Məhkəmə qərarları › İş №2-1(103)-1156/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1156/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1156/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5212/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın məzmunu onunla bağlıdır ki, sərəncam əsasında ona Babək pr 2210 məhəllədə 250 kv.m torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində ev inşa edilmişdir. Göstərilən sahəyə Turşsu küç ev 23/25 ünvanı verilmişdir. Cavabdeh 2017-ci il tarixdə Turşsu küç, 1022-ci məh, 20/25 ünvanda yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş tikilini, əşyaları ilə birlikdə məhv etmişdir. Cavabdeh bu əmlaka onun minimum dəyəri əlavələr nəzərə alınmazsa belə ******* olmasına baxmayaraq, cəmi 279530 AZN ödəmişdir. Bundan əlavə, ünvan 1 ünvanda yerləşən məhkəmə qərarı əsasında çıxarışı olan daşınmaz əmlakları da əlindən almış, 01 fevral 2021-ci il tarixdə məhkəmə qərarı olmadan qanunsuz söküntü işləri aparmışdır. İddiaçı qeyd edir ki, ödənilmiş 278530 AZN 20/25 nömrəli evin puludur. 23/25 ünvanda yerləşən daşınmaz əmlaklara aidiyyəti mövcud deyildir. İddiaçı qeyd edir ki, 23/25 ünvanda aparılmış söküntü işləri ilə əlaqədar ona zərər vurulmuşdur. Ümumilikdə qiymətləndirdiyi maddi və mənəvi zərər 33500000 AZN təşkil edir. Sonradan iddiaçı iddia tələbinə 11 oktyabr 2024-cü il tarixdə dəqiqləşmə təqdim etmişdir. Dəqiqləşmədən görünür ki, iddiaçı ümumilikdə 34 milyon manat vəsaitinin, 618 kv.m tikiliyə görə 10 milyon manat, 2007-ci ildən psixoloji gərginlik atlında saxlayıb, ailə üzvlərinin və onun əmlakını məhv edib, küçəyə atması, yaşayış yerindən məhrum etməsinə görə 900 000 AZN, qeyri-instani rəftara görə həyat yoldaşının ağır xəstəliyə düçar olması və vəfat etməsinə görə 10 milyon manat, özündə psixoloji travma, sol gözünün görmə qabiliyyətinin itirilməsinə görə 5 milyon manat məbləğin iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Eyni zamanda, dəqiqləşmə bir hissədə vəsatət formasında olmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı Ağ Şəhər layihəsi çərçivəsində qəbul edilmiş sərəncam əsasında yaşayış və qeyri-yaşayış sahələrinin ərazidən köçürülməsi zərurəti yaranmış, kompensasiyanın ödənilməklə köçürülmənin aparılması üçün komissiya yaradılmışdır. Buna dair qiymətləndirmə rəyi alınmış və əmlaklar qiymətləndirilmişdir. İddiaçı Komissiyaya dəvət edilmiş, fərdi yaşayış evi 278530 manat pul vəsaitini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5212/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülkiyyət sahibinin hüquqlarını nəzərə almamış, cavabdehin uzun illər boyu vətəndaşların hüquqlarının pozmaqla fiziki şəxslərə mənəvi sarsıntı vurmaqla onların sağlamlığının pozulmasını və həyatına son qoymasını görməməzlik etmiş, vətəndaşları yaşayış yerindən-mənzildən mərhum edilməsinə məsuliyyətsizcəsinə yanaşmış, iddiaçıya maxsus 2 ədəd mülkün məhv edilməsinin məqsədini və bu hərəkətə ravaç verən qanuni əsasın olmasını və bütünlükdə bu prosedurunun qanuniliyini araşdırmamış, mülkə verilən planlayihənin, texniki pasportunun və çıxarışının mahiyyətini araşdırmadan, absurd qərarı çıxarmış, AR ƏMDK-nin Kollegiyasının 2013-cü il 07 mart tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilməmiiş "texniki təlimat"-ın, "bazar qiymətləri", "qabaqcaddan dəyərin ədalətli ödənilməsi"ni dərk etməmiş, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" ARnin Qanununu təhrif etmiş, Mülki Məcəllənin, o cümlədən onun dördüncü bölməsinin hüquqi mahiyyətini anlamamış, məhkəməyə təqdim edilmiş danılmaz sübut və dəlilləri qiymətləndirmək iqtidarında olmamış, cavabdehi məhkəmə prosesinə cəlb etmək iqtidarında olmamış, başqasının evinə (yuvasına) dəyər verə bilməmiş, vəzifəli şəxsin özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz şəxsi maraqları naminə qanunazidd hərəkətlər, daha doğrusu cinayət törətməsinə "soyuqanlı" yanaşmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. -227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1100-cu maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 11150-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun -1.1.1-ci maddəsinə əsasən alınma dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. -4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. -7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -70.6-cı maddəsinə əsasən alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Ali Məhkəmənin İnzibati kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Bakı ş, Xətai r, Turşsu küç, 23 V ünvanda yerləşən yaşayış sahəsinin tam bərpa edilməsi barədə müraciət etmiş, eləcə də müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmiş, torpaq sahəsində qazı tikinti və başqa hər hansı işlərin aparılmasının qadağan edilməsini xahiş etmişdir. Ərizənin rədd edilməsinə dair qərardaddan verilmiş kassasiya şikayətinin dəlillərində iddiaçı 278530 manat ödənişin edilməsi üzrə razılaşma aktının onun tərəfindən imzalanmamasına, torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına, qazıntı və tikinti işlərinin aparılacağı təqdirdə evin bərpa edilməsinin mümkün olmayacağına istinad etmişdir. Məhkəmənin qərarında qeyd edilmişdir ki, ev 23V ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 618 kv.m ev və 250 kv.m torpaq sahəsinin bazar dəyəri 277,530 manat iddiaçıya təklif edilmiş, kompensasiya məbləği ilə razılaşılmış, iddiaçı həmin məbləği bank vasitəsi ilə qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, 23 V saylı evin bərpasına dair iddia üzrə məhkəmə hesab etmişdir ki, həmin daşınmaz əmlaka dair 278530 AZN məbləğ müəyyən edilmiş, iddiaçıya təklif edilmiş, iddiaçı məbləğlə razılaşaraq bank vasitəsi ilə həmin məbləği qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə evin bərpa edilməsinə dair iddianın rədd edilməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qərarda qeyd edilmişdir ki, evin bərpası mümkün deyildir, söküntüyə görə kompensasiya məbləği ilə razılaşılmadığı halda buna dair məhkəməyə müraciət hüququna iddiaçı malikdir. Ali Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ev 23 V ünvanda yerləşən əmlakın bazar dəyərinin 278530 AZN yox, faktiki olaraq daha yuxarı olmasına istinad etmiş, razılaşma aktının onun iştirakı olmadan bağlanılmasına istinad etmişdir. Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsində kompensasiyanın ödənilməsi formasında dəqiqləşmə aparılması təklif edilmiş, lakin təklif iddiaçı tərəfindən qəbul edilməmiş, evin bərpası xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, ödənilmiş kompensasiyanı hüquqi cəhətdən əsaslandıran sənədlərin verilməsi barədə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmişdir. 29 yanvar 2021-ci il tarixli razılaşma aktında qeyd edilmişdir ki, ev 23 V ünvanda yerləşən fərdi yaşayış sahəsi və torpaq sahəsinə görə məbləğ 278530 manat məbləğindədir. Razılaşma aktında iddiaçının imzası müəyyən edilməmişdir. "xxxx" MMC-nin iddiaçıya ünvanladığı 29 noyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Turşsu küç 23/25 ünvanda yerləşən əmlakın dəyəri 278530 AZN təşkil edir və həmin məbləğ ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli məktubundan, eləcə də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Turşu küç 23 V, saylı 312.9 kv.m ölçüdə ev və 0,025 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Kassa məxaric orderindən görünür ki, iddiaçı 278530 AZN məbləğində pul vəsaitini almışdır. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərardadından görünür ki, mülkiyyət hüququna dair qeyd üzrə fərdi yaşayış evinin ölçüsünün 312,9 kv.m əvəzinə 618 kv.m kimi yazılması barədə müraciət edilmiş, iddia qeyri mümkün sayılmışdır. Məhkəmə qərarında iş materiallarında olan sənədlərə, eləcə də Ali Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli qərarına da istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi köçürülmə ərazisinə düşmüş, əmlak qiymətləndirilmiş, dəyəri müəyyən edilməklə bank hesabına köçürülmüş, ev də sökülmüşdür. İddiaçı hazırkı iddia ilə yox, əmlak və torpaq sahəsinə əlavə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət edə bilər. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi, hazırkı inzibati mübahisə iddiaçının mülkiyyətində olmuş ünvan 3 ünvanda yerləşən çıxarışda 312.9 kv.m kimi, iddiaçı tərəfindən isə 618 kv.m kimi göstərilən fərdi yaşayış evinin, eləcə də onun yerləşdiyi 0,025 ha torpaq sahəsinin Ağ Şəhər layihəsi çərçivəsində dövlət ehtiyacı baxımından iddiaçının faktiki istifadəsindən alınması ilə əlaqədar kompensasiya ödənişinin həyata keçirilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həmin əmlakla bağlı maddi və mənəvi zərər vurulmuş, buna dair ödəniş həyata keçirilməmişdir. Cavabdeh isə həmin əmlakla bağlı razılaşma aktına istinadən 278530 manat məbləğdə pulun ödənilməsinə istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir. İddiaçı tərəfindən razılaşma aktı şəxsən imzalanmasa belə, həmin razılaşma aktında göstərilən və Turşsu küç, ev 23 V ünvanda yerləşən əmlakla dair 278530 manat məbləğ iddiaçı tərəfindən bank vasitəsi ilə qəbul edilmişdir ki, məhkəmə kollelgiyası hesab edir ki, həmin məbləğdən əlavə hər hansı ödənişin edilməsi zərurəti mövcud olmamış, cavabdeh həmin məbləğin iddiaçı tərəfindən qəbuluna istinadən iddianın təmini istisna edən konkret şərtin mövcudluğunu sübut edə bilmişdir. Apellyasiya baxışı zamanı işin obyektiv araşdırması məqsədilə, ünvan 4 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və onun üzəində yerləşən evə dair, həmçinin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2210 məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinə dair aparılan bütün inzibati icraat materiallarının və İddiaçı hər hansı kompensasiyanın verilibverilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı bütün inzibati icraat materialları Xətai Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 26 may 2025-ci il tarixli 5-11/2-1145/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH-ti Başısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov , Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" qiymətləndirmə MMC-nə müraciət edilmişdir. ƏQD qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşsu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün AR “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun (20 aprel 2010) müvafiq bəndlərini ( maddə 32,maddə 56, maddə 58, maddə 59, maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə AR Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə köçürülməsi təmin olunmuşdur. Vət. İddiaçı yuxarıda qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278530 manat dəyərində qiymətləndirilərək pul vəsaiti X4 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, iddiaçı apellyasiya araşdırması zamanı tələbində qeyd etdiyi maddi və mənəvi zərərin məhz Turşsu küç, ev 23 V ünvanındakı əmlakla bağlı olduğunu qeyd edərək, 278530 manat ödənişin ev 23 V ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə aid olmaması 20\25 ünvanda yerləşən digər əmlaka aid olmasına istinad etsə də, kollegiya həmin dəlili əsaslı hesab etməyərək qeyd edir ki, müxtəlif məhkəmə instansiyalarında kompensasiyanın ödənişi ilə bağlı olmasa da, məhz ev 23 V ünvanda yerləşən əmlakla bağlı cavabdeh arasında yaranmış mübahisələr üzrə məhkəmə qərar və qərardadlarında həmin məbləğin məhz 23 V ünvanda yerləşən əmlakla bağlılığı öz təsdiqini tapmış, iddiaçı isə həmin qərarlar və işin digər faktiki hallarını əsas qəbul etməyərək, kompensasiyanın digər əmlakla bağlı olması kimi hər hansı sübutla təsdiq edilməyən hala istinad etmişdir. Halbuki, iddiaçı imzalamasa belə kompensasiyanın məbləği müəyyən edilmiş razılaşma aktında digər sənədlərdə, məhkəmə qərarlarında kompensasiyanın təyinatının məhz ev 23 V ünvanda yerləşən vahid daşınmaz əmlakla bağlılığı aydın olmuş, illərlə davam edən inzibati və inzibati məhkəmə icraatında həmin hal mübahisələndirilməmiş, hazırkı iş üzrə isə kompensasiyanın həmin əmlakla bağlı olmaması, ev 23 V ünvanda yerləşən əmlakla əlaqədar ayrıca kompensasiyanın ödənilməsi dəlilinə istinad edilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etməyərək qeyd edir ki, əmlakın dəyəri məhz ev 23 V ünvanda yerləşən tikili və torpaq sahəsi ilə bağlı iddiaçıya ödənilmiş, iddiaçı tərəfindən həmin məbləğ razılaşma aktında imza olmasa belə, faktiki olaraq qəbul etmişdir ki, iddiaçının həmin məbləği qəbul etməsi zamanı şəxsi düşüncəsinin həmin məbləğin məhz digər 20/25 ünvanda yerləşən tikili ilə əlaqəliliyi hazırkı iddianın təmini əsası qismində çıxış etməmişdir. Bundan əlavə, iddiaçı, ümumiyyətlə tikilinin 618 kv.m olmasına istinad etsə də, həmin halı da təsdiq edən sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi ilə əlaqədar dəlilinə cavab olarq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusu ilə əlaqədardır ki, həmin hüquq pozuntusunun mövcudluğu da sübut edilməmişdir. Odur ki, iddia göstərilən hissədə də əsassızdır. Cavabdeh inzibati orqanın hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanunsuz olmadığından, qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyi yaranmamışdır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5212/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar