Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1156/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5610/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi, dəymiş mənəvi ziyana görə 1.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinasının qanunsuz sayılması, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi ziyana görə 1.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 saylı qərarına əsasən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini müəyyən etmişdir. Həmin qərara əsasən şərtlər və qaydalar müəyyən edilmişdir. Bundan sonra iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüşdür. Bir müddətdən sonra ona SMS vasitəsi ilə cavab verərək bildirilmişdir ki, aztəminatlıq meyarına uyğun gəlmədiyindən, 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin belə mövqeyi qanunaziddir. Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda aşağıdakılar bildirilmişdir: Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikası ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X3 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmış, birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının müddəalarına əsaslanaraq, habelə birdəfəlik ödəmənin verilməsi proqramının başa çatdırılaraq, icrası müddətinin bitdiyi nəzərə alınaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur Məhkəmənin qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin işdə prosessual iştirakına xitam verilmişdir Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5610/2020 saylı qərardadı ilə iddia “iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5610/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinasının qanunsuz sayılması, İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırki məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X1 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradılmışdır. Digər tərəfdən 2020-ci il ərzində 10.000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X1 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa “Mediasiya haqqında” Qanunun 31.1 -ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. Qeyd olunan səbəblərdən qərar ləğv edilməklə iddia qeyri-mümkün hesab edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Etirazda göstərilmişdir ki, aylıq ödəmənin 600 min şəxsi əhatə etməsi heç də onun həmin ödəmədən məhrum edilməsi demək deyil. Onun həmin ödənişi almaq hüququ var. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 10 mindən çox vakant iş yeri var. Vakant yerlərin olmasının, işsizlərin işlə təmin olunmasının bu işə nə aidiyyəti var. Cavabdeh qeyd edir ki, işsiz olsa da, agentlik işlə bağlı ona smslər, zənglər etmişdir. Bu yalan məlumatdır və apellyasiya şikayətinin dəlilləri hazırkı işin mahiyyətindən kənara çıxma kimi qələmə verilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməmiş, dəlil bildirməmişdir. Belə olan halda, iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən imtina etmişdir. Lakin məhkəmə icraatında cavabdeh tərəfindən iddiaçının nikahda olması barədə, habelə ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdeh iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən halın mövcudluğu ilə bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5610/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1156/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1156/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver