Məhkəmə qərarları › İş №2-1(103)-1155/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1155/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1155/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X1 (bundan sonra – tələbkar) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə (bundan sonra - borclu) qarşı “hərəkətinin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, tələbkarın əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X5 etibarsız edilməsi qanunsuz hesab edilmiş və həmin alt sistemdə ona aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1443/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə borclunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2409/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə tələbkar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2- 1(103)- 1443/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə borclunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı 29 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkəti qanunsuz hesab edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1696/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə borclunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2- 1(103)-1115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli icra məktubu ilə qərar qüvvəsini aldığından icra edilməsi üçün borcluya göndərilmişdir. Borclunun 29 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı icra edilərək vətəndaş İddiaçı müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra edilmədiyindən inzibati orqanın 50 000 manatadək cərimə olunması və qərarın məcburi icrası ilə bağlı icra şöbəsinə icra göndərişi verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkara pensiya xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməli olduğu halda faktiki olaraq xx.xx.2020-ci il tarixdən hesablanıb ödənilmişdir.Yəni 18 ay ona hesablanıb ödənilməli olan pensiya hesablanıb ödənilməmişdir.Onun əlillik dərəcəsi əvvəlcə məhkəmə qərarı əsasında bərpa edilsə də, sonradan yenidən ləğv edilmişdir. Yəni, cavabdeh məhkəmə qərarını icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin cərimə edilməsi barədə tələbkar X2 tərəfindən verilmiş ərizə təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətini işin faktiki halları baxımından ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır.Belə ki, iddiaçı şikayətdə işin yuxarıda sadalanmış faktiki hallarına istinad etmişdir. Məhkəmə iclasında tərəflər iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra - İPM) göstərilmişdir ki, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur (116.1.). Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir (116.2.). Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (120.1.). Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir (120.2.). Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər (120.3.). Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər (120.4.). “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir (25.). İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər (26.). Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır (29.). Qanunun və Plenum Qərarının yuxarıda qeyd edilən müdəalarından görünür ki, inzibati mübahisələrə dair işlər üzrə inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə qərarının icrası proseduru 3 hissədən ibarətdir: 1. Qərarı inzibati orqana göndərməklə icra üçün müddət müəyyən edilməsi. 2. İnzibati orqan barəsində cərimə tətbiq edilməsi. 3. Qərar əsasında icra vərəqəsi verilməklə qərarın məcburi icraya yönəldilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1696/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iunzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Bundan başqa, hazırkı qərarın 20-ci bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEKın qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Göründüyü kimi tələbkara təyin edilmiş əllilik dərəcəsi borclu tərəfindən xx.xx.2018- ci ildə təyin edilmiş əllik dərəcəsi borclu tərəfindən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən etibarsız hesab edilmişdir. İddianın təmin edilməsinə əsas isə borclu tərəfindən inzibati icraatın aparılmaması olmuşdur. Məhkəmə qərarı icraya yönəldildikdən sonra borclu tərəfindən icra edilmiş, tələbkarın əlillik dərəcəsi bərpa edilmişdir. Bundan sonra isə borclu tərəfindən inzibati icraat başlanmış və inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla tələbkarın əlillik dərəcəsi ləğv edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclu məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifəni icra etmişdir. Bu səbəbdən borclunun cərimə edilməsi üçün əsas yoxdur.Tələbkar isə onun əlillik dərəcəsinin ləğvi barədə qərardan narazı qaldığı təqdirdə həmin qərarı məhkəmə qaydasında mübahisələndirə bilər. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı apellyasiya şikayətini işin faktiki halları baxımından ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır.Belə ki, iddiaçı şikayətdə işin yuxarıda sadalanmış faktiki hallarına istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar