Məhkəmə qərarları › İş №2-1(103)-1153/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1153/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1153/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Hümbətov və Partnyorları” Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Kommersiya-İstehsalat Firmasının (VÖEN **********, hüquqi ünvan- AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 3, qanuni təmsilçi-X9, dövlət qeydiyyatına alındığı tarix-18.04.1994-cü il) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-8900/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Kommersiya-İstehsalat Firması 28.07.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş hüquqlarının dövlət qeydiyyatından imtina haqqında qərarın (25.06.2021-ci il tarixli, **********77) ləğv edilməsi və Firmaya aid Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyriyaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X4 aid Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Firma tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********77 saylı 25.06.2021-ci il tarixli bildirişlə hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə qərar qəbul edildiyi Firmaya bildirilmişdir. Qeyd edilən imtina aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Qeyd edilən bildirişdə yuxarıda qeyd edilən əsaslardan hansına əsasən qeydiyyatdan imtina edilməsi qeyd edilməmiş, ümumi olaraq maddəyə istinad edilməklə kifayətlənilmiş, təqdim edilən sənədlərə tam və ətraflı baxış keçirilmədiyindən torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq orqanların qərarının, həmçinin tikintiyə icazə verilməsi barədə qərarın təqdim edilmədiyi bildirilmişdir. Belə ki, bildirişdə yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin Firma ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında bağlanılmış 17 may 2016-cı il tarixli, 1162 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən 49 (qırx doqquz) il müddətinə Firmanın icarəsində olması halı nəzərə alınmamışdır. Əgər qeyd edilən torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən icarəyə verilməli deyildisə bu barədə icra hakimiyyəti tərəfindən Firmaya məlumat verilməli idi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur( 13.1). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur( 13.3). İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Habelə həmin qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır (20.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur (20.2). Bundan əlavə Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/119 saylı, 06.04.2016-cı il tarixli məktubu ilə Firmaya aid qeyd edilən qeyri-yaşayış obyektinin memarlıq planlaşdırılma layihəsinin razılaşdırılmasına dair məktubu əsasında Bakı şəhəri Nəsimi Rayon İcra hakimiyyəti başçısının 08.04.2016-cı il tarixli, 69 saylı tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilməsi barədə sərəncamı nəzərə alınmamışdır. Firmaya təqdim edilən bildirişdə “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarına uyğun olaraq istismara icazə aktının təqdim edilməli olduğu qeyd edilmiş, lakin Firma tərəfindən Nazirlər Kabinetinin qeyd edilən qərarına uyğun təqdim edilmiş 19 dekabr 2017-ci il tarixli, 167 nömrəli tikinti obyektinin istismarına icazə aktının mövcudluğu nəzərə alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib edilmiş və 19 dekabr 2017-ci il tarixli 167 nömrəli icazə aktının verilməsi üçün əsas olan Ö/004510 saylı İstismara hazırlıq aktına diqqət yetirilməmişdir. Belə ki, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.9 və 2.10-cu yarımbəndlərinə əsasən istismara hazırlıq aktı verilən zaman dövlət nəzarətini həyata keçirən orqan - yəni istismara hazırlıq aktını verən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tikinti aparılması barədə şəhərsalma və tikinti normalarına uyğun icazə alınmaması, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlarda tikinti faktını aşkar etdikdə tikilmiş tikintinin sökülməsi və ya tikinti quraşdırma işlərinin dərhal dayandırılması barədə qərar qəbul etməlidir. Buradan da göründüyü kimi Fövqəladə Hallar Nazirliyinin qeyd edilən qurumu bu halları aşkar etməmiş və istismara hazırlıq aktını qeyd edilən Qaydalara uyğun müraciət etmiş Firmaya təqdim etmişdir. 30.11.2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən iddiaçının şifahi vəsatətinə əsasən iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-8900/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin icarəyə verilməsi haqqında müvafiq icra hakimiyyətinin qərarı və Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin rəyi və ayrıc aktı, tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir.Bundan əlavə Bakı şəhər İcra Hakimiyyətinin 172 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-8900/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. - Bakı Şəhər İcra Hakimiyyətinin 172 nömrəli 26.02.1997-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Zorge adına bağın ərazisində komyuter oyun aparatları qoyulması üçün pavilyon quraşdırılmasına icazə verilmişdir. - .Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-379 nömrəli 06.06.1997-ci il tarixli məktubundan görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, Zorge adına bağın ərazisində komyuter oyun aparatları qoyulması üçün pavilyonun layihə sənədləri ilə tanış olaraq onu razılaşdırmışdır. - Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən Çıxarışına əsasən İddiaçı X6 ********** VÖEN-lə qeydiyyatdan keçmişdir. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 nömrəli arayışa əsasən İddiaçı X6 1022 ünvan 5 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə 27.07.2008-ci il tarixdə uçota alınmışdır. - Notarial qaydada təsdiq edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 69 nömrəli, 08 aprel 2016-cı il tarixli Sərəncamına əsasən İddiaçı X4 “Zorge” adına parkın ərazisində yerləşən “Millennium” adlı mövcud iaşə xidməti obyektinin sahəsinin genişləndirilməsi və yenidən qurulmasına icazə verilmişdir. - Notarial qaydada təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində İddiaçı X4 məxsus “Millennium” kafesinin yenidənqurma eskiz layihəsi razılaşdırılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı X6 arasında bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 17.05.2016-cı il tarixli 1162 nömrəli Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri “Zorge” parkının ərazisində ayrılmış 214,5 kv.m olan torpaq sahəsini 49 il müddətinə İddiaçı X3 istifadəsinə vermişdir. - . Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 3 ünvanında 1 mərtəbəli “Millennium” ictimai iaşə obyektinin Ö/004510 nömrəli 02 aprel 2021-ci il tarixli İstismara hazırlıq Aktı verilmişdir. - Notarial qaydada təsdiq edilmiş 167 nömrəli 19.12.2017-ci il tarixli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 3 ünvanda yerləşən obyektin istismarına 19.12.2017-ci il tarixdən İddiaçı X4 icazə verilmişdir. - Cavabdeh qurum tərəfindən iddiaçıya verilən 25.06.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin rəyi və ayrıc aktı, tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Həmçinin, qeyriyaşayış binasına dair təqdim edilən tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, Bakı şəhəri İcra Hakimiyyətinin 172 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. .Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3- cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 01.02.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 01.08.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (surəti İddiaçı Kommersiya-İstehsalat Firmasına) ünvanlanan 7-3930/17 nömrəli 20.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26.02.1997- ci il tarixli, 172 nömrəli Sərəncamı ilə "Şirvan” X1 rayonu, Vaqif Prospekti 3 saylı ünvanda ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. Bu Sərəncama əsasən qeyd olunan ünvanda nəzərdə tutulan obyektin tikinti layihəsi Memarlıq Şəhərsalma Baş İdarəsinin 06.06.1997-ci il tarixli, 18/04-379 nömrəli məktubu ilə razılaşdırılmış və orada həmin ictimai iaşə obyekti inşa edilmişdir. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin 08.04.2016-cı il tarixli, 69 nömrəli Sərəncamına əsasən, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06.04.2016-cı il tarixli, 18/03-8/1119 nömrəli məktubu ilə razılaşdırılmış layihəyə əsasən mövcud “Millenium” ictimai iaşə obyekti genişləndirilərək, yenidən qurulmuşdur. Bununla yanaşı sözügedən obyektin yerləşdiyi torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə 17.05.2016-cı il tarixli, 1162 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri olan Bakı şəhər İcra Hakimiyyətinin 172 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməməsi və torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi ilə bağlı isə onu qeyd edir ki, İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Yerli icra hakimiyyəti tərəfindən müvafiq tikinti obyektlərinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Tikilinin xüsusiyyətinə, mövcud texniki normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəyinin və ayrıc aktının təqdim edilməsi inzibati orqan tərəfindən aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, rəyin və ayrıc aktının maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil və belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Göründüyü kimi inzibati icraat zamanı inzibati orqan tərəfindən belə rəyin və ayrıc aktının verilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-8900/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-8900/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar