Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1151/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 016-75631A-3221 nömrəli qərarının ləğv edilməsi və ona məxsus **-FV-*** dövlət qeydiyyat nişanının ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasi DİN-nin BDYPİnə xx.xx.2021-ci il tarixində ona aid **-FV-*** dövlət qeydiyyat nişanını başqa bir şəxsə ona məlumat verilmədən necə satılmasi barədə müraciət etmişdir. Belə ki, xx.xx.2012-ci il tarixində **-FV-*** dövlət qeydiyyat nişanını öz avtomobilinin üzərinə qeydiyyata salmışdır. xx.xx.2013-cü ildə avtomobilini satdığı zaman dövlət qeydiyyat nişanını saxlatdırmaq məqsədi ilə DYP əməkdaşına təhvil verərkən ona məxsus olan avtomobilinin qeydiyyat nömrəsini hansısa bir şəxsə satıla biləcəyi və ya qanuni şəkildə saxlanılma rüsumu olub olmadığını soruşmuşdur. DYP-nin əməkdaşı ondan nömrəni təhvil alarkən bildirmişdir ki, “nömrənin sahibi Sizsiniz və bu nömrəni Sizdən başqasına satmaq qanunaziddir”. Lakin bir müddət sonra ona məxsus olan **-FV-*** dövlət qeydiyyat nişanı ona məlumat verilmədən başqa bir şəxsə satılmışdır. Dəfələrlə müraciət etmiş və ona nömrənin qaytarılacağını bildirmişlər. Lakin bir neçə il keçməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdir. DİN-nin BDYPİ-nin rəisi, polis general mayoru cənab Ramiz Zeynalovun adına xx.xx.2021-ci ildə rəsmi müraciət etmişdir. xx.xx.2021-ci il tarixində cənab Vilayət Eyvazova müraciət etmişdir. Ona DİN BDYPİ-i tərəfindən xx.xx.2021-ci il tarixli, № 016- 75631a-3221 nömrəli məktubla cavab verilmişdir. DİN-nin BDYPİ-nin həmin nömrəli məktubda qeyd olunan xüsusatlar onun hüquqlarını ciddi şəkildə pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) iddianın “cavabdehin 016-75631A-3221 nömrəli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi **-FV-*** dövlət qeydiyyat nişanı xx.xx.2013-cü il tarixədək iddiaçıya məxsus nəqliyyat vasitəsinə təhkim olunmuşdur. Sonradan iddiaçı nəqliyyat vasitəsini özgəninkiləşdirərkən həmin dövlət qeydiyyat nişanını digər nəqliyyat vasitəsinə vermək istədiyini bildirməmiş (belə olan halda nəqliyyat vasitəsini alan şəxsin razılığı da tələb olunur), daha sonra həmin dövlət qeydiyyat nişanı başqa şəxsin nəqliyyat vasitəsinə təhkim edilmişdir. Qüvvədə olan qanunvericilik nomalarından da görünür ki, özgəninkiləşdirildikdən sonra təhvil verilmiş dövlət qeydiyyat nişanlarının nəqliyyat vasitəsini satan şəxsin adında saxlanılması və sonradan ona qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilmiş və təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Qeyd olunan dövlət qeydiyyat nişanı iddiaçının mülkiyyyətindədir və Baş X2 İdarəsinin əməkdaşları onun mülkiyyətinə qəsd ediblər. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. İşin hallarından aydın olur ki, iddiaçının tələb etdiyi **-FV-*** dövlət qeydiyyat nişanı xx.xx.2013-cü il tarixədək iddiaçıya məxsus nəqliyyat vasitəsinə təhkim olunmuşdur. Sonradan iddiaçı nəqliyyat vasitəsini özgəninkiləşdirərkən həmin dövlət qeydiyyat nişanını digər nəqliyyat vasitəsinə vermək istədiyini bildirməmişdir (belə olan halda nəqliyyat vasitəsini alan şəxsin razılığı da tələb olunur). Daha sonra, həmin dövlət qeydiyyat nişanı başqa şəxsin nəqliyyat vasitəsinə təhkim edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən, yol hərəkəti sahəsində dövlətin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək vəzifəsi vardır. - 27-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. - 29-cu maddəsinin İİ hissəsinə görə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİİ hissəsinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın tərtib edilməsi və verilməsi qaydası "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir və bu nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində sözü gedən dövlət qeydiyyat nişanının onun mülkiyyyətində olduğunu və Baş X2 İdarəsinin əməkdaşlarının onun mülkiyyətinə qəsd etdiklərini bildirsə də, nəzərə almamışdır ki, dövlət qeydiyyat nişanı sadəcə olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş nişandır və nəqliyyat vasitəsinin sahibinin mülkiyyətinə verilmir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qərarında iddaçının tələbinin əsassız olması ilə bağlı mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə iş üçün əhəmiyyəti olan məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə aydın olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin hərəkətlərini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.2), cavabdehin hərəkətləri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamış, inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1151/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1151/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver