Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1153/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə və kirayə xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9158/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı ailə üzvləri X5, X7 və X9 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ona və ailə üzvlərinə kompensasiya ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı X5, qızı X7 və oğlu X9) ilə birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay İddiaçı və uçota alınmış ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və yaşayış sahəsilə təmin olunanadək kirayə haqqı ilə təmin olunmasına köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli Q-141-068 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 588 saylı arayışda onun artıq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında olması müəyyən olunmuşdur. Qeyd olunan arayışdan göründüyü kimi, İddiaçı adı dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeyd olunduğundan, onun yaşayış yeri üzrə Binəqədi RİHdə mənzil növbəsinə götürülməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Sizin ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinizə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2021-ci il tarixli Q-41-068 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Siz Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyiniz müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüsünüz və hal-hazırda mənzil növbəsindəsiniz. Bu səbəbdən müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 588 nömrəli məktubundan görünür ki, ehtiyatda olan baş miçman İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan baş miçman İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1378 nömrəli məktubdan görünür ki, 1982-ci il təvəllüdlü istefada olan baş miçman İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir (miçman) hazırlığı kursunda kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2022-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində miçman qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2022-ci il tarixdən SHXÇDX-nın Binəqədi rayon idarəsində qeydiyyatdadır. HDQ Kom-nın xx.xx.2021-ci il tarixli 022gm saylı əmrinə əsasən “HXH” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 4 ünvanında, xx.xx.2017-ci tarixdən hazıradək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Biləcəri-14 hərbi şəhərcik ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X5, X7 və X9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-14 hərbi şəhərcik ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2022-ci il tarixli, 05/50/70 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri arvadı- X5, qızı- X7 və oğlu- X4 ibarətdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 282377 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X5 xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 142131 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 047930 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı və onun ailə üzvlərinin adlarına Azərbaycan Respublikası ərazisi üzrə qeydiyyata alınmış hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X2 ünvan 7 ünvanında yerləşən 2 saylı mənzili xx.xx.2024-cü ilədək kirayəçi İddiaçı müvəqqəti istifadəsinə vermişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir (miçman) hazırlığı kursunda kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2022-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində miçman qismində həqiqi hərbi xidmət keçmiş, Hərbi Dəniz Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli 022gm saylı əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi və ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürüldüyü üçün müraciətinin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. Eyni zamanda iddiaçı xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edilməmişdir, həmçinin iddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı (ailə üzvü ilə birlikdə) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Göründüyü kimi, iddiaçı həm hərbi xidmət müddəti, həm də yaşayış sahəsinə ehtiyacın olması ilə əlaqədar qanunvericiliyin tələb etdiyi şərtləri ödəyir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülməsi və hazırda mənzil növbəsində olmasına istinad etmişdir. İşdə olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 588 nömrəli məktubundan da görünür ki, iddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan baş miçman İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Lakin bu hal iddiaçıya imtina verilməsi üçün əsas deyildir. Belə ki, məktubda adıçəkilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri, 2-ci bəndinə görə bunun üçün dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiyanın yaradılması, 3.1-ci bəndinə əsasən siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakının, hərbi rütbəsinin, tutduğu vəzifənin xüsusiyyətlərinin, ailə üzvlərinin sayının, yaşayış şəraitinin nəzərə alınması qərara alınmışdır. Birincisi, yuxarıda istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Qanununda hərbi qulluqçunun sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil olması eyni vaxtda ehtiyatda olan hərbi qulluqçunun yaşadığı yer üzrə mənzil növbəsinə alınmasına mane olan hal kimi nəzərdə tutulmamışdır. Həmçinin, əksinə Fərmanın özündə yerli icra hakimiyyətində mənzil uçotunda olan hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsini istisna edəcək və ya məhdudlaşdıracaq norma nəzərdə tutulmamışdır. İkincisi, Mənzil Məcəlləsinin 53-cü maddəsində şəxsi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslar müəyyən edilmiş, həmin maddədə şəxsin digər əsasla uçota alınmasının imtina üçün əsas olması qeyd edilməmişdir. Bu, həmçinin Mənzil Məcəlləsinin şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması əsaslarını tənzimləyən 55-ci maddəsində də müşahidə olunur. Belə ki, həmin maddədə şəxsin digər bir əsasla uçota alınmasının onun uçotundan çıxarılması üçün əsas olması göstərilməmişdir. Üçüncüsü, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mənzil sahəsi ilə təmin olunacağı təqdirdə bu hal onun birbaşa yerli icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçotdan çıxarılmasına əsas yaradacaqdır, çünki mənzillə təmin olunduğu halda artıq şəxsin yaşayış sahəsinə ehtiyacı aradan qalxmış olur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1153/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1153/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver