Məhkəmə qərarları › İş №2-1(103)-1154/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1154/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1154/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1988-ci il tarixdə Kürdəmir ray., Ərşəli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “kompensasiyanın və əmək haqqına əlavənin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 02.07.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarına əsasən, dövlət sifarişi ilə ünvan 2rta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə müəllimlərin işə qəbul müsabiqəsindən keçərək Təhsil Nazirliyinin 03.09.2012-ci il tarixli, 46-35-6597/16 nömrəli məktubuna əsasən 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garıs-Əyribənd kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyət müəllimi təyin edilmişdir. Kürdəmir rayon Təhsil Şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunmuşdur. Müraciət etməyinə baxmayaraq həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamış və bu sahə üzrə ödəniş aparılmamışdır. Onunla eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşları “H1” istiqaməti üzrə kompensasiya alırlar. İddiaçı bu barədə Kürdəmir rayon Təhsil Şöbəsinə, 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, Maliyyə Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etsə də müraciətləri nəticə verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 2rta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 01.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təyin olunduğu Garis- Əyribənd kənd tam orta məktəbindən Ərşəli kənd tam orta məktəbinə dəyişdiyindən ona stimullaşdırıcı güzəştlər şamil edilməmişdir. Həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin qərarından görünür ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulmuşdur. Lakin dövlət sifarişi ilə Garis-Əyribənd kənd tam orta məktəbinə təyin olunmasına baxmayaraq o iş yerini Ərşəli kənd tam orta məktəbinə dəyişmiş və bu səbəbdən ona güzəştlər şamil edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - Kürdəmir rayon Təhsil Şöbəsinin Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbinin 35 №-li, 19.06.2020-ci il tarixli arayışına əsasən iddiaçı həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07.05.2020-ci il tarixli ərizəsinə əsasən iddiaçı ünvan 2rta məktəbinin müəllimi və gənc mütəxəssis kimi iddiaçıya verilməli olan həvəsləndirmənin “H1” ilə ödənilməsini xahiş etmişdir. - Cavabdehin 03.09.2012-ci il tarixli, Bakı şəhəri Təhsil İdarəsinə, Gəncə şəhəri Təhsil İdarəsinə, aidiyyəti rayon (şəhər) təhsil şöbələrinə və peşə liseylərinə ünvanlanmış məktubuna əsasən 01.09.2012-ci ildən başlayaraq müvafiq ümumtəhsil məktəbləri tərəfindən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 VƏ H2) işə qəbul olunanlar üçün aidiyyəti tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.06.2020-ci il tarixli, iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc müəllimlərə kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.04.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.09.2012-ci il tarixli,46-25-6597/16 nömrəli məktubuna əsasən 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. 15.09.2012-ci il tarixdən Kürdəmir RTŞ-nin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. Həmin tarixdən ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamışdır. - Kürdəmir rayon Təhsil Şöbəsinin Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbinin 34 №li, 19.06.2020-ci il tarixli arayışına əsasən həmin məktəbin məktubda adları sadalanan 5 müəlliminə H1 istiqaməti üzrə kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilməsi və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-1-ci bəndinə əsasən rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əmək haqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-2-ci bəndinə əsasən 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 2-ci bəndinə əsasən pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli, 8 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci hissəsinə “həmin” sözündən sonra “və ya digər kənd rayonlarının” sözləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2012-ci il tarixdə qeyd edilən qərar üzrə yalnız təyin olunduğu təhsil müəssisəsində 3 il müddətində fəaliyyət göstərdiyi təqdirdə ona qeyd edilən güzəştlər tətbiq edilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi iddiaçı müəllimlərin işə qəbul müsabiqəsindən keçərək Təhsil Nazirliyinin 03.09.2012-ci il tarixli, 46-35-6597/16 nömrəli məktubu ilə 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, daha sonra Kürdəmir rayon Təhsil şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə köçürülmüşdür. Göründüyü kimi iddiaçı təyin olunduğu Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbində 3 il müddətində fəaliyyətini davam etdirməmiş, təyin olunduğu il işlədiyi müəssisəni dəyişmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarına əsasən, dövlət sifarişi ilə ünvan 2rta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar