Məhkəmə qərarları › İş №2-1(103)-1156/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1156/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1156/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair” inzibati üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9198/2021 saylı 22.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Tibbisosial ekspert komissiyasının 28 iyun 2021-ci il tarixli imtinasını ləğv edərək mənə ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, 1958-ci il təvəllüdlü (63 yaş) iddiaçı 1994-cü ildən şəkərli diabet xəstəsidir. 2000-ci ildən insulinterapiya qəbul edir. Ona 2010-cu ildən 2-ci qrup əlillik dərəcəsi verilmiş, sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə 2021-ci il tarixədək 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Sağlamlığı bərpa olunmamış və xəstəliyi daha da şiddətlənərək ağırlaşmışdır. Növbəti dəfə Bakı şəhəri 24 nömrəli Şəhər Poliklinikası Tibbi Sosial Ekspert Komisiyasina TQS №088 formalı 0112003AAB6N nömrəli elektron qaydada göndəriş verilməklə əlillik müddətinin qurtarması, yenidən əlillik təyin edilməsinə baxılması olmuşdur. Cavabdehin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddə 28 iyun 2021-ci il məlumatda ona “İmtina edilib, səbəb; əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə ixtisaslaşmış müalicə. Təqdim edilən tibbi sənədlərin stasionar müalicə müddəti diaqnoz və ağırlaşmaları təsdiq etməyə yetərli deyil”. İddiaçı hesab edir ki, cavabdehin Tibbi-sosial ekspert komissiyası əsaslandırılmış cavab verməmişdir. Belə ki, o, Rusiya Federasiyasının Dövlət X2 X3 Endokrinologiya Şöbəsinin 01.08.17 ildən 12.08.17 ilədək endikrinologiya şöbəsində stasionar müalicədə olub və ona bu barədə xəstəlik tarixindən 18120 №-li çıxarış verilmişdir. Klinik Diaqnoz: əsas: Şəkərli diabet 2 tip, insulin asılı, daxil olduqda dekompensasiya ağırlaşmalar: Diabetik mikroanqiopaliyalar: “nefropatiya İ d. (mikroalbuminli). XBX S2 (SKF CKD EPİ - 77,54 ml/dəq/1,73 m2) Diabetik distal periferik polineyropatiya, sensomotor forma, nəzərə çarpan dərəcədə. Diabetik mikroanqiopatiya: aşağı ətrafların periferik anqiopatiyası. HbAlC məqsədli səviyyəsi < 7,5 % Yanaşı: Arterial hipertenziya 2 d., risk İV. Dislipidemiya. Onurğanın boyun-döş, bel nahiyələrinin osteoxondrozu fonunda servikotorakalgiya, lyumboişalgiya. Dissirkulyator ensfalopatiya İİ d. Qarışıq mənşəli (atcrosklerotik, hipertonik, dismetabolik) vestibulo-beyikcik sindromu ilə. Kiçik dilçiyin hipertrofiyası. Qastroduodenopatiya. Piylənmə İ dər., abdominal forma.” O, insulindən asılı olan xəstə kimi 3 nömrəli Şəhər Klinik Xəstəxanasında stasionar müalicədə olub və ona verilmiş xəstəlik tarixindən çıxarışa əsəsən mən 15 mart 2021-ci il tarixdən - 26 mart 2021-ci il tarixədək stasionar müalicədə olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilmiş 21 mart 2021-ci il tarixli arayışa əsasən mən 2016-cı ildə şəkərli diabetin yaratdığı xəstəlik səbəbindən göz əməliyyatı olunub. H26.2 Ağırlaşmış katarakta OU başlanğıc katarakta polifcrativ diabetik retinopatiya. Cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğun müəyyən edilməsi barədə 28 iyun 2021-ci il qiymətləndirmə tarixində insulindən asılı olmayan şəkərli diabet kimi yazılmışdır. Halbuki o, insulindən tam asılı xəstədir. Bakı şəhəri 24 nömrəli şəhər Polikilinikasından 2016-2021-ci illər üzrə aylar göstərilməklə şəkərli diabetin ağır formasından əziyyət çəkən şəxs kimi ona şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş preparatları verilmişdir...” Cavabdeh idda əriəzsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9198/2021 saylı 22.11.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və İddiaçı qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” 2.2.7-ci bəninə əsaslanılmışdır. Həmin yarımbəndə görə “endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” ikinci dərəcə əlillyin təyinatı üçün əsasdır. Lakin iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş göndərişdə “hədəf orqanlarında funksiya pozuntularına səbəb olan pataloji dəyişikliklər” deyil yalnız göz ilə bağlı ağırlaşmalar, pataloji dəyyişikliklər göstərilmiş, ekspert həkimlər üçün əlillik təyinatında xüsusi əhəmiyyət daşıyan daha bir məqam “aşağı ətraf damarlarınnın dopler müayinəsi” qeyd olunmuşdur. Bundan əlavə iddiaçı 1994-cü ildən xəstə olmasına baxmayaraq, 2015-2021-ci illər ərzində stasionar müalicə müddətləri göstərilməmişdir. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi veriləsindən imtina edilmişdir. İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, 1994-cü ildən şəkər xəstəliyindən əziyyət çəkdiyini, aldığı müalicələrin də heç bir nəticəsi olmadığını, daha da ağırlaşdığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə cavabdehin 28 iyun 2021-ci il tarixli imtinasının ləğv edilməsini və ona ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə nəzərdə tutulur ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər...” Cavabdehin iddia ərizəsinə etirazının və onun apellyasiya şikayətinin üzt-üstə düşən dəlillərində mübahisələndirilir ki, səhiyyə müəssiisəsinin Forma 088 Göndərişində iddiaçı 1994-cü ildən xəstə olmasına baxmayaraq, 2015-2021-ci illər ərzində stasionar müalicə müddətlərinin göstərilmədiyi səbəbindən iddiaçıya əlillik dərəcəsi veriləsindən imtina verilmiş, bu zaman hər hansı qanun pozuntusuna yol verilmədiyi halda, məhkəmə əsassız olaraq qərarında onun üzərinə iddiaçıya İİ qrup əlillik dərəcəsinin verilməsi ilə bağlı ilə inzibati araşdırmanın aparılması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan halda inzibati araşdırmanın aparılması öhdəliyinin onun üzərinə qoyulması ilə bağlı dəlilləri hissəsində cavabdehin apellyasiya şikayəti ilə razılaşır. Belə ki, cavabdeh 28.06.2021-ci il tarixdə iddiaçıya verdiyi imtinasında, həm də iddia ərizəsinə etirazında həmin imtinanın konkret əsaslarını göstərməklə öz möqeyini açıq və aydın şəkildə bildirdiyi və hazırkı apellyasiya şikayətində də həmin mövqeyini israrla müdafiə etdiyi, onun üzərinə mübahisələndirilən məsələ ilə bağlı inzibati araşdırma aparılması öhdəliyinin yenidən qoyulması, hüquqi-müəyyənlik və prosessual qənaət prinsipi baxımından, ağlabatan müddətdə işin ədalətli həllinə uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Birinci instansyia məhkəməsi tərəfindən işə baxılarkən, həm cavabdehin imtinasında göstərilənlər, həm də onun iddia ərizəsinə etirazının dəlillər üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış, iddiaçının xəstəliyi ilə əlaqədar Cöstərişə (forma 88) dair cavabdehin iradları konkret sadalandığı halda, yenidən inzibati araşdırma aparılmasını ona həvalə etmiş, lakin bu zaman konkret hüquqi mövqeyinin nədən ibarət olduğu əsaslandırılmamışdır. Halbuki, iddianın iş materiallarına əsasən müəyyən edilən mahiyyəti araşdırıldıqda cavabdehin iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtinasının əsassız olduğu öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında(elektron çıxarış) 28.06.2021-ci tarixdə iddiaçının əlilliyinin qiymətləndirilmiş və ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Buna səbəb olaraq göstərilmişdir ki, onun “əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə ixtisaslaşmış müalicə. Təqdim edilən tibbi sənədlərin stasionar müalicə müddəti diaqnoz və ağırlaşmaları təsdiq etməyə yetərli deyil”. Məhkəmə kollegiyası, qeyd olunan əsasla iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina olunmasını işin sübutlarla müəyyən olnan hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Cavabdehin imtinasının qeyd olunan əsaslarından göründüyü kimi, həmin əsaslar imtinanın səbəbi adıçıkilən “Qayda”nın 1.5.1-ci yarımbəndinin təsiri altına düşür. Lakin cavabdeh bu zaman həmin “Qayda”nın sonrakı 1.5.3-cü bəndinin mənasına varmamış, ona göz yummuşdur. Belə ki, sözügedən müddəanın məzmununda tam aydınlığı ilə qeyd olunur ki, əlillik müddətinin bitməsindən sonra şəxsin xəstəliyi (pozuntu və ya çatışmazlıq) davam edirsə, bu hal da şəxsə əlillik təyinatı üçün göndəriş verilməsi üçün əsasdır ki, iş materialları ilə bu öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya ilkin olaraq 2010-cu ildə 2-ci qrup əlillik dərəcəsi verilmiş, bundan sonra, hər dəfə bir il müddətinə olmaqla, onun həmin əlillik dərəcəsi təkrarlanmış, sonuncu dəfə isə 2016-cı ildə ona 5 il müddətinə, növbəti müayinə tarixi:13.02.2021-ji il müəyyən olunmaqla, 2 -ci qrup əlillik dərəcəsi təyin edilmişdir (i.v.52-57) Eyni zamanda işə ləğv əlunmuş Bakı şəhər Baş Səhiyyə İdarəsinin 24 N-li Şəhər Poliklinikasının 03.08.2021-ci il tarixli 397 N-li məktubunda təsbit olunur ki: “iddiaçının “ambulator tibbi kartına əsasən 24.02.2005-ci ildə BŞX-da “şəkərli diabet” diaqnozu ilə Endokrinoloji Kabinetdə dispanser qeydiyyata götürülmüş, 2016- 2021-ci illərdə dərman preparatları ilə təmin olunmuşdur (Məktuba əlavə olunmuş cədvəldə 2016-2021-ci illərdə təyin olunmuş dərman preparatlarının ayrı-ayrılıqda adları və miqdarları haqqında mədlumatlar təsbit olunur (İş vər. 4-10, 51) 2016-cı il tarixində xəstə təkrar əlillik dərəcəsi təyini üçün TSEK-na göndərilmiş və ona 5 il müddətinə İİ qrup əlillik təyin olunmuşdur. Əlillik müddətinin bitməsi ilə əlaqədar poliklinikaya müraciət etmiş, yenə də ona təkrar əlillik dərəcəsinin təyini üçün F-088 göndəriş verilmişdir. Lakin xəstəyə təkrar əlillik dərəcəsindən imtina edilmişdir. İmtinanın səbəbi həmişə olduğu kimi göndərişin natamam doldurulması və əsas xəstəliyinin ağırlaşmamalarının qeyd olunmaması kimi qiymətləndirilmişdir. “Bu isə sənədlərdə öz əksini tapmamışdır. Belə ki, xəstənin əsas diaqnozun və yanaşı xəstəliklərinin ağırlaşmalarının dərəcələri və funksiya pozğunluqlarının qeydiyyatı aparılmışdır ( Məktuba müalicələrin müddəti və nəticələri haqqında epikrizləri (F-027) və göndəriş formasının (F- 088) surəti və hər ildə aylar üzrə aldığı dərman preparatları haqqında məlumatlar qoşma şəklində əlavə olunur.)” 24 saylı Şəhər Poliklinikasının məktubunda qeyd olunanlardan, habelə ona əlavə edilən və iş materiallrında da olan tibb sənədlərinə (2016-2021-ci illər üzrə iddiaçıya təyin olunmuş dərman preparatlarına dair cədvələ, Ulyanovsk X3nın 18120 saylı xəstəlik tarixçəsinə, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 15.03.2014-cü il tarixli arayışına ,24 saylı Şəhər Poliklinakanın epikrizinə və Forma 088 Göndrişinə ) əsasən müəyən olunur ki, xəstəliyi 1994-cü ildən başlanmış olan iddiaçı əvvəlki 5 (2016-2021) illik əlilliyi müddətində səhiyyə müəssisəsində müalicələr almış və sistematik olaraq ona dərmanlar təyin edilmiş, həmin müddət bitdikdən sonra da onun xəstəliyi davam etdiyindən müalicəsini davam etdirmiş, hətta xəstəliyi daha da ağırlaşaraq görmə qabiliyyətini zədələmişdir. Həmin Poliklinakanın işə əlavə olunmuş Forma088 Göndərişinin “TSEK-ə göndəriş zamanı diaqnoz” bölməsindən isə görünür ki, iddiaçıya “XBT 10” kodu üzrə təyin olunan TSEKə göndəriş zamanı qoyulan diaqnozlar aşağıdaklardan ibarətdir. Əsas diaqnoz: -E11.7 İnsulindən asılı olmayan “şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, tip 2”( Əvvəlki əlillik təyinatlarında da həmin diaqnoz qoyulmuşdur) Ağırlaşmalar: -G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.3 işarəsi ilə), aşağı ətrafda ağrılar, keyimə, göynəmə axsamalar; -H36 Digər rubrikalarda təsnif olunan xəstəliklərdə tor qişasının zədələnmələri, görmənin kəskin zəifliyi Vis OD+əl hərəkəti Vis OS+0,4k/etmir; Yanaşı xəstəliklər: -H.206.2 Ağırlaşmış katrakta, OU başlanğıc katarakta proliferativ diabetik retinopatiya; -H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), proliferativ diabetik retinopatiya; -Essensial (birincili) hipertenziya A/T 170/100 hipertenziya İİ mərhələ. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 2019-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilərək 1 yanvar 2020ci ildən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”ına əsasən: “XBT 10”- sağlamlıqla bağlı və xəstəliklərin beynəlxalq təsinifatı, X baxış mənasını ifadə edir. 2.2.2. İİ dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları, 31-60 % diapazonunda olan xəstəliklərdir. 4.3. İnsan orqanizmi funksiyalarının İİ dərəcə itirilməsi (31-60%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında təyin edilir. “Əlilliyin müəyyən olunması meyarları”ına Əlavənin (Cədvəl) 11.2 və 11.2.1 və 11.2.7-ci bəndlərindən is görünür ki, “İnsulindən asılı olmayan şəkəirli diabet - XBT 10 koduna daxil olan xəstəliklər qrupuna aid edilmişdir. AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7-ci bənindən də görünür ki, “endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” ikinci dərəcə əlillyin təyinatı üçün əsasdır. Həmin Əsasnamənin 4.2-ci bəndi isə nəzərədə tutur ki, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, əvvəlki əlilliyi müddətində və bundan sonra da iddiaçının xəstəliyi nəinki aktiv şəkildə davam etmiş, hətta, daha da ağırlaşmalara və yanaşı xəstəliklərə məruz qalmışdır. Lakin bütün bunlar 24 saylı Şəhər Poliklinakasının cavabdehə elektron qaydada təqdim olunmuş F 088 Göndərişində öz əksini tapmasına və ona 2-ci dərəcə (tip) əlillik dərəcəsi verilməsi üçün tam əsasların mövcud olmasına baxmayaraq, cavabdehin Komissiyası tərəfindən 28.06.2021-ci il tarixində formal əsaslarla, göndərişin natamam doldurulması və müalicəyə ehtiyacı olması səbəbi ilə ona əsassız şəkildə əlillik dərəcəsi verilməsindən iddiaçıya imtina olunmuşdur. Həmin Göndərişi dolduran 24 saylı Poliklinakanın qeyd olunan məktubunda da məhz, cavabdehin həmin imtinası narazılıqla qarşılanaraq vurğulanır ki, “...imtinanın səbəbi həmişə olduğu kimi göndərişin natamam doldurulması və əsas xəstəliyinin ağırlaşmamalarının qeyd olunmaması kimi qiymətləndirilmiş, bu isə sənədlərdə öz əksini tapmır. Belə ki, xəstənin əsas diaqnozun və yanaşı xəstəliklərinin ağırlaşmalarının dərəcələri və funksiya pozğunluqlarının qeydiyyatı aparılmışdır...” Ən azından, cavabdeh nəzərə almalı idi ki, ”İnzibati icraat haqqında” Qanunun 24.2ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər hüquq normalarına uyğun olmalıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən F-088 Göndərişi, hər dəfə, o cümlədən, 28.06.2021-ci il tarixdə natamam doldurulmaması və müalicənin yetərli olmaması əsası ilə iddiaçıya 2-ci qrup əlillik dərəcəsinin verilməsindən imtina olunması maddi və inzibati icraat haqqında hüquq normalarına zidd olmuşdur. Beləliklə də iddiaçıya İİ əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlər mövcud olduğu olduğu halda, cavabdeh tərəfindən ona imtina verilməsinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə onun üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən onun üzərinə İİ dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırma aparılması öhdəliyinin qoyulması barədə gəldiyi nəticənin əsasız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Lakin hər bir halda, məhkəmə kollegiyası, cavabdehin iddiaçıya İİ qrup əlillik dərəcəsi verilməsindən imtinasının qanunsuz olduğunu hesab edərək, yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9198/2021 saylı 22.11.2021-ci il tarixli qərarı ləğv edilməli və cavabdehin “Tibbi-sosial ekspert komissiyası”nın 28 iyun 2021-ci il tarixli imtinası qanunsuz hesab edilməklə, iddiaçıya İİ qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin ona həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9198/2021 saylı 22.11.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdehin “Tibbi-sosial ekspert komissiyası”nın 28 iyun 2021-ci il tarixli imtinası qanunsuz hesab edilsin. İddiaçı İddiaçı İİ qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar