaçı MMC-də 2018-ci ildə inventarizasiyanın keçirilməsində iştirak etmişdir. İnventarizasiya zamanı mallar sayılmış və təqdim olunmuş sənədlərlə müqayisə edilmişdir. Şahid qismində iştirak etmiş X4 bildirmişdi ki, vergi orqanı əməkdaşı kimi İddiaçı MMC-də 2018-ci ildə inventarizasiyanın keçirilməsində iştirak etmişdir. Mallar sayılmış və əskik gəlmişdir. Müəssisənin sənədlərinin necə əldə edildiyini müddət çox keçdiyindən xatırlamır. Həmçinin, birinci instansiya məhkəməsində iş üzr araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının imzası ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixinə mal qalığı barədə məktub təqdim edilmişdir. Həmin məktubda müəssisənin həmin dövrə xammal qalığı 2721739,13, hazır məhsul qalığı isə 354273,99 manat olduğu göstərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqandan inventarizasiya aktının tərtibi ilə bağlı bütün inzibati icraat materialları tələb edilsə də, cavabdehin nümayəndəsi bütün materialların işə əlavə edildiyini qeyd etmişdir. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (ƏDV, mənfəət vergisi) hesablandığı, müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyi müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarın ƏDV, mənfəət vergilərin hesablanması və həmin vergilərə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1151/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1151/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver