Məhkəmə qərarları › İş №2-1(103)-1152/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1152/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1152/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN xidmət” X1rşı “uşağa Aselhan adının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-5941/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 21.04.2021-ci il tarixdə cavabdeh 2 Saylı Bakı “Asan Xidmət” mərkəzinə qarşı iddiaçının qızına Aselhan adının verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım təklif edilmiş, Bakı İnzibati Məhkəməsinin 21.10.2021-ci il tarixli qərardadı ilə iddiaçının “2 saylı "ASAN Xidmət" Mərkəzində qeydiyyat şöbəsinin cavabdeh kimi göstərilərək, doğum akt qeydində qızının adının “Aselhan” kimi göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-5941/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardad ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinin “şikayət” kimi göstərilməsini formal xəta kimi qiymətləndirir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın predmetinə varmadan Ədliyyə Nazirliyinin informasiya sistemində doğum haqqında akt qeydi aşkar edilmədiyini qeyd etmişdir. Halbuki onun da narazılığı məhz ondandır ki, cavabdeh təşkilat uşağa arzuladıqları adı verməkdən imtina edir. Əgər uşağa istədiyi adı verə bilmirsə, doğum haqqında akt qeydi necə ola bilər? Bu onu deməyə əsas verir ki, məhkəmə iddiaya ötəri nəzər salmış. İstəyin əsl nə olduğunu araşdırmadan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “iddia tələbindən görünür ki, iddiaçı doğum akt qeydində qızının adının “Aselhan” kimi göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İş materiallarında olan 2 Saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 27.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 02.07.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş qızının Ədliyyə Nazirliyinin informasiya sistemində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 02.07.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş qızının Ədliyyə Nazirliyinin informasiya sistemində doğum haqqında akt qeydi aşkar edilmədiyindən, mövcud olmayan doğum akt qeydində iddiaçının qızının adının “Aselhan” kimi göstərilməsinə dair iddia tələbi mümkün sayıla bilməz.” Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ilkin tələbində “qızına Aselhan adının verilməsini” xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan, eyni zamanda iddiaçının izahatından da göründüyü kimi iddiaçının qızının doğum akt qeydi mövcud olmamış və onun məqsədi qızına doğum aktı qeydi verilməklə,adının “Aselhan” yazılmasıdır. Birinci instansiya məhkəməsi iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, iddiaçı nəticə etibarilə iddianı qaldırarkən çatmaq istədiyi yekun məqsəddən kənarlaşaraq, mövcud olmadığı ona məlum olan doğum akt qeydində qızının adının “Aselhan” kimi göstərilməsi barədə dəqiqləşdirilmiş ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilməli və iddiaçının yekun tələbinin nədən ibarət olması araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-5941/2021 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-5941/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN xidmət” X1rşı “doğum akt qeydində qızının adının “Aselhan” kimi göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar