Məhkəmə qərarları › İş №2-1(103)-1154/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1154/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1154/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrində dəyişiklik edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-199/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, bundan sonar İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1-ci mərtəbəsində yerləşən 304 kv.m. qeyri-yaşayış sahəsini əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 283,85 kvm. qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində onun adına xx.xx.2019- cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255,5 kv.m.-dən 283,85 kv.m.-ə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 07 yanvar 2013-cü il tarixdə bağlanmış 20 nömrəli müqavilə ilə ünvan 1 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1-ci mərtəbəsində yerləşən 304 kv.m. qeyri-yaşayış sahəsini adı qeyd olunan MTK-dan almışdır. Müqavilənin bağlandığı 07 yanvar 2013-cü il tarixdə MTK-dan aldığı qeyriyaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir və MTK tərəfindən ona borcunun olmadığına dair maliyyə arayışı da verilmişdir. Bundan sonra, aldığı qeyri-yaşayış sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət edilmişdir. 21 avqust 2019-cu il tarixdə tərtib olunmuş texniki pasportda ona məxsus olan qeyri-yaşayış sahəsinin ümumilikdə 255,5 kv.m. olduğu göstərilmişdir, yəni texniki pasportda təxmini 50 kv.m. az sahə qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə yenidən müraciət edərək onun "xxxx" MTK-dan aldığı 304 kv.m. sahəni əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin verdiyi imtina məktubunda belə əsas gətirilmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi onun tərəfindən istifadə edildiyindən sahələr arasında fərq yaranır, həmin sahənin (tərəfindən istifadə edilən lift dəhlizinin) texniki pasporta daxil edilməsi mümkün deyildir. Qeyd edir ki, cavabdeh tərəfindən verilən imtina tamamilə əsassızdır. O, yalnız ona satılmış 304 kv.m. qeyri-yaşayış sahəsindən istifadə edir, həmin sahə ona dəqiq ölçülərək ayrılmışdır və həmin sahəyə ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin və ya digər belə tipli sahə daxil deyildir. Cavabdeh məsələni hərtərəfli araşdırmadan, dəqiq ölçmə aparmadan imtina vermişdir. Buna görə də imtina əsaslı deyil, belə imtina yekunda onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxardır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiası əsaslıdır və təmin edilməli, 07 yanvar 2013-cü il tarixdə bağlanmış 20 nömrəli müqavilə ilə aldığı ünvan 1 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1-ci mərtəbəsində yerləşən 304 kv.m. qeyri-yaşayış sahəsini əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-199/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2019-cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255,5 kv.m.-dən 283,85 kv.m.ə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə 255.5 kv.m təşkil etsə də, iddiaçının faktiki istifadəsində 283.2 kv.m mövcuddur. Təqdim edilmiş layihəyə əsasən faktiki iddiaçının istifadəsində olan obyektin 27.7 kv.m hissəsi ümumi istifadədə olan dəhliz sahəsinə düşdüyündən texniki pasportda və çıxarışda ümumi sahəyə əlavə edilməmişdir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-199/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Ləpələr" MTK üzvlərinin ümumi iclasının 07 yanvar 2013-cü il tarixli, 20 nömrəli prokotokolundan çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın ünvan 3 ünvanındakı çoxmərtəbəli yaşayış binasında 1 giriş, 1 mərtəbə, ümumi sahəsi 304 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, "xxxx" Mənzil-Tikinti Kooperativ üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 20 nömrəli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 22 ünvanında "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 304 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin qeyriyaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 304 kv.m-dir. "xxxx" MTK tərəfindən verilmiş 20/A №-li, xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki yaşayış binasının 1-ci blokun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 304 kvm. olan qeyri-yaşayış sahəsini müqavilə əsasında almışdır və dəyərini tam ödəmişdir. Kooperativə borcu yoxdur. Cavabdeh tərəfdən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin 005 №-li, xx.xx.2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”sinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 2 çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 255,5 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair **********73-05301-083005 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, qeyri-yaşayış sahəsi 16 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin boş otağının ümumi sahəsi 232,3 kv.m, dəhlizinin ümumi sahəsi 3,4 kv.m, sanitar qovşağının ümumi sahəsi 6,5 kv.m, anbarının ümumi sahəsi 13,3 kv.m, cəmi qeyri-yaşayış sahəsinin əsas sahəsi 232,3 kv.m, köməkçi sahəsi 23,2 kv.m olmaqla, ümumi sahəsi 255,5 kv.m-dən ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3584 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən binanın iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin faktiki olaraq faydalı sahəsinin 283,85 kv.m (255,5+28,35) təşkil etdiyi müəyyən olunur. Eyni zamanda, həmin qeyri-yaşayış sahəsinin sahəsi oxdan-oxa hesablanarkən (divarların, arakəsmə divarların və sütunların altında qalan sahə nəzərə alınmaqla) sahənin 296,0 kv.m (12,6*15,5)+(6,85*14,7) təşkil etdiyi müəyyən olunur. "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən binanın iddiaçıya ayrılmış 304 kv.m qeyri-yaşayış sahəsinin sxemində konkret ölçülərini və istiqaməti göstərilmədiyindən qərardadın ikinci və üçüncü sualları barədə tədqiqat aparmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********28 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin təqdim edilmiş layihəsində göstərilən ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi tərəfindən istifadə edilməkdədir və bu səbəbdən ümumi sahədə fərq yaranmışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və s. - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli, 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki yaşayış binasının 1-ci blokun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 304 kv.m olan qeyri-yaşayış sahəsini müqavilə əsasında almışdır və dəyərini tam ödəmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 005 №-li, xx.xx.2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”sinin lazımi qaydada təsdiq edilmiş surətinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki yaşayış binasının 1-ci blokun, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə 255.5 kv.m təşkil etsə də, iddiaçının faktiki istifadəsində 283.2 kv.m mövcuddur. Təqdim edilmiş layihəyə əsasən faktiki iddiaçının istifadəsində olan obyektin 27.7 kv.m hissəsi ümumi istifadədə olan dəhliz sahəsinə düşdüyündən texniki pasportda və çıxarışda ümumi sahəyə əlavə edilməmişdir. Halbuki, İddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən faktiki istifadəsində olan 283.2 kv.m qeyri-yaşayış sahəsinin hər hansısa bir hissəsi cavabdehin 04 noyabr 2019-cu il tarixli məktubunda qeyd etdiyi kimi lift dəhlizinin bir hissəsi və ya apellyasiya şikayətində qeyd etdiyi kimi ümumi istifadədə olan dəhliz sahəsinə aid olsaydı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy verilməz və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən 14 mart 2019-cu il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 2 çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilməzdi. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı mülkiyyətində ümumi sahəsi 283,85 kv.m olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş və işin materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinə (ictimai iaşə obyekti kimi (restoran) fəaliyyət göstərir) giriş-çıxış binanın küçə (çöl) hissəsindəndir və cavabdeh inzibati orqanının imtina məktubunda və apellyasiya şikayətində göstərdiyi lift dəhlizinin bu qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasların mövcud olmaması və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(112)-199/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar