Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1152/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya 14 yanvar 2016-cı il tairxdə ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Sonradan onun təkrar müayinəsi zamanı 19 iyul 2019-cu il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Sonradan onun müraciəti zamanı 12 fevral 2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlillik səbəbi ümumi xəstəliklə bağlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində 14 iyun 2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edildiyi və bu akt qüvvədə olduğu halda inzibati icraat aparılmadan və iddiaçı inzibati icraatda iştiraka cəlb edilmədən əlillik müddətinin və səbəbinin dəyişdirilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlilliyi 14 yanvar 2016-cı il tarixdə qiymətləndirilmiş ikinci dərəcə 5 il müddətinə təyin edilmiş, lakikn təyin edilmiş əlilliyin müddəti bitməmiş 19 iyul 2019-cu il tarixdə və 12 fevral 2020-ci il tarixdə iddiaçıya heç bir məlumat verilmədən iştirakı cəlb edilmədən cavabdeh əlillik dərəcəsinin, müddətinin və səbəbinin dəyişdirilməsi nəticəsinə gəlinmişdir. İddiaçıya izah edilmişdir ki, əlillik müddəti bitdikdən sonra xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, 14 yanvar 2016cı il tarixdə iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlililliyin təyin edilməsi barədə qərarın ləğv edildiyi müəyyən edilməmişdir. Bu qərar qüvvədə olduğu halda 19 iyul 2019- cu il tarixdə və 12 fevral 2020-ci il tarixdə əlilliyin təyini barədə hərəkətlər qanunsuz olmuşdur. Apellyasiya Məhkəməsi iddiaçıya 2016-cı il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul etməmiş, məhz cavabdehin özü tərəfindən 14 yanvar 2016-cı il tarixli qərarın əsaslı olması, 19 iyul 2019-cu il tarixli və 12 fevral 2020-ci il tarixli təyinatın qanunsuz olması nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı onun 2016-cı il tarixdən təyin edilmiş əlilliyin müddətsiz hesab edilməsini xahiş edir. Yəni iddiaçının iddia tələbinin məzmunu 2016-cı il tarixdə təyin edilmiş əlilliyin təyini barədə qərarda dəyişiklik edilərək onun müddətsiz müəyyən edilməsi ilə bağlıdır ki, bu da məzmun baxımından həmin iddianın mübahisələndirmə növündə iddia olması deməkdir. Belə ki, inzibati aktın ləğvi ilə yanaşı inzibati aktda dəyişiklik edilməsi də mübahisələndirmə növündə iddia hesab edilir ki, iddiaçının tələbinin məzmunu da məhz təyin edilmiş əlilliyin təyini barədə qərarda dəyişiklik edilməsi, yəni onun müddətsiz kimi qeyd olunmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları, o cümlədən yuxarı instansiya məhkəməsinin qərarlarından göründüyü kimi iddiaçı barəsində 2016-cı il tarixindən sonra 3 dəfə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. 1-ci qərar 14 yanvar 2016-cı il tarixli olmaqla 5 illik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmaqla ikinci dərəcəli əlillik olmuşdur. 2-ci qərar isə 19 iyul 2019- cu il tarixli olmaqla üçüncü dərəcəli müddətsiz əlillik olmuşdur. 3-cü qərar isə 12 fevral 2020-ci il tarixli ümumi xəstəlik səbəbli əlaqəsi ilə üçüncü dərəcə müddətsiz əlillik olmuşdur. Daha sonra 2-ci və 3-cü qərarların qanunsuz olması tanınmış, məhkəmə hesab etmişdir ki, 14 yanvar 2016-cı il tarixdə iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlililliyin təyin edilməsi barədə qərarın ləğv edildiyi müəyyən edilməmişdir. Bu qərar qüvvədə olduğu halda 19 iyul 2019-cu il tarixdə və 12 fevral 2020-ci il tarixdə əlilliyin təyini barədə hərəkətlər qanunsuz olmuşdur. Apellyasiya Məhkəməsi iddiaçıya 2016-cı il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul etməmiş, məhz cavabdehin özü tərəfindən 14 yanvar 2016-cı il tarixli qərarın əsaslı olması, 19 iyul 2019-cu il tarixli və 12 fevral 2020-ci il tarixli təyinatın qanunsuz olması nəticəsinə gəlinmişdir. Göründüyü kimi hazırda iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi barədə qərarların qanunsuz olması tanınmışdır ki, yeganə qüvvədə olan qərar kimi iddiaçı 14 yanvar 2016cı il tarixli qərar əsasında ikinci dərəcəli 5 il müddətinə əlilliyi müəyyən edilmiş şəxs olmuşdur. Həmin əlilliyin müddəti isə 2021-ci ilin yanvar ayında bitmişdir. İddiaçı isə yeni göndəriş göndərilməklə əlilliyin təyinatının aparılması üçün inzibati icraatın aparılması əvəzinə iddia irəli sürərək 14 yanvar 2016-cı il tarixli əlilliyin 5 il müddətinə yox müddətsiz təyin edilməli olması qənaətindədir. İş materiallarında olan iddiaçıya ünvanlanmış cavabdehin məktubundan da göründüyü kimi əlilliyin növbəti müddətə uzadılması ilə bağlı göndəriş əsasında əlilliyin qiymətləndirilməli olması iddiaçının diqqətinə çatdırılmış, lakin iddiaçı məhkəməyə müraciət edərək məhz əlilliyin müddətsiz təyin edilməli olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olubolmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda nail olmaq istədiyi nəticə məhz ikinci qrup əlilliyin müddətsiz olmasıdır. Bunun üçün də əlilliyin təyini barədə 14 yanvar 2016- cı il tarixli qərarda dəyişiklik edilməsi mütləqdir. İddiaçının iddia tələbinin məzmunu da hüquqi marağına uyğun olaraq məhz həmin qərarda dəyişiklik edilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçıya əlilliklə bağlı təyin edilən 14 iyun 2016- ci il tarixli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilmişdir. İddiaçının tələbi onun əlilliyinin müəyyən edilməsi barədə inzibati aktın dəyişdirilməsinə, yəni əlilliyin beş il müddətinə deyil, ümumiyyətlə müddətsiz təyin edilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.5-ci bəndində qeyd edilir ki, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.4-cü bəndində qeyd edilir ki, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə cavabdehin qərarının iddiaçıya təqdim edilməsi barədə işdə məlumat olmasa da, əlillik müddətlə müəyyən olunduğundan aşkar surətdə onun bundan ən azından 2018-ci il tarixdə məlumatı olmuş, bundan sonra əlilliyin yenidən təyin edilməsi ilə bağlı təkrar müayinələrdə iştirak etmiş, daha sonra məhkəmə qərarı ilə qanunsuzluğu tanınsa da ona 2 dəfə 2019 və 2020-ci il tarixlərdə əlillik təyin edilmişdir ki, əvvəlki iş üzrə birinci instansiya məhkəməsinin qərarından görünür ki, 06 oktyabr 2021-ci il tarixli məhkəmə qərarı ilə iddia rədd edilərkən əlilliyin müəyyən müddət üçün 2016-cı il tarixdə ona təyin edilməsi barədə yenidən məlumatlanmışdır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əlilliyin müddətlə (5 il müddətinə) müəyyən olunması barədə cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət ötürülmüşdür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1152/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1152/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver