Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1152/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “leytenant rütbəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8140/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona leytenant hərbi rütbəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibədə iştiraka görə ona müharibə veteranlığı üçün təyin edilmiş pul vəsaitinin bərpa edilməsi və “Xanım kadetlər” kursunda iştirak etmək üçün N21-ci ilin sentyabr ayının 24- dən N22-ci ilin may ayının 1-dək Pakistan İslam Respublikasının “Kakul” şəhərində ezamiyyətdə olması dövründə ezamiyyət pullarının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 19 mart NN-ci il tarixindən müddətdən artıq həqiqi hərbi xidmətdə N nömrəli hərbi hissənin məxfi hissəsinin çavuş hərbi rütbəsində (1996-cı il təvəllüdlü, ali təhsilli, subay) kargüzaroperatoru hərbi qulluqçu qismində xidmətdədir. Xidmət müddəti xx.xx.N28-ci il tarixədək uzadılmışdır. Hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət göstərmiş və hazırda da hərbi xidmət vəzifələrini layiqincə yerinə yetirir. xx.xx.N21-ci il tarixli, 1/944 nömrəli telefonoqram əsasında xx.xx.N21-ci il tarixdə Müdafiə Nazirliyinin nümayəndələrinin Pakistan İslam Respublikasına ezamiyyətə göndərilməsi haqqında əmrdən çıxarışa əsasən “X14”nda iştirak etmək üçün 6 qız N21-ci ilin noyabr ayının 24-dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının “Kakul” şəhərinə ezamiyyətə göndərilmişlər. Həmin kursun məqsədi altı aylıq kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçu qayıtdıqdan sonra onların hər biri leytenant hərbi rütbə ilə təmin olunmalarından ibarət olmuşdur. Sözügedən kurs bitdikdən sonra üç hərbi qulluqçuya rütbə verilmiş, qalan üç qız hərbi qulluqçuya eləcə də çavuş İddiaçı bu günə kimi leytenant hərbi rütbəsi verilməmişdir. Sözügedən “X14” kifayət qədər çətin və ağır sınaqlarla keçmişdir. Vətənə qayıtdıqdan sonra İddiaçı səhhətində ağırlaşmalar baş vermiş və uzun müddət böyrəklərinin iltihabından müalicə almış, bu günə kimi ona keçdiyi ağır həm də məsuliyyətli şərəfli xidmətinə görə “leytenant rütbə”sinin verilməsi yubadılmış, səhlənkarlıq olmuşdur. Hətta hərbçinin valideyni xx.xx.N24-cü il tarixdə Şərif Ərəblinskinin rəsmi qəbulunda olmuş və övladına qarşı olan haqsızlığın səbəbini bilmək istəmişdir. Lakin rəhbərlik tərəfindən eşitdiyi qeyri-qanuni məlumatlar onu heyrətləndirmişdir. Əlavə olaraq altı aylıq kursda olduğu müddətdə bununla əlaqədar ezamiyyətdə olduğu dövrdə cavabdeh təşkilat tərəfindən ona heç bir ödəniş olunmamışdır. Akademiyanın bütün xərcini anası çəkmişdir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtı-vaxtında və düzgün yerinə yetirmişdir. Bölmənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün üzərinə düşən bütün vəzifələrin öhdəsindən gəlməyə səy göstərmişdir. İddiaçı bacarıqlı nizam-intizamlı olduğuna görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, sertifikatlara layiq görülmüşdür. “X14”nda iştirak etmək üçün 6 hərbiçi qız N21-ci ilin noyabr ayının 24-dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının “Kakul” şəhərinə ezamiyyətdə olmuşlar. Lakin, heç bir ezamiyyə pulu ödənilməmişdir. Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda iştiraka görə Ş. Rəsulovaya müharibə veteranlığı təyin olunmuş və bir il yəni NN-ci il tarixindən N22-ci ilin sentyabr ayınadək 80 manat pul verilmişdir. Lakin N22-ci ilin sentyabr ayından veteranlığa görə 80 manat pul vəsaitinin verilməsi heç bir səbəb göstərilmədən kəsilmişdir. Hazırda müharibə veteranlığı və vəsiqəsi olduğu halda qanunsuzluq baş vermişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona leytenant hərbi rütbəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8140/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “leytenant rütbəsinin verilməsi” barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 19 mart NN-ci il tarixli müvafiq əmrinə əsasən, “əsgər” hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar - operatoru vəzifəsinə təyin edilmiş və hal hazırda o həmin hərbi hissədə çavuş hərbi rütbəsində məxfi hissənin kargüzar -operatoru vəzifəsində xidmət edir.Azərbaycan Respublikası müdafiə nazirinin 474 nömrəli, 23 noyabr N21-ci il tarixli əmrinə əsasən Hərbi Polis İdarəsinin hərbi qulluqçusu çavuş X7, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu əsgər X8 “X14”nda iştirak etmək üçün N21 -ci il noyabrın 24-dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərinə ezamiyyətə göndərilmişdir.Yuxarıda qeyd olunan qanunun və normaların təhlilindən görünür ki, qanunvericilikdə şəxsə “leytenant” rütbəsi verilməsi üçün konkret hallar nəzərdə tutulmuşdur. İddiaçı 24 noyabr N21-ci il tarixdən 22 aprel N22-ci il tarixədək Pakistan İslam Respublikasının Kakul şəhərində “X14”nda iştirak etməsinə əsaslanaraq ona həmin rütbənin verilməsini tələb edir. Lakin, iddiaçının əsaslandığı hal yuxarıda qeyd edilən əsasnamədə təsbit edilmiş halların heç birinə uyğun deyildir.Halbuki, “leytenant” hərbi rütbəsinin verilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinə müvafiq həyata keçirilir. Həmin maddənin “z” bəndinə uyğun olaraq, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara “leytenant” hərbi rütbəsi verilir. Belə ki, çavuş İddiaçı və həmin kursu bitirən digər iki qadın hərbi qulluqçuya ilkin leytenant hərbi rütbəsinin verilməsi barədə komanda üzrə məruzə edilmiş və yuxarı komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, iddiaçı , xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - N nömrəli hərbi hissə komandirinin N aprel NN-ci il tarixli, 100 nömrəli əmrindən çıxarışa əsasən əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 19 mart NN-ci il tarixli 028 əç nömrəli əmrinə əsasən, '‘əsgər" hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar - operatoru vəzifəsinə təyin edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsindən gəlmiş hesab edilmiş, N aprel NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş İdarəsi Kadrlar İdarəsinin 950, N1, 555, 555, 110, 211, 444, N və N №-li hərbi hissələrin komandirlərinə, Hərbi Polis İdarəsinin rəisinə ünvanlanan 1/944 nömrəli, 04 oktyabr N21- ci il tarixli telefonoqramda göstərilmişdir ki, Pakistan İslam Respublikasının Hərbi Akademiyasında (Kakul ş.) 7 noyabr N21 - aprel N22-ci il tarixlərində keçirilməsi planlaşdırılan “X12”nda (LCC-19) Azərbaycan Ordusunun qadın hərbi qulluqçularının iştirakı üçün 2 yer ayrılmışdır. “X14”nda qadın hərbi qulluqçular üçün rabitəçi, hərbi mühəndis, hərbi-mülki əlaqələr, hərbi psixoloq ixtisaslar üzrə kurs keçirilir və yekunda kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə “leytenant” hərbi rütbəsi verilir. Bununla əlaqədar, bakalavr təhsilli, ingilis dili bilən, fiziki hazırlıqlı, tibbi cəhətdən sağlam, 28 yaşına qədər, qadın hərbi qulluqçuları sırasından 1 namizəd haqqında məlumatın xx.xx.N21-ci il tarixədək Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirinin 474 nömrəli, xx.xx.N21-ci il tarixli Əmrindən çıxarışa əsasən Hərbi Polis İdarəsinin hərbi qulluqçusu çavuş X9, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu əsgər X8 “X14”nda iştirak etmək üçün N21-ci il noyabrın 24-dən N22-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərinə ezamiyyətə göndərilməsi əmr edilmişdir. - Cavabdehin xx.xx.N24-cü il tarixli məktubunda göstərilmişdir ki, “leytenant” hərbi rütbəsinin verilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinə müvafiq həyata keçirilir. Həmin maddənin “z” bəndinə uyğun olaraq, zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara “leytenant” hərbi rütbəsi verilir. Hərbi qulluqçulara ilk zabit rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilir. Çavuş İddiaçı və həmin kursu bitirən digər iki qadın hərbi qulluqçuya ilkin leytenant hərbi rütbəsinin verilməsi barədə komanda üzrə məruzə edilmiş və yuxarı komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmişdir. - işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq sənədlərə əsasən müəyyən edilir ki, Pakistan İslam Respublikası X13 Hərbi Məktəbində təşkil edilən “X14”nu müvəffəqiyyətlə bitirmiş - kiçik çavuş X3, kiçik çavuş X4 və əsgər X1 “Leytenant” hərbi rütbəsi verilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Göründüyü kimi qanunvericilikdə şəxsə “leytenant” rütbəsi verilməsi üçün konkret hallar nəzərdə tutulmuşdur. İddiaçı 24 noyabr N21-ci il tarixdən 22 aprel N22-ci il tarixədək Pakistan İslam Respublikasının Kakul şəhərində “X14”nda iştirak etməsinə əsaslanaraq ona həmin rütbənin verilməsini tələb edir. Lakin, iddiaçının əsaslandığı hal yuxarıda qeyd edilən əsasnamədə təsbit edilmiş halların heç birinə uyğun deyildir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa (23 dekabr N11-ci il № 274-İVQ) əsasən: 30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. 31.2. Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı X2”nin tələblərinə müvafiq qaydada verilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən:
41. hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir.
42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir.
58. “Leytenant” hərbi rütbəsi verilir: a) hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara; bu halda ehtiyatda olan “leytenant” hərbi rütbəsi bilavasitə hərbi-tədris müəssisəsini bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir: qadınməzunlara ailə vəziyyətinə görə; dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət nəticəsində səhhətinə görə hərbi xidmətə yararsız sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan sonra yenidən müayinə olunmaqla); b) hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahan verən və ya hərbi rütbədə xidmət müddətindən asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik leytenantlara; v) müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş ali təhsilli hərbi qulluqçulara; q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir; d) müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyatda olan zabit heyətinə attestasiya edildikdə; e) ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara — müddətli həqiqi hərbi xidməti bitirdikdə; ə) ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, eləcə də ali hərbi tədris müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilmiş və bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas üzrə zabitlərə ehtiyacın olmasının uçotu ilə) — gizirlərə və miçmanlara; j) ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra — müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə; z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara; i) mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 19 mart NN-ci il tarixdən “əsgər” hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar- operatoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 23 noyabr N21-ci il tarixli, 474 nömrəli əmrinə əsasən 24 noyabr N21-ci il tarixdən Pakistan İslam Respublikasının Kakul şəhərinə “X14”nda iştirak etmək üçün ezam olunmuş və kursu bitirdikdən sonra 22 aprel N22-ci il tarixdə xidmət yerinə qayıtmışdır. İddiaçı “X14”nü müvəffəqiyyətlə başa vursa da, ona “leytenant” hərbi rütbəsi verilmədiyindən, o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əsaslandığı halın qüvvədə olan qanunvericilik normalarında şəxsə “leytenant” rütbəsi verilməsi üçün konkret halların heç birinə uyğun olmadığını və “leytenant” rütbəsinin verilməsini inzibati orqanın diskresion səlahiyyətinə aid olduğunu əsas gətirərək iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmiş, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməmişdir. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müvafiq sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə eyni vaxtda Pakistan İslam Respublikası X13 Hərbi Məktəbində təşkil edilən “X14”nda iştirak etmiş digər 3 nəfərə - kiçik çavuş X3, kiçik çavuş X4 və əsgər X1 “Leytenant” hərbi rütbəsi verilmişdir. Göründüyü kimi hazırkı halda cavabdeh tərəfindən inzibati icraatın əsas prinsiplərindən olan “bərabərlik” prinsipi pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “ inzibati praktika”ya ziddir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart N13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral N14-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Lakin digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının tələbinin təmin olunmamasına dair cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Belə ki, cavabdeh imtinasında, həmçinin apellyasiya şikayətinə dair yazılı etirazında iddiaçının əsaslandığı halın qüvvədə olan qanunvericilik normalarında ona “leytenant” rütbəsi verilməsi üçün konkret halların heç birinə uyğun olmadığını bildirsə də, iddiaçının əsaslandığı hala - “X14”nda iştirakına uyğun olaraq digər 3 nəfərə “leytenant” rütbəsi verilmişdir. Eyni zamanda iddiaçıya və həmin kursu bitirən digər iki qadın hərbi qulluqçuya ilkin leytenant hərbi rütbəsinin verilməsi barədə komanda üzrə məruzə edildiyini və yuxarı komandanlıq tərəfindən məqsədəuyğun hesab edilmədiyini göstərsə də, “məqsədəuyğun”luğun nədə ifadə olunduğu konkret olaraq göstərilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, yuxarıda qeyd edilən hallara uyğun olaraq , məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin ediməli, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8140/N24 saylı, xx.xx.N24-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.