Məhkəmə qərarları › İş №2-1(103)-1154/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1154/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1154/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: hərbi xidmətə bərpa edilmə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə iddiaçının “yeni açılmış hallar”-a dair ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-1(112)-13686/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, 30 iyul 2006 il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə İddiaçı Polad oğlu mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13686/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1394/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13686/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1602/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1394/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla əlaqədar məhkəmə icraatının təzələnməsində təmsil etmək üçün onun dövlət hesabına vəkillə təmin olunmağını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13686/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13686/2022 saylı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı dövlət hesabına vəkillə təmin olunmasının Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi qərara alınmışdır.

8. Hazırda iddiaçı vəsatət ilə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə müraciət edərək, ərizənin təmin edilməsi, yeni açılmış hallarla bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13686/2022 saylı iş üzrə məhkəmə icraatının təzələnməsini məhkəmədən xahiş edir.

9. İşdə olan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli e/2-İ-1056-1/2024 saylı məktubunda bildirilmişdir ki, “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız elektron məktubunuza cavab olaraq bildirilir ki, “məxfiləşdirilmiş siyahıya” əsasən, məktubunuzda qeyd olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1995-ci il tarixli 0935 nömrəli əmri məxfi olduğuna görə, həmin əmrdən çıxarışı vətandaşa verə bilmirik.”

10. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-1(112)-13686/2022 saylı qərardadı vəsatətin rədd edilməsi qərara alınmışdır.

11. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

12. Apellyasiya şikayəti vəsatətə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

13. Məhkəmə iclasında iddiaçı Ə. İbrahimov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən:

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

19. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

20. İddiaçı hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 757/2021 saylı qərardadının mümkün sayılmamasına əsas olan hallar aradan qaldırılmış, yəni cavabdeh orqana müvafiq ərizə ilə müraciət olunaraq imtina cavabı almışdır (iş materiallarına əlavə olunan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli e/2-İ-1056-1/2024 saylı məktub). Odur ki, məktub məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübut hesab edilməli, hazırkı iş üzrə icraat təzələnməlidir.

21. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsi 2-1(112)-757/2021 saylı iş üzrə qərardadında iddia qaldırmamışdan əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsi halı olmamasına əsaslansa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1101/2022 saylı qərarında (həmin qərara əsasən qərardad qüvvəyə minmişdir) əlavə olaraq qeyd edilmişdir ki, ...iddiaçının hərbi xidmətinin bərpa edilməsi barədə tələbi hüquqi marağının məzmunu baxımından və mahiyyətinə görə əslində onun hərbi xidmətdən tərxis olunması barədə Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli əmri ilə bağlıdır və həmin əmrin ləğvinə nail omaq məqsədi güdür. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı nəinki qeyd olunan əmrin qəbul edildiyi dövrdə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin əmri mübahisələndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmr Müdafiə naziri tərəfindən 22 iyul 1995-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin əmrdən iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassasiya şikayətində də, qeyd edilən əmrin iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və müddətin buraxılmasının üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd olunan əmrin qəbul edildiyi tarixdən iyirmi beş ildən çox müddət ərzində mübahisələndirilməməsi və nəticədə iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.

22. Hazırda xx.xx.1995-ci il tarixli 0935 nömrəli əmrdən çıxarış məxfi olduğuna görə iddiaçıya rəsmi şəkildə təqdim olunmamasının müəyyən olunmasına baxmayaq, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tarixdən (xx.xx.1995) xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən və hansı səbəbə xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Odur ki, həmin əmrin ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.

23. Həmçinin məhkəmə tərəfindən həmin əmrə digər iş materialları ilə birlikdə qiymət verilmişdir. Məhkəmə araşdırmasının əhatə etdiyi hal isə inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilmir. Bundan başqa, iddiaçı mübahisələndirdiyi əmrdə qeyd olunanları yenidən mübahisələndirir. İddiaçı tərəfindən ərizədə qeyd olunan hallar işə məhkəmə tərəfindən baxılarkən - inzibati məhkəmə icraatı başa çatmamış da məlum olmuş, həmin hallar məhkəmə araşdırmasının predmeti olmuş, tərəflərin iştirakı ilə araşdırılmış və məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən yeni açılmış hallar isə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra aşkar olunmuş və ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmayan yeni sübutlar və ya hallardır. Ərizədə qeyd olunan hallar – cavabdehə müvafiq ərizə ilə müraciət olunması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş, əvvəllər baxılarkən məlum olmayan hər hansı həlledici material, yeni sübutlar və ya halları məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə qərarının icrasının dayandırılması barədə iddiaçı tərəfindən verilmiş vəsatətin rədd edilməsi bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

27. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz.

28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-1(112)-13686/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar